Türkiyəli ekspert: “Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər”
Türkiyənin daşınmaz əmlak bazarı üzrə eksperti Kaan Borucaoğlu “Report”a müsahibə verib:
- Türk lirəsinin məzənnəsinin əvvəlki vaxtlarla müqayisədə kəskin aşağı olduğu bir şəraitdə ölkənin daşınmaz əmlak bazarına maraq necədir?
- Türk lirəsi digər xarici valyutalar qarşısında ucuzlaşdıqdan sonra xüsusilə Körfəz ölkələrindən olan investorların Türkiyənin daşınmaz əmlak bazarına tələbatı 2 dəfə artıb. Bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərməktədir. İnşaat firmaları əllərində saxladıqları mənzilləri sürətlə bazara çıxarıb bu fürsətdən yararlanırlar. Çətin iqtisadi dövrdən keçən Türkiyənin dediyim fürsəti dəyərləndirərək bir qədər nəfəs aldığını desək doğru olar. Rəsmi statistik göstəricilərə görə, təkcə 2 ay ərzində Türkiyənin satılan əmlakdan gəliri, təxminən, 3 mlrd. ABŞ dolları olub.
- Türkiyənin yeni iqtisadi proqramı çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən sənədləşdirmənin sürətləndirilməsi nəzərdə tutulurdu. İlkin addımlar atılıbmı?
- İlk öncə Türkiyə hökuməti bu kritik şəraitdə böyük addım ataraq, xarici ölkə vətəndaşlarına vətəndaşlıq verilməsi və milli pasportun alınması üçün daşınmaz əmlak bazarına investisiya qoyulması tələbini 1 mln. dollardan 250 min dollara endirdi. Artıq xaricilər Türkiyədə əmlak sahibi olmaqla qısa müddətdə vətəndaşlıq da ala bilirlər. Bunu iqtisadiyyatın canlandırılması üçün böyük bir addım kimi qiymətləndirirəm. Sənədləşdirməyə gəlincə isə bu məsələ olduqca asandır. Yəni bunun üçün əlavə bir yeniliyə ehtiyac duyulduğunu düşünmürəm.
- Azərbaycan vətəndaşları Türkiyənin daşınmaz əmlak bazarında nə dərəcədə fəaldırlar?
- Düşünürəm ki, bu dövr azərbaycanlı investorlar üçün böyük üstünlük və onlar bunu dəyərləndirirlər. Manatın türk lirəsi qarşısında bahalaşması təbii ki, Türkiyədə əmlak sahibi olmaq istəyən azərbaycanlıların sayını artırdı. Əvvəllər 350 min lirə dəyərində ev almaq istəyən Azərbaycan vətəndaşı 175 min manat ödəyirdisə, indi həmin evi 100 min manata ala bilər. Düşünürəm ki, onlar bu fürsəti yaxşı dəyərləndirməlidilər, çünki iqtisadi dalğalanmalar uzunmüddətli olmur. Bundan bir ay sonra türk lirəsi əvvəlki dəyərini qazandıqda bu şanslar olmayacaq. Xüsusilə övladları Türkiyədə təhsil alan azərbaycanlı ailələr bu fürsətdən yararlana bilərlər. Onlar Türkiyədə ev sahibi olaraq övladlarının tələbə yataqxanalarında deyil, öz evlərində yaşamalarına şərait yarada bilərlər. Firmalar müxtəlif kampanyalar təklif edirlər ki, bunlar da kreditlə də ev almaq şansları yaradır. 24-36 ay ərzində üzərinə faiz qoyulmadan satılan evlər var. Qiymətlərə gəlincə isə, Türkiyədə lirənin dəyərdən düşməsindən əvvəl də evlərdə ucuzlaşma var idi. Bu proses bu müddətdə daha da sürətləndi. Bununla yanaşı, satışların türk lirəsi ilə həyata keçirilməsi də böyük üstümlükdür. Sadəcə Türkiyədə deyil, dünyada yaşanan iqtisadi dalğalanma Türkiyənin əmlak bazarında ucuzlaşmaya şərait yaratdı. Ancaq düşünürəm ki, bu ilin sonunda qiymətlər 15-20% artacaq. Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər.
Son 2 ayda olan göstəricilər satışların daha da artdığını göstərir. Bu da onu deməyə əsas verir ki, xarici ölkə vətəndaşları ilin sonundan sonra qiymətlərdə artımın olacağının fərqindədilər. 2018-ci il mənzil satışında İstanbul 15 262 mənzil və 14,5% artımla ən yüksək paya sahib oldu. Növbəti yerlərdə 9 291 mənzil satışı və 8,8%-lik artımla Ankara, 5 064 mənzil satışı və 4,8%-lik artımla İzmir qərarlaşıb.
- İndiki şəraitdə ev almaq istəyənlər, yoxsa evini satmaq istəyənlər çoxdur?
- Hazırda Türkiyədən ev almaq dövrüdür. Təbii ki, almaq istəyənlər çoxdur. Lirənin dəyərdən düşməsi ilə yanaşı, evlərin ucuzlaşması da, burada əsas rol oynamaqdadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət