Təhsil Nazirliyi işçi axtarır - SİYAHI
Təhsil Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elanı verib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, müsahibədə nazirlikdə inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. “Dövlət qulluğu haqqında” qanunun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Vakant vəzifələrin siyahısını təqdim edirik:
- Nazirliyin Aparatı, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, şöbə müdiri
- Bakı şəhəri üzrə Təhsil İdarəsi, müdir müavini (2 ştat vahidi)
- Bakı şəhəri üzrə Təhsil İdarəsi, Maliyyə və mühasibatlıq sektoru, sektor müdiri
- Sumqayıt şəhər Təhsil Şöbəsi, müdir müavini
- Hacıqabul rayon Təhsil Şöbəsi, müdir müavini
- Qubadlı rayon Təhsil Şöbəsi, müdir müavini
- Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsi, şöbə müdiri
Müsahibədə iştirak etmək üçün ərizə və kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) təqdim edilməlidir. Ərizələrin qəbulu iyulun 13-ü saat 18.00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00 -dan 13.00-dək və 14.00-dan 18.00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.
Telefon: 012 599 11 55 (5407)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət