Yəni, avtomobilinin sıradan çıxmasını istəməyən çox az adam istirahət deyə Nabrana gedə bilər
Gəndob-Xaçmaz-Yalama yolunun Xudat-Nabran hissəsi uzun illərdir ki, təmir edilmir. 1970-ci ildə salınmış yol indiyədək bircə dəfə olsun belə, əsaslı təmir olunmayıb. Yolun hərəkət hissəsi dağılıb, demək olar ki, yararsız hala düşüb. Bu vəziyyət həm istirahət etmək üçün Nabrana üz tutan insanların həm avtomobillərini, həm də əsəblərini sıradan çıxarır.
Nabran istirahət zonası hesab edildiyi üçün bölgəyə təkcə ölkə vətəndaşları deyil, eyni zamanda əcnəbilər də gəlir. Və yolun bu vəziyyətdə olması heç də xoşa gələn hal deyil. Bir sözlə, Nabran yolu bizi həm də ölkəmizə səfər edən turistlərin qarşısında “üzüqara” qoyur. İndi çoxlarını bir sual maraqlandırır, görəsən Xudat-Nabran yolunun nə zaman “bəxti açılacaq”?
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indiyədək sözügedən yolun ancaq saxlanılması üçün ara-sıra sıradan çıxan hissələr təmir edilib.
"Gendob-Xaçmaz-Yalama yolu respublika əhəmiyyətlidir. Yolun uzunluğu 88 kilometrdir. Yolun Gendob-Xaçmaz hissəsi yenidən qurulub. Ötən ilin həmin yolun Xaçmaz-Xudat hissəsi 24 kilometrlik bir hissəsi yenidən qurulub istifadəyə verildi. Növbəti dəfə isə həmin yolun Xudat-Nabran-Yalama hissəsinin təmiri nəzərdə tutulub. Həmin yolun uzunluğu 40 kilometrdir" – deyə A.Nəcəfli qeyd edib.
Ümumi yolun 48 kilometri artıq yenidən qurulsa da, 40 kilometrlik hissəsi hələ də təmirsiz qalıb. Nəcəfli deyib ki, həmin yol tədbirlər planına salınıb, maliyyə vəsaiti ayrılan kimi yolun təmirinə başlanacaq: "Yol bu il də, gələn il də təmir edilə bilər. Bu, maliyyə vəsaitinin ayrılmasına bağlıdır".
Qurum rəsmisinin sözlərinə görə, yolun saxlanılması məqsədilə hər dəfə problemlər yarandıqca yol təmir edilir. Amma yol istismar müddətini başa vurmuş yoldur: "Həmin yolda ağır tonnajlı yük avtomobilləri də hərəkət etdiyi üçün tamamilə sıradan çıxıb. Yolun müəyyən hərəkət hissəsində artıq problemlər yaşanır. Düzdür, təmir işləri aparılır, amma bu kifayət etmir”.
“Yol yenidən qurulması üçün bu ilki tədbirlər planına salınıb. Maliyyə vəsaiti ayrılan kimi təmirə, yenidənqurma işlərinə başlanılacaq" – deyə A.Nəcəfli vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət