Tibbi maskalardan təkrar istifadə düzgün deyil
Zəmanəmizin bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasından güclü immunitet və gigiyenik qaydalara düzgün əməl etməklə qorunmaq mümkündür. Virusla mübarizədə istifadə olunan maska və əlcəklər ən vacib qoruyucu vasitələrdən biridir. Lakin onların qoruyucu gücü fərqli olduğundan seçim edərkən yanılmamaq lazımdır.
Azvision.az xəbər verir ki, Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib: “Qoruyucu vasitələr, xüsusən maskalar bir neçə cür olur. N95 maskalarından əsasən cərrahlar, virusoloq, epidemioloq və infeksionistlər istifadə edirlər. Həmin maskalar üzə daha kip oturur və ətrafdan havanın daxil olmasına imkan vermir. Əhalinin isə sadə maskalardan istifadə etməsi məsləhətdir. İnfeksiya əsasən gözün selikli qişası, ağız və burun, eləcə də zədələnmiş bədən nahiyələrindən yayılır. Dəridə zədə olduqda əlcəklərdən istifadə etmək zəruridir”.
Pediatr-infeksionistin dediyinə görə, viruslar maska və əlcəklərdə toplandığı üçün onların təkrar istifadə edilməsi tövsiyə olunmur. Bəzən sterilizasiya ediləndən sonra maskalar qurudub təkrar istifadə olunsa da, mütəxəssislər bunu düzgün saymırlar. Əlcəklərin də təkrar istifadəsi yolverilməzdir. Onları soyunarkən arxaya, yəni tərs üzünə çevirərək çıxarmaq və atmaq lazımdır.
Mütəxəssislər bildirirlər ki, tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Daha uzun müddət eyni maskadan istifadə etmək tənəffüs sistemində problem yarada bilər. Təmiz havada isə maskadan istifadə etmək məsləhət görülmür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət