Ukrayna telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilib
Ukraynanın nüfuzlu telekanallarından biri olan “5 kanal”da Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin müsahibəsi yayımlanıb.
NUHÇIXAN xəbər verir ki, diplomat müsahibəsində “Bakı Prosesi”nin əhəmiyyətindən, Azərbaycanın iqtisadi inkişafından, turizm və hərbi sənaye sahələrində əldə etdiyimiz nəticələrdən bəhs edib.
Səfir bildirib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır. Prezident İlham Əliyev dünyada yaxşı tanınan nüfuzlu siyasətçidir. Müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev onun praqmatik siyasətini uğurla davam etdirir.
Diplomat müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağa münaqişəsinə geniş yer ayırıb. O deyib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan münaqişə ilə bağlı bəyanatlarında diqqətli olmalıdır. Ermənistanın indiki hakimiyyətinin mövqeyi bölgədə münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan işğalçılıq siyasətini davam etdirir. Təəssüf ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalır.
Azərbaycan-Ukrayna əməkdaşlığına toxunan səfir qeyd edib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoq və fəal diplomatik əməkdaşlıq mövcuddur.
Müsahibədə yola saldığımız ildə və yaxın perspektivdə iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı məsələlərindən də bəhs olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət