Tullantı məhsullarına ikinci həyat verən salyanlı sənətkar
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 75 yaşlı Adil Kazımov 20 il sürücü olaraq çalışıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bu peşə ilə vidalaşdıqdan sonra, digər işlərə maraq göstərib.
İşsiz qala bilmədiyini bildirən A.Kazımov deyir ki, o vaxtdan bu günə kimi boş vaxtlarında həyətini lazımsız tikinti tullantıları ilə bəzəməyə başlayıb. Onun bu işə əvvəldən də marağı olub. O, heç kimin istifadə etmədiyi, gərəksiz bildiyi tikinti tullantılarından divarlarda bir-birindən maraqlı, rəngarəng kompozisiyalar yaradıb.
A.Kazımov evin fasadlarını, hasarların üz hissəsini kafellə bəzəməklə yanaşı, həyətdəki yarımtikililərin də içərisini belə düzəldib. Onun hazırladığı kompozisiyalar bir-birini tamamlayır.
A.Kazımov başqalarının lazımsız, tullantı olduğunu düşündüyü əşyalara başqa gözlə baxır. Beynində fantaziyalar yaradır. Onun şam ağacının qozalarından düzəltdiyi rəngarəng quşlar da bu fantaziyanın məhsuludur. O, bu əl işini 10 dəqiqəyə hazırladığını deyir.
A.Kazımovun 100-dən çox əl işi var. Bir çoxunu dostlara, tanışlara hədiyyə edib. Qəhrəmanımız deyir ki, insanlar gərək çölə atılacaq tikinti tullantılarını, əşyaları lazımsız, gərəksiz saymasın. Onlara yenidən can verib, nəyəsə nail olmaq mümkündür. Yetər ki, buna həvəsin, sevgin olsun.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət