Slimfit
  1. TEXNOLOGİYA

Texnologiya nəhəngləri sizin məlumatlarınızla əslində nə edir?

Texnologiya nəhəngləri sizin məlumatlarınızla əslində nə edir?
Sakura

Hər bir mobil telefon, sosial şəbəkə istifadəçisi nəzarətdədir

Telefonunuzdakı hərəkətliliyi izləmək, mesajlarınızda tədqiqat aparmaq və sizin məlumatlarınızı üçüncü tərəf şirkətlərə ötürmək.

Bu, sizin bəzi texnologiya şirkətlərinin tətbiqetmələri və səhifələrində qeydiyyatdan keçərkən razılaşdığınız məqamlardan sadəcə üçüdür.

BBC araşdırması göstərib ki, "gizlilik siyasəti və şərtlərdə" istifadə olunan bəzi "dilləri" anlamaq üçün bəzən universitet təhsilinə ehtiyac var.

Bununla yanaşı, məlumatların necə istifadə olunduğu ilə bağlı bəzi təəccüblü reallıqlar da var.

1. Sizin harda olduğunuz izlənilir - buna icazə verməsəniz belə

Tətbiqetmələrin bir çoxu telefonunuzun GPS funksiyası vasitəsilə sizin dəqiq ünvanınız barədə məlumatlar almağa çalışır. İstifadəçilər bundan imtina edə bilərlər.

Lakin hətta imtina etdikdən sonra belə, onlar sizin harda olduğunuz barədə məlumat ala bilir.

Misal üçün, Facebook GPS-dən kənar sizin yeriniz barədə məlumatlar ala bilir. Şirkət sizin İP ünvanlarınız, harda olduğunuz barədə qeydləriniz və işirak etdiyiniz tədbirlər vasitəsilə yeriniz haqda məlumat toplayır.

Həmçinin Twitter də sizin hazırki yerinizlə bağlı məlumatları İP ünvan və cihazın parametrlərindən "istəyir". Bu, sizin hesabınızı "təhlükəsiz və etibarlı qurmağa və qorumağa" imkan verir.

2. Şirkətlər məlumatlarınızı öz filial şirkətlərinə ötürür...

Siz "şərtlər və qaydalar"la razılaşanda məlumatlarınızı adətən konkret şirkətlə paylaşmırsınız, eləcə də bir çox alt qrup şirkətlər var.

Misal üçün, tanışlıq tətbiqetməsi olan Tinder-in topladığı məlumatlar tətbiqetmənin məxsus olduğu Match Group şirkətinin alt şirkətləri olan "OkCupid", "Plenty of Fish", və "Match.com"-la paylaşılır.

Tinder məlumatların paylaşılmasının tətbiqetmənin işlədilməsi, müştəri xidmətləri, marketinq və hədəf reklamı və eləcə də istifadə qaydalarını pozan istifadəçilərin uzaqlaşdırılması məqsədi daşıdığını deyib.

LinkedIn 2016-cı ildə Microsoft şirkəti tərəfindən alınıb. Onun gizlilik siyasətində deyilir ki, "şirkətin təklif etdiyi digər xidmətlərdən, eləcə də Microsoft daxil olmaqla digər daxili şirkətlərin xidmətlərindən istifadə etdiyiniz zaman sizin məlumatlarınız toplana bilər".

3. ... və əlbəttə ki, üçüncü tərəf şirkətlər

Siz tətbiqetmələrin öz qaydalarını oxumalı olduğunuz bəs deyilmiş kimi, həm də orda qeyd olunan digər şirkətlərin qaydalarını oxumağınız da tələb oluna bilər.

Amazon şirkəti məlumatlarınızı üçüncü tərəflə paylaşa biləcəyini deyir: onlar istifadəçilərin gizlilik siyasəti və istifadə qaydalarını çox diqqətli oxumalı olduğunu bildirir.

Əgər "Apple" məhsulları istifadə edirsinizsə, bilin ki, sizin məlumatlarınız informasiyanın toplanması, kreditlərin verilməsi və s xidmətlər göstərən şirkətlərlə paylaşılır.

Wikipedia isə sizin şəxsi məlumatlarınızı üçüncü tərəflə marketinq məqsədilə paylaşmır.

4. Tinder "hərəkət" məlumatlarını belə toplayır

Bəzən tətbiqetmələr ad, yaş və yerlə bağlı məlumatları toplamaqla kifayətlənmir.

Tanışlıq tətbiqetməsi olan Tinder telefonunuzun hərəkətliliyini və telefonunuzu hansı formada və bucaqda saxladığınızı belə öyrənir.

Şirkət bu məlumatların nə üçün istifadə olunduğunu demir.

5. Facebook sizin "silinmiş axtarışlarınızı" saxlayır

Facebook axtarış tarixçəsini silmək funksiyası ilə istifadəçilərə tarixçənin silindiyi təəssüratını verir.

Əslində isə tarixçə silinmir.

Şirkətin məlumat siyasətində qeyd olunur ki, siz axtarış tarixçəsini istənilən vaxt silə bilərsiniz, lakin "tarixçə bazadan 6 aydan sonra silinəcək".

6. Hətta tətbiqetmədə olmayanda belə izlənmək

Facebook tətbiqetmədən kənarda olanda, hətta tətbiqetmədə qeydiyyatdan keçmədikdə belə məlumatlarınızı izləyir.

Şirkətin məlumat siyasətində deyilir ki, onlar "reklamçılar, tətbiqetmə mühəndisləri və nəşr şirkətləri" ilə əməkdaşlıq edir və onlar şirkətə "sizin Facebook-dan kənar nə etdiyiniz haqqında" məlumat verir.

Bu məlumatlara sizin cihazınız, daxil olduğunuz səhifələr, alış-verişləriniz, gördüyünüz reklamlar və s aiddir.

7. LinkedIn şəxsi mesajlarınızı oxuyur

Əgər şəxsi mesajlarınızın "şəxsi" olduğunu düşünürsünüzsə, yanılırsınız.

LinkedIn-in gizlilik siyasətində şirkətin "avtomatik mesaj oxuma texnologiyasından" istifadə etdiyi deyilir.

Twitter isə sizin mesajlarınızı saxlayır və "emal edir".

Şirkət bu məlumatları xidmətdən istifadəni daha yaxşı anlamaq məqsədilə sizin kimlərlə əlaqə qurmağınızı üçün istifadə edir, lakin mesajların içini oxumur.

8. Əgər yaşınız 18-dən azdırsa, valideynləriniz də sizinlə bir oxumalıdır

Apple şirkətinin qaydalarında deyilir ki, yaşı 18-dən az olanlar razılaşmanın tam dərk edildiyini təmin etmək məqsədilə qaydaları valideynləri və ya qəyyumları ilə birgə oxumalıdırlar.

BBC araşdırması göstərir ki, gizlilik siyasəti və istifadə qaydalarını oxumaq böyük insan üçün orta vaxtla 40 dəqiqə vaxt deməkdir.

9. iPhone telefonunuzu nüvə silahı düzəltmək üçün istifadə etməyin

Apple şirkəti İngiltərədə istifadəçilərinə tətbiq etdiyi istifadə qaydalarında deyir ki, şirkətin məhsulları "ABŞ qanunlarında qadağan olunan hər hansı məqsədlərlə" istifadə edilməsin.

Onların izahatına görə, bu, şirkətin məhsullarını "nüvə, raket, kimyəvi və ya bioloji silahların hazırlanması, dizaynı, istehsalında istifadəni məhdudlaşdırmadan qadağan edir".

Mənbə:BBC Azərbaycanca

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR