Slimfit
  1. İQTİSADİYYAT

Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib

Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib
Sakura

Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Bildirilib ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 %-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 13 min kubmetrdən 1 600 kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 %-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının  önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az//%22documents/DVA.pdf/%22) yerləşdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR