Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Universitetlərdə geyimlə bağlı qadağalar qoyula bilər? - "Podium deyil ki, dəb nümayiş oluna"

Universitetlərdə geyimlə bağlı qadağalar qoyula bilər? - "Podium deyil ki, dəb nümayiş oluna"
Sakura

Universitetlərdə geyimlə bağlı qadağalar qoyula bilər? - "Podium deyil ki, dəb nümayiş oluna"

Şəhərin "Elmlər Akademiyası" stansiyası civarında dayanıb universitetlərə gedən tələbələri izləyərkən belə təsəvvür yaranır ki, bəzi tələbələr dərsə yox, podiuma çıxmağa gedirlər. Azərbaycanda bununla bağlı hər hansı qadağa və yaxud məhdudiyyətlərə ehtiyac varmı? Tələbənin dərsə aşırı açıq-saçıq geyimdə getməsi normal haldırmı?

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Saytımıza danışan tanınmış təhsil eksperti Kamran Əsədov söyləyib ki, müəyyən qadağalar olmalıdır və bu mövzuda düzgün variantdı tapmaq üçün araşdırma aparılmalıdır:

“Qadağalar olmalıdır, amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni, qadağalar təhsilin inkişafı üçün, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır. Nəzəriyyə ilə yox. Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür. Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır”.

 

Ekspert eyni zamanda universitetlərin heç bir rəsmi qanun olmadan tələbələrin saç-saqqal formasına qarışmalarının da qanunsuz olduğunu əlavə etdi:

“Qeyd edim ki, universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir. Yəni, universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Ola bilsin ki, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır”.

Məsələ ilə bağlı düşüncələrini bizimlə bölüşən journalist-sosioloq, “Sağlam cəmiyyət” İB-nin sədri Lalə Mehralı həm orta, həm də ali təhsil müəssisələrində qadağalara ehtiyac olduğunu dilə gətirdi:

“Əvvəlcə bunu orta məktəblərdən başlamaq lazımdır. Məktəbli forması demək olar ki, öz hökmünü itirmiş vəziyyətdədir. Qızlar xüsusən qış aylarında istədikləri formada gələ bilirlər və bunu üst geyimləri ilə ört-basdır edirlər. Qaldı ki, universitetlərə, məncə ifrat dərəcədə açıq-saçıq geyinmiş tələbələrə xəbərdarlıq edilməlidir. Ora təhsil ocağıdır, podium deyil ki, dəb nümayişi ola, nə də boy göstərişi üçün yer deyil. İfrat dərəcədə qadağalar lazım deyil, çünki ora yetkinlik yaşına çatmış insanların təhsil aldığı yerdir, yəni azdan çoxdan nə geyindiyini bilirlər yaxud da bilməlidilər. Amma qısa şortda, həddən artıq mini ətəkdə dərsə gəlmək mental dəyərlər baxımından bizə normal görünməyə bilər. Düzdür dünyada bu kimi problemlər olmur, amma bizim kimi şərq ölkələrində buna diqqət yetirilir. Yaxşı olar ki, nisbətən açıq geyinən tələbələrə xoş dillə kiçik xəbərdarlıq edilsin ki, belə olmaz. Qısa geyimlə dərsə gəlmək başqa tələbələrin də diqqətini yayındırmaq deməkdir, xüsusilə qarşı cinsin. Bunu bütün qarşı cinsə aid etmirəm, amma xanımlarımız belə şeyə diqqət etsələr yaxşıdır”.

 

Məsələ ilə bağlı psixoloq Fuad Əsədovun da fikirlərini aldıq. Psixoloq bildirdi ki, təhsil ocaqlarında tələbələrin geyimlərindən daha çox orada verilən təhsil önəmlidir:

“Ona görə də insanların şıq görünməyə çalışması normal haldır. Nə geyinmək isə insanın motiv və məqsədinə bağlı olan bir şeydir. Əgər bir oğlan universitetin müasir musiqi ilə məşğul olan qrupunda özünü görürsə, o hip hop tərzində geyinəcək, əgər elmi cəmiyyətlərə qatılmaq istəyirsə, daha çox klassik geyimə üstünlük verəcək. Eyni şey qızların açıq-saçıq geyiminə də aiddir. Mən ümumiyyətlə onun tərəfindəyəm ki, geyimlə əxlaqi dəyərləndirmə aparmaq lazım deyil. Mən inanıram ki, qızların əksəriyyəti bu geyimi daha çox rahatlığa üstünlük verdikləri üçün geyinirlər. Və ümid edirəm ki, yanılmıram. Əgər, hər hansı bir qız sırf əks cinsin diqqətini cəlb etmək üçün belə geyinirsə, bu açıq aşkar natamamlıq kompleksidir və psixoterapiyaya ehtiyacı var. Kimsə mənlə razılaşmaya bilər, amma bu elmdir. Və mən həmin "kimsə"lərə Alfred Adlerin kitablarını oxumağı tövsiyə edərdim. Çünki, əgər insan öz üz gözəlliyinin və zəkasının kifayət qədər cəlbedici olmadığını düşünürsə, kimlərisə cəlb etmək üçün belə geyinə bilər. Universitetlər ilk növbədə verdikləri təhsilin keyfiyyətini qaldırsınlar. Tədris proqramlarına müasir metodikaları və yeni elmi nailiyyətləri əlavə etsinlər. Elə etsinlər ki, universitetlər tələbələr üçün elm öyrəniləsi yer olsun, podiuma çıxdıqları yer yox. Bunu etmək əvəzinə universitetlər tələbələrinə geyim məhdudiyyəti qoyaraq onların rahatlığını pozsalar bunun heç bir yaxşı nəticəsi ola bilməz. Tələbənin dərsə bandana ilə getməsində problem yoxdur, amma o dərsdə son 20-30 ilin elmini öyrənməməsi problemdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR