Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır.
Tümen vilayətinin qubernatoru Aleksandr Moor bunu IX Tümen Neft-Qaz Forumu çərçivəsində xarici ölkələrin diplomatik missiyalarının bu regiona səfər etmiş nümayəndələri ilə görüşdə bildirib. Görüşdə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov da iştirak edib.
Baş Konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, qubernator qeyd edib ki, Tümen vilayəti ilə Azərbaycanın iqtisadiyyatları arasında oxşar cəhətlər çoxdur. A.Moor bu fikrini belə izah edib: “Azərbaycan ilə bizim iqtisadiyyatlarımız oxşardır. Hər iki halda iqtisadiyyatın əsasını yaxşı inkişaf etmiş neft-qaz sahəsi təşkil edir. Son üç ildə biz əməkdaşlığı fəallaşdırmışıq. Bir sıra müştərək layihələrin reallaşdırılmasına marağımız var. Yaxın vaxtlarda saziş imzalamağı planlaşdırırıq. Hazırda bu sənəd federal dövlət hakimiyyəti orqanlarında razılaşdırmanın final mərhələsindədir”.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov qeyd edib ki, bu əməkdaşlıqda neft-qaz sahəsi ilə yanaşı, aqrar-sənaye kompleksi və turizm də prioritet ola bilər. Diplomat deyib: “Ölkəmizin rəhbərliyi bu istiqamətlərin inkişafına böyük diqqət yetirir. Biz Tümen vilayətinin turizm kompleksinin inkişafı layihəsi ilə tanış olduq. Bu, çox diqqətəlayiq layihədir”.
Qubernator ilə görüşdə Qazaxıstan, Vyetnam, Bolqarıstan və Hindistan nümayəndələri də iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət