Tibbi sığorta 2020-ci ildən bütün ölkə ərazisinə şamil ediləcək
Prezident İlham Əliyev Novruz bayramı öncəsi çıxışı zamanı bir sıra sahələr üzrə islahatların davam etdiriləcəyini vurğulayıb. Xüsusilə səhiyyə və təhsil sahəsində islahatların aparılacağı anonsunu verib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Modern.az-a açıqlamasında deyib ki, bu gün səhiyyə dövlətin prioritet sahələrindən biri sayılır:
“Öncə, onu qeyd etmək istəyirəm ki, bu gün biz qloballaşan dünyada yaşayırıq. Bununla bərabər dövlətimiz modernləşən dövlətdir. Bütün sahələrdə olduğu kimi, səhiyyə sistemi də Azərbaycanda dövlət başçısının səyləri, verdiyi fərman və sərəncamlar nəticəsində inkişaf etməkdədir. Bu gün səhiyyə dövlətin prioritet sahələrindən biri sayılır. Vurğulamaq istərdim ki, bu gün qarşımıza hədəflər qoymuşuq. Hədəflərimizə çatmaq üçün hər bir dövrün öz çağırışları, tələbləri olduğu kimi, səhiyyə sistemində də daim yeniliyə, yeni təcrübələrin öyrənilməsinə, qazanılan təcrübələrin tətbiqinə ehtiyac var. Dövlətimiz, xüsusilə, cənab prezident üçün əsas amil insan amili olub. Cənab prezident həmişə insanların sağlamlığı və onun qorunması üçün daim çalışıb və bu gün də çalışmaqdadır”.
Deputat səhiyyə sahəsində aparılan qanunvericilik işlərindən də söz açıb:
“Respublikamızın hər bir regionunda diaqnostik mərkəzlərin açılması, səhiyyə ocaqlarının yenidən tikilməsi, yaxud da təmir olunması, müasir avadanlıqlarla təchiz olunması ən əsası kadr potensialının gücləndirilməsi ölkənin ən prioritet məsələlərindən biridir. Əsas məqsəd insanların sağlamlığının qorunmasıdır. Bu məqsədə çatmaq üçün Azərbaycanda müxtəlif qanunlar qəbul olunur. Qanunverici orqanda çalışdığım üçün bunu xüsusilə qeyd etmək istəriyəm. Bu gün Azərbaycan səhiyyəsini inkişaf etdirmək üçün güclü qanunverici baza var. Bu, get-gedə təkmilləşdirilir. Hər dəfə səhiyyə komitəsinin iclaslarında yeni qanun layihəsi hazırlayır, ya da mövcud qanunlara hansısa əlavələri edirik. Qəbul etdiyimiz qanunların bir məqsədi insanların sağlamlığının keşiyində dayanmasıdır.
Tibbi sığortanın tətbiqi ilə əlaqədar daha 2 rayonda pilot layihə gerçəkləşdirilir. Tibbi sığorta 2020-ci ilin yanvarından respublikanın bütün rayonlarına şamil ediləcək. Bununla da insanlarımız qanunlardan istifadə edə biləcəklər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət