Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu ilə bağlı iclas keçirilib
Bu gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
“Report” xəbər verir ki, toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Rumıniyadan dan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İclasa “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov sədrlik edib.
Tədbirdə 2018-ci ilin doqquz ayında TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi müzakirə olunub, marşrut üzrə yüklərin daşınması zamanı xidmətlərin göstərilməsinə sərf edilən müddət təsdiqlənib.
Eyni zamanda, iclasda marşrut üzrə yüklərin çatdırılması müddəti ilə bağlı daşıyıcılar və operatorlar arasında qarşılıqlı məsuliyyətin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi də aparılıb. Tarif dərəcələri üzrə məlumatın Assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.
İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Rumıniyanın “Grampet Group” və Qazaxıstanın “İstkomtrans” (Исткомтранс» ТОО) şirkətləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.
Bundan başqa, Gürcüstan dəniz limanları vasitəsilə daşınan Qazaxıstan taxıl yükünün zəmanətli həcmlərinə yenidən baxılıb.
Həmçinin, iclasda Konsorsium tərəfindən ümumi yığıncağın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət