Slimfit
  1. AZƏRBAYCAN

Təhsil müəssisələri müasir standartlara uyğun qurulur

Təhsil müəssisələri müasir standartlara uyğun qurulur
Sakura

Təhsil müəssisələri müasir standartlara uyğun qurulur

Azərbaycanda dövlət təhsilin inkişafına həmişə, xüsusi önəm verib. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir.

Dövlət başçısı Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Artıq Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir.

Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi xüsusi diqqət mərkəzindədir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında, nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Dövlət proqramlarının icrası nəticəsində, son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Son günlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə açılışı olan məktəblər müasir standartlara uyğun qurulub. Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə, Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə, Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə, Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə, Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə və s. əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məktəblərin bir qismi sovet dövründə inşa olunan məktəblərdir. Bəzisini bir əsrdən çox yaşı var. Müasir standartlara cavab verən təhsil müəssisəsində informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.

 

Mənbə : Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR