Valideynlərə məsləhət görülür ki, uşaqlarını Azərbaycan bölmələrinə qoysunlar
2018-2019-cu tədris ilində Azərbaycan məktəblərinin rus bölməsinə gedəcək birinci sinif şagirdləri müxtəlif problemlərlə üzləşməli olacaq. Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, 2018-ci ildə nazirliyə 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib.
Yəqin rus dilinin Azərbaycanda dövlət dilindən sonra öz əhəmiyyətinə görə ikinci yeri tutduğunu xatırlatmağa ehtiyac yoxdur. İşəgötürənlər adətən işə götürəcəkləri şəxsin minimum üç dil (Azərbaycan, rus, ingilis) bilməsi tələbini irəli sürürlər.
Son illərdə respublikamızda öz uşaqlarını məktəblərin rus bölmələrinə yerləşdirən valideynlərin sayının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bunu təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında təsdiqləyib.
O, qeyd edib ki, son üç ildə rus bölmələrində oxuyan şagirdlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ekspertin sözlərinə görə, hazırda məktəblilərin 17%-i 1-ci sinifdən 11-ci sinfə qədər rus dilində təhsil alır.
Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Bununla yanaşı, Azərbaycanda 500 minədək adam xarici dil kimi rus dilini seçir. Son iki il ərzində, şagirdlərin birinci sinfə elektron qəbulu ilə əlaqədar olaraq öz uşaqlarını rus bölmələrinə verməyi arzu edən valideynlərin sayı kəskin şəkildə artıb.
"Təbii olaraq, bu, valideynlərin konstitutsion hüququdur. Lakin sonra bunun ciddi nəticələri olacaq. Əgər rus bölməsinə şagirdlərin qəbulu ilə bağlı vəziyyəti beş-on il əvvəlki vəziyyətlə müqayisə etsək, görərik ki, sonradan tələbələr təhsil dilini dəyişmək məcburiyyətində qalıblar" — deyə Əsədov bildirib.
O bildirib ki, rus bölməsində təhsil alan şagirdlərin heç də hamısı 11-ci sinfi bitirə bilmir: "Təəssüf ki, bu, universitetə qəbul planında da aydın şəkildə görünür. Baxmayaraq ki, dövlət universitetlərə qəbul zamanı rus bölmələri üçün də planlaşdırılan yeri ayırır, amma vakant yerlər 100 faiz tutulmur".
Ekspertin dediyinə görə, bu səbəbdən də universitetlərin rus bölmələrinə qəbul balı aşağı düşür: "Misal üçün, əgər abituriyentlər Azərbaycan bölmələrinə seçdikləri ixtisaslar üzrə 660-670 balla qəbul olunursa, rus bölmələrində həmin istisaslara yiyələnmək üçün 400-450 bal kifayət edir".
Bu gün ən ciddi rəqabət dördüncü ixtisas qrupunda müşahidə edilir. K.Əsədovun fikrincə, problemin kökündə o dayanır ki, valideynlər uşaqlarının xarici dil bilməsini arzulayaraq onları rus bölmələrinə yerləşdirirlər: "Nə qədər ki, uşaq ibtidai siniflərdə təhsil alır, problem yaranmır. Artıq yuxarı siniflərə keçəndə, şagirdlər bu yükün öhdəsindən gələ bilmirlər. Odur ki, Azərbaycan bölməsinə keçirlər və əksər hallarda 9-cu sinifdən məktəbdən ayrılırlar".
"Təsəvvür edin ki, sinifdə 30 uşaq var. Onların 15-nin valideyni rus dilində təhsil alıb, qalanlarının isə rus dili ilə heç bir əlaqəsi yoxdur. Dili bilməmək təhsil prosesinin ortasında ciddi fəsadlar doğurur. Uşaqlar pedaqoqu başa düşmürlər və bu da ciddi problem yaradır" — deyə həmöhbətimiz vurğulayıb.
Əsədov valideynlərə məsləhət görür ki, uşaqlarını Azərbaycan bölmələrinə qoysunlar: "Əgər valideynlər arzu edirlərsə ki, uşaqları xarici dilləri də bilsin, o zaman onları əlavə repetitorların yanına qoysunlar. Bu problem üzündən rus bölmələrində təhsil alanların 40%-i rus dilində təhsildən imtina edir. Bu səbəbdən də universitetlərdə rusdilli abituriyentlərin sayının həddindən artıq az olduğu müşahidə edilir".
Mütəxəssis rus bölməsində təhsillə bağlı başqa bir problemə də toxunub. Bu, rus bölmələrində peşəkar kadrların — pedaqoqların çatışmaması ilə bağlıdır: "Əgər valideynlərin arzusunu nəzərə alaraq əlavə rus bölmələri açmalı olsalar, müəllimlərlə bağlı problem yaranacaq. Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlarda rus dili müəllimləri aşağı nəticələr göstərirlər. Lakin Nazirlik onları işə götürməyə məcburdur. Nəticədə isə yenə də valideynlər o müəllimlərdən narazı qalırlar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət