İstənilən səth üzərində lazer şüası ilə proyeksiya edilən universal klaviatura - “Masterkey 4.0” təqdim…
İstənilən səth üzərində lazer şüası ilə proyeksiya edilən universal klaviatura - “Masterkey 4.0” təqdim olunub. Qurğu deaktivasiya olunduqda smartfon üçün üzlük kimi istifadə oluna bilər.
AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, ideya müəllifləri 2014-cü ildən proyeksiya edilən klaviatura texnologiyası üzərində çalışırlar. Onlar fiziki klaviaturalardan imtinanı reallığa çevirəcək universal qadcet hazırlamaq niyyətindədirlər. Bu, istifadəçinin istənilən vaxt masa üzərində və ya divarda klaviaturanın virtual analoqunu aça bilməsi üçündür. Proyektor təsvirin diaqonal üzrə 120 düymə qədər böyüdülməsini təmin edir.
“Masterkey 4.0” 245x110 mm ölçülərlə proyeksiya edilir, qurğuya inteqrasiya edilmiş infraqırmızı kamera düymələrin sıxılmasını dəqiqədə 350 simvol sürətlə izləyir. Klaviatura “iOS” və “Android” əməliyyat sistemi ilə işləyən smartfonlara “Bluetooth 4.0”, başqa qurğulara isə USB və ya HDMI vasitəsilə qoşulur. Daxili batareyanın tutumu 5200 milliamper/saat təşkil edir, “microSD” portuna malikdir.
Startap proyeksiya edilən klaviaturanı iki versiyada təklif edir: əsas klaviaturanı 179 dollara, biznes üçün nəzərdə tutulmuş modeli isə 225 dollara əldə etmək mümkündür. Qurğunun 2019-cu ilin yanvar ayında satışa çıxarılması planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət