Teymur Rəcəbov Dünya Kubokunun 1/4 finalında ilk oyununu keçirib
Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku turnirinin 1/4 final mərhələsinin birinci partiyaları oynanılır.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Şonqa ilə üz-üzə gəlib.
Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 25-də tay-breykdə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıb. Rəcəbəv 1/8 finalda Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdırıb. Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olub. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət