Slimfit
  1. AZƏRBAYCANLI

Türkiyədə qətlə yetirililən azərbaycanlı kəşfiyyatçı - Hiram Abas

Türkiyədə qətlə yetirililən azərbaycanlı kəşfiyyatçı - Hiram Abas
Sakura

Türkiyədə qətlə yetirililən azərbaycanlı kəşfiyyatçı - Hiram Abas

Bu yazı Türkiyə Milli İstihbarat Təşkilatını əslinə qalsa yenidən qurmuş, onu bir növ redaktə edib müasir tələblərə uyğunlaşdırmış məşhur həmyerlimiz, Güney Azərbaycan, Təbriz mənşəli xüsusi xidmət zabiti Hiram Abasın şirin-acı xatirəsinə həsr edilir.

Dünyanın bir çox paytaxtlarında, belə deyək, bir növ “Cəsus qüllələri” mövcuddur. Nyu-Yorkun əkiz göydələnlərini tirajlayıb təkrarlayan bu silsilənin bir oxşarı da 1959-cu ildə Tehranda inşa edilmiş “Plasko” ticarət mərkəzi idi, digəri İstanbulun Taksim meydanındakı “İnternasional” hoteli.
Yazımızın qəhrəmanı Hiram Abas vaxtilə 1977-78-ci illərdə bu hər iki göydələnin, ehramın zirvəsinə qalxıb, bəli... Bir də “bəli”... Ordan açdığı yaylım atəşləri ilə həm öz yeni vətəni Türkiyənin taleyini dəyişib, həm də köhnə vətəni İranın. “Necə baş verib bu hadisə, hansı amala qulluq edib” sualına cavab verməmişdən öncə sizi Tehrandakı “Plasko” göydələninin gizli tarixi ilə tanış etməyə məcburam.

***

Cəsus göydələnlərinin, cəsus hiramlarının, ehramlarının zirvəsindən atəş açmaq fürsəti hər agentin tale payına düşmür. Tale bu imkanı iki dəfə yalnız bir nəfər üçün yaradıb- əfsanəvi kəşfiyyatçı, həmyerlimiz Hiram Abas üçün.

Tehrandakı “Plasko” cəsus qülləsinin təməli 1960-cı illərdə, yəni hələ şah dönəmində yəhudi icmasının rəhbəri kimi tanınan Həbib Elğanian tərəfindən qoyulub. Elə ilk günlərindən ticarətlə cəsusluğu öz divarları arasında birləşdirən bu bina uzun zaman peşəkar kəşfiyyatçılar arasında “Cəsus qülləsi” kimi tanınıb. Binanın 17-ci mərtəbəsindən elə şah dövründən üzü bəri bütün Tehran sakinləri, o cümlədən yaxındakı diplomatik missiyalar dinlənərək nəzarətdə saxlanılıb.

Hələ şah dövründə təqib olunan H.Elğanian bəzi gizli əməllərinə görə 1975-ci ildə həbs olunub, 1979-cu ilin mayında isə yeni hökumət tərəfindən İsrail cəsusu kimi edam edilib. Taleyi müəyyən qədər Hiram Abasın həyatını, milli mənşəyini təkrarlayır. Anası Fatma Roksan Abas tərəfdən yəhudi qanı daşıyıcısı olması faktı, Hiram Abasa başqalarıyla müqayisədə elə bəri başdan üstünlük yaradıb. 1932-ci ildə İstanbulda, Bosfor sahillərindəki dəbdəbəli villaların birində doğulmuş Hiram Abas öz ağır yumruq zərbələri ilə hələ lap uşaqlıqdan öz yaşıdları arasında yaxşı tanınıb. 1957-ci ildə Ankara Universiteti Siyasət Bilgilər Fakültəsini əla qiymətlərlə bitirən Hiram Abas az sonra Türkiyə kəşfiyyatının ana məbədində- MİT-də çalışmaya başlayır. Əvvəlcə okeanın o tayında xüsusi hazırlıq keçərək viski içməyi öyrənir. Sonra MİT agenti kimi Beyruta ezam edilib orda keçir məşhur İsrail kəşfiyyatı “MOSSAD”ın tam ixtiyarına. 1968-71-ci illərdə dəfələrlə Fələstin qaçqın düşərgələrinə gizlincə sızıb peşəkar qatil, tətikçi kimi tanınır bu qəliz ünvanlarda. Qısası, Hiram Abasın keçdiyi yerlərdən heç vaxt insan cəsədləri əskik olmayıb.

Məhz o qanlı-qadalı günlərdən sonra Hiram Abas öz karyera pilləkanında ən yüksək vəzifələri tutaraq Türkiyədəki Amerika cəsus şəbəkəsinin rəhbəri Dueyn Klarricin tam etimadını, sevgisini qazanır. Dostlar birləşib Türkiyədəki tam məxfi “Kontrqerilla” ordusunu Türkiyə soluna, kommunistlərinə qarşı səfərbər edirlər. Nəticədə minlərlə türk solçusunun qanı sel olub Bosfor sularına qarışır.

Məsələnin gizli tərəflərini öyrənmək istəyirsinizsə, Pentaqona məxsus 1949-cu il 28 mart tarixli strateji konsepsiyanın JSPC 891/6 əlavəsini oxumağınız məsləhətdir. Sənəddə türk millətçiləri, bozqurdlar Pentaqonun gizli müttəfiqi elan edilir. Göstərilir ki, bozqurdlardan, millətçilərdən gizli ordu yaradıb onu türk solunun cəlladına çevirmək nəinki mümkündü, həm də çox vacibdi.

Unutmayın, kağız üzərində çox gözəl, qəşəng səslənən bu cür qərarlar öz cari icraatçısını tapmasa, qara qəpiyə də dəyməz. Pentaqon hərbi kəşfiyyatı bu sahədə Türkiyə siyasi elitasını dişinə vurub, əvvəl gəlib dayanır Alparslan Türkeş, sonra Hiram Abas üzərində. Türkeş hərəkatın xarizmasını təmin edir, Hiram Abas taktika və strategiyasını. Təşkilatın beş gizli şöbəsi varmış- birinci şöbə qətllərə, adam oğurluğu, dindirmələrə cavabdehdi, ikinci şöbə tam məxfi geniş antikommunist əməliyyatlarına, üçüncü şöbə Kiprə nəzarət edirdi, dördüncüsü özü kimi digər gizli NATO təşkilatları ilə əməkdaşlığı təmin edir, birgə əməliyyatların təhlükəsizliyini qoruyurdu. Beşinci şöbənin səlahiyyətləri administrativ idi. Arxivlər-filan bu şöbəyə tapşırılmışdı deyilənə görə.

Tək Türkiyədə deyil, əksər Qərb ölkələrində mövcud olan bu təşkilatlar öz aralarında məxfi əlaqə saxlayır, vaxtaşırı birgə əməliyyatlara qatılırdılar. Belələrinə ovaxtkı Latın Amerikasında “ölüm eskandronları” deyib adını çəkincə, qorxudan uşaqları küçələrdən evə səsləyərdilər. Hiram Abas bu ölüm eskadronlarının türk şöbəsini hazırlayıb 1977-ci ildə onları cəsus qülləsinə- Taksimdəki “İnterkontenental” hotelinə cəm edir.

***

Taksimdəki bu məşhur hotel o vaxtlar həm də mason ehramı kimi tanınırdı. Sahibi beynəlxalq “ITT” şirkəti, 1973-cü ildə Çilidə baş vermiş Pinoçet qiyamının baş sponsoru kimi də məşhurdur. 1 may 1977-ci ildə mülkü geyimli Amerika zabitləri ilə birgə otelə daxil olan Hiram Abas əmr verir ki, qapıları kip qapayıb içəri kimsəni buraxmasınlar. Taksimdəki yarım milyonluq 1 may nümayişini hotel pəncərələrindən bittə-bittə, dəqiqəbədəqiqə izləyən Hiram Abas sonra telsizi əlində sıxaraq xüsusi “Taksi” siqnalını öz həmkarlarına- dünyanın dörd guşəsindən Taksimə yığılmış “Ölüm eskandronları” üzvləri tətikçilərə ötürür. Dəstənin rabitə təminatını italyanlar təmin edirmiş, silahla, sursatla təchizatını Kolumbiya, Argentina eskandronçuları. Yaylım atəşlərini Braziliya həmkarları, türk bozqurdları açıb, meydandakı nümayişçiləri al-qana boyamalıymışlar. Türkiyə Milli İstihbarat Təşkilatı rəisinin müavini Hiram Abas “casus qülləsinin”- Taksimdəki “İnterkontenental” hotelinin, mason ehramının zirvəsinə ilk dəfə bax bu zaman qalxmağı bacarır, bəli... Snayperləri hotel damına gizləyib əmr verir darıxmasınlar. Start siqnalını gözləsinlər. Damağındakı “Kamel” siqareti sönən kimi Hiram Abas məxfi siqnalı havaya ötürür. 20 dəqiqə sürən amansız yaylım atəşləri nəticəsiz qalmır. Yüzlərlə kommunistin yaralanıb qətlə yetirildiyi o məşum gündən sonra Türkiyə solçuları hələ uzun zaman özlərinə gələ bilməyəcəklər.

***

“Qırmızı təhlükə”ni təkcə Bosfor sahillərindən deyil, İrandan da qovub çıxarmaq vəzifəsi o vaxtlar, görünür, talenin hökmü ilə Hiram Abasa həvalə edilibmiş sanki. İstanbuldan sonra kommunist təhlükəsi Tehrana keçir elə bil. 1978-ci ilin 8 sentyabr tarixində yüz minlərlə solçu etirazçı paytaxtın Jalə meydanına yığılıb ardı-arası kəsilmədən öz şüarlarını havada səsləndirməyə başlayırlar. Şah qvardiyası “Cavidan” etirazçıların önünü Jalə meydanında kəssə də dinc əhalini gülləbaran etməyi özünə layiq iş bilmir. Bu vaxt Tehrandakı cəsus qülləsindən- “Plasko” göydələninin damından, eynən Taksimdəki kimi, nümayişçilərə qarşı bir neçə yaylım atəşi açılır. Etirazçılar, atəşin ünvanını səhv salıb elə bilirlər güllələri atanlar şah sərbazları, şahın elitar “Cavidan” diviziyasıdır. Ara qızışır, məzhəb itir. Yüzlərlə etirazçı meydanda həlak olur. Etiraz dalğaları bütün ölkəni bürüyüb islam inqilabı ilə nəticələnir lap axırda. Sonrakı tədqiqatlar göstərir ki, Jalə meydanında etirazçılara qarşı atılmış güllələr, İran ordusunda rastlanmır. Güllələr ötən il Taksimdə atılmış güllələrin eynidir, vəssalam.

***
O vaxtlar, bəli, Vaşinqtonu bircə məsələ narahat edirdi- qırmızı kommunist təhlükəsi. Kommunistləri məhv etmək xatirinə amerikalılar islamçılara göz yumub İrandakı inqilabın öz sol məzmununu itirərək dini məna almağına tam razı idilər.

Amma bir var quru-quru sözlər, yağlı vədlər, bir də real məxfi əməliyyatlar. Amerikalılar Tehrandakı etiraz dalğaları ilə təkbətək qalıb özlərini itirdikləri vaxt yadlarına yenə də Hiram Abas düşür. Başının dəstəsi ilə Tehrana gələn Hiram Abas öz snayperlərini Taksimdəki kimi “cəsus qülləsi”nin- Plasko göydələninin 17-ci mərtəbəsinə toplayıb cəmləyir. Şahın izni-filanı olmadan əmr verir snayperlər siqnal əmrini eşidincə etirazçıları gülləbaran etsinlər. Yaylım atəşləri Plasko göydələninin damından açılınca, etirazçılar başlarını itirib qaçırlar. Meydanda panik anlar yaşanır. Yüzlərlə solçu aldığı yaralardan dünyasını dəyişib, günahkar olaraq qarşılarında İran şahını görür. İran inqilabı öz sol məzmunu məhz bu tarixdə itirib özünə yeni- islami dəyərlər qazanır. Son nəticədə İran solçuların deyil, islamçıların əlinə keçir. NATO-ya, amerikalılara da elə məhz bu lazım idi o vaxtlar.

***

Hirəm Abasın prototipi “Kurtlar Vadisi” serialında “Aslan Akbey” kimi təqdim olunur. Əslində filmdə “Aslan Akbey” kod adıdır. Aslanın ölümündən sonra məlum olur ki, onun gerçək ismi Abas Üstüoğlu imiş. Ssenarist və rejissor artıq ictimai şüura Hirəm Abasın obrazını yaratdıqları haqda mesaj verirlər.

Xatırladaq ki, “Kurtlar Vadisi”nin çəkilişlərinə 2002-ci ilin dekabr ayından başlanıb. Film 2003-ün yanvarın 15-dən yayıma başlayıb və böyük uğur qazanıb. Bu serialda Türkiyədə vaxtilə baş verən gizli olaylara ciddi şəkildə işıq salınıb. Onlardan biri də Hirəm Abas mövzusudur. O Amerika silah firmalarının Türkiyə nümayəndəliyində çalışarkən 26 sentyabr 1990-cı il səhəri sui-qəsdə uğrayır. Evinin yaxınlığında bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas hadisə yerindəcə ölür. Cinayəti Dev-sol (Devrimçi sol hərəkatı) öz boynuna götürsə də, bəziləri bunu ciddiyə almır, sifarişçiləri tam başqa ünvanlarda axtarırlar.

Hiram Abasın qətli ilə bağlı məxfi sənədlər tozlu rəflərdə çürüyüb getməkdədir. Onun öldürülməsi haqda indiyədək ortaya doğru-dürüst məlumat qoyulmayıb.

***
Hiram Abas MİT müstəşarı olduğu dövrdə təşkilatı tam hərbiləşdirmək istəyib. O bu məqsədlə xeyli hərbçini MİT-ə toplamaq üçün onlarla danışıqlar aparıb. Lakin onun bu təşəbbüsü Türkiyə dövlətinin bəzi sinir nöqtələrini hərəkətə keçirib. Nəticədə Abas təşkilatdan istefa verib. Hirəm Abas çox cəsur insan olmaqla bərabər silahdan olduqca gözəl istifadə edən biri olub. Onun açdığı atəşin hədəfə dəyməməsi mümkün deyilmiş. Elə bu səbəbdən də Hirəm Abası arxadan çarpaz atəşlə qətlə yetiriblər. Əfsanəvi xüsusi xidmət zabiti barədə Türkiyədə çəkilmiş sənədli filmdə deyilir ki, o sarışın qadınları görəndə təsirlənirmiş. Məhz bu zəif nöqtəsini bildikləri üçün onun maşını hərəkətdə olduğu vaxt qarşısından bir sarışın qadın keçir. Əli daim tətikdə olan Abasın fikri dağıldığından qatillər ona bu anında hücuma keçirlər və çoxdan planlaşdırılan niyyət həyata keçir.
Hirəm Abas uzun illər Türkiyə siyasətinə ciddi təsir edib. Onun mövcudluğu, Milli İstihbarat Təşkilatı ilə bağlı mövqeyi bir çoxlarında narahatlıq yaradıb. Bəzi iddialara görə, Hiram Abas bir vaxtlar mübarizə apardığı solçu terror təşkilatlarının deyil, o vaxtkı Türkiyənin siyasi çaxnaşmalarının qurbanı olub...

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR