Tərtər rayonunda su arxının kənarında mərmi aşkarlanıb
Oktyabrın 7-də saat 16:33-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunda yeni salınmış qəsəbədən keçən su arxının kənarından bir ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində su arxının kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 60 millimetrlik minaatan mərmisi (M-49) aşkarlanıb. Həmin mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərminin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət