UEFA-nın vitse-prezidenti: 'Bu vəziyyətdə futbol oynamaq mümkün deyil'
UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan milli çempionatlar və avrokuboklarla bağlı yekun qərarını mayın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.
"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun vitse-prezidenti Karl-Erik Nilsson "Fotbollskanalen"ə açıqlamasında deyib.
UEFA rəsmisi bildirib ki, əsas məqsəd yarışların başa çatdırılmasıdır: "Amma Belçika və Şotlandiyadan siqnal almışıq. UEFA bütün milli assosiasiyalardan liqaların bərpasının mümkünlüyü barədə hesabat xahiş etdi. Əsas problem avrokubok yarışlarını qəbul edəcək ölkələrlə bağlıdır. Bu məsələ İcraiyyə Komitəsinin qarşıdakı iclasında qaldırılacaq. Həmin vaxt bütün suallara aydınlıq gələcək".
K.E.Nilsson bugünkü videokonfransda liqaların hansı tarixdə bərpasının müzakirə olunmadığını söyləyib: "Vəziyyət hər ölkədə eyni deyil, bir-birindən kəskin fərqlənir. Necə hərəkət edəcəyimizə dair təsvir və hesabat olmalıdır. Hökumətin tətbiq etdiyi qadağalar çempionatların başa çatdırılmasına mane ola bilər. Amma biz istəyirik ki, UEFA bu məlumatı alsın. Çünki hazırda bizdə informasiya yoxdur. Bununla belə, Belçika və Şotlandiya kimi ölkələrdə oyunları yekunlaşdırmaqla bağlı problem olduğunu bilirik".
Vitse-prezident avrokuboklar barədə danışmağın tez olduğunu vurğulayıb: "Avrokuboların yay ərzində başa çatdırılacağını ümid edirik. Amma əvvəlcədən nəsə demək tezdir. Avropadakı siqnallar müsbət olsa da, bu vəziyyətdə futbol oynamaq mümkün deyil".
Qeyd edək ki, UEFA-ya üzv olan bəzi ölkələr artıq öz liqaları ilə bağlı planlarını açıqlayıblar. Niderland Futbol İttifqı çempionatı vaxtından əvvəl başa vurmaq niyyətindədir. Almaniya Bundesliqası mayın 9-da bərpa oluna və oyunlar azarkeşsiz keçirilə bilər. Polşa Futbol Federasiyası yerli çempionatın mayın 30-da bərpa olunacağını və iyunun 6-dək başa çatacağını bildirib. İsveçdə isə mövsümün iyunun 14-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət