Türkiyədə vəkillər bu qədər qazanacaq
2019-cü ildən etibarən Türkiyədə yeni qanunlarla yanaşı, vəkillik xidmətlərinin yeni rüsumları da qüvvəyə minib. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cəza Mühakiməsi Qanununa edilən dəyişikliklərdə müdafiə və vəkillik xidmətinin yeni qiymətləri əksini tapıb.
İlin sonunadək qüvvədə olan tariflərə əsasən, vəkillərdən şifahi məsləhət almaq 880 TL-ə (166 dollar və ya 282 manat) başa gələcək, bir saatdan sonrakı hər 15 dəqiqə üçün isə vəkilə 360 TL (68 dollar və ya 115 manat) ödəmək tələb olunacaq. Vəkillə yazılı danışmaq isə 1 740 TL-ə (328 dollar və ya 558 manat) başa gələcək. Vəkili dəvət etməklə aparılan söhbətin ilk saatı 1 380 TL-yə (260 dollar və ya 443 manat) başa gələcək, bundan sonrakı hər 15 dəqiqə üçün 430 lirə (81 dollar və ya 138 manat) ödəmək tələb olunacaq. İddia ərizəsinin yazılması isə 2 650 TL-dən (500 dollar və ya 850 manat) başlayır.
Yeni tariflərə görə, boşanmaq üçün vəkillərdən yardım istəyənlər razılıqla boşanmağa görə 6 170 TL (1164 dollar və ya 1980 manat), mübahisəli proseslər üçün isə 7 980 TL (1505 dollar və ya 2560 manat) ödəyəcəklər.
Ümumiyyətlə, bu dəyişikliklər çərçivəsində müxtəlif vəkillik xidlmətləri üçün tariflər orta hesabla 24%-25% artırılıb.
Vəkillər çəkişməli, maddi və mənəvi təzminat mübahisələrində 6 310 TL-dən az olmamaq şərtilə təzminat dəyərinin 15%-ni alacaqlar.
Bundan başqa, vəkillər aliment mübahisələrində 5 100 lirədən, nişan pozulmasından yaranan mübahisələrdə isə 6 170 lirədən az olmamaq şərtilə dava dəyərinin 15%-i alacaq.
Ağır cəza məhkəmələrində hansı qismdə iştirak etməkdən asılı olaraq vəkillər 10,5-16,6 min lirə, cəza məhkəmədərində isə 6,8-10,5 min lirə qazanacaqlar.
İcra hakimiyyətlərinə qarşı məhkəmə işlərində isə vəkilin xidmət haqqı 3 880 TL təyin edilib.
Miras, vəsiyyətnamə, müqavilələr üzrə işlərdə vəkilin xidmət haqqı 9 110 lirə olacaq. Vətəndaşlığa qəbul və ya vətəndaşlıqdan çıxarılma ilə bağlı işlər 9 510 lirəyə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət üçün göstərilən xidmətin dəyəri 20,1-27,1 min lirə arasında dəyişəcək.
Əmlak qeydləri və ya əhali qeydiyyatı ilə bağlı məhkəmə mübahisələrində vəkilin xidmətindən istifadə etmək isə 5,6-10,5 min lirə arasında dəyişəcək.
Vəkil xidmətlərinin 25% bahalaşmasına baxmayaraq, Türkiyənin bəzi vəkil təşkilatları artımların kifayət qədər olmadığını və daha da yüksəlməsinə ehtiyac olduğunu bildirirlər.
Müqayisə üüçün bildirək ki, Azərbaycanda vəkil xidmətlərinin aşağı həddi Türkiyədə olduğu kimi mərkəzləşmiş şəkildə müəyyən edilmir. Amma analoji vəkil xidmətlərinin qiyməti Türkiyədəkindən 4-5 dəfə aşağıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət