Ukrayna AŞPA-nı tərk etdi: Düşünülməmiş addım...
Bu addımla Ukrayna nümayəndə heyəti göstərdi ki, onlar torpaqlarını işğal etmiş bir ölkənin nümayəndəsi ilə eyni salonda oturmaq istəmirlər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli AŞPA-nın Rusiyanın səlahiyyətlərini tam miqyasda təsdiqləməsindən sonra Ukraynanın bu təşkilatı tərk etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ukraynanın bu addımı çox qeyri-peşəkar şəkildə atılmış addımdır:
“Rusiyanın apardığı işğalçı siyasət və ölkələrin daxili işlərinə qarışması Moskvanın imicini ciddi şəkildə zədələyib. Amma Ukraynanın bu addımını da düzgün hesab etmək olmaz. AŞPA Avropa Birliyində bir tribunadır və Kiyevin orda qalıb öz mübarizəsini aparması daha məqsədyönlü olardı. Həmçinin, AŞPA böyük bir təşkilatdır və burda iştirak edən ölkələrin bir çoxu Ukraynanın haqqını müdafiə edir. Belə bir vəziyyətdə özlərini bu müdafiədən təcrid etmək siyasi cəhətdən qeyri-peşəkar davranışdır”.
Politoloq Ukraynanın atdığı bu addımın onlar üçün heç bir xeyir gətirməyəcəyini bildirib:
“Mən dəqiq deyə bilmərəm Ukrayna rəhbərliyi AŞPA-dan getməyi nə qədər ölçüb-biçib, amma bu addım onlara heç də xeyir gətirməyəcək. Hesab edirəm ki, Kiyevin verdiyi bu qərar tələsik və düşünülməmiş addımdır. Yəqin ki, AŞPA rəhbərliyi Ukraynanı yola gətirə biləcək və onlar yenidən bu təşkilatın tərkibinə qayıdacaq”.
Qeyd edək ki, AŞPA-nın Rusiyanın səlahiyyətlərini tam miqyasda təsdiqləməsindən sonra Ukrayna nümayəndə heyəti bu təşkilatı tərk edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət