Tarakanlar və milçəklər çoxalır, kəpənəklər və arılarsa azalır. Nə üçün?
Həşəratların 40 faizi yox olmaq üzrədir.
"Biological Conservation" jurnalında dərc edilmiş yeni araşdırmada qeyd edilir ki, məməlilər, quşlar və sürünənlərlə müqayisədə arıların, qarışqaların və böcəklərin nəsli 8 dəfə tez tükənir.
Eyni zamanda, bəzi həşərat növlərinin, məsələn, tarakanların sayı sürətlə artır.
Həşəratların azalmasının əsas səbəbi kənd təsərrüfatının inkişafı, zəhərli kimyəvi maddələrdən istifadə və iqlim dəyişikliyidir.
Həşəratlar niyə vacibdir?
Yer üzündə canlıların böyük əksəriyyətini həşəratlar təşkil edir. Quşlar, yarasalar və kiçik məməlilər məhz həşaratlarla qidalanır. Dünya üzrə tozlandırmanın 75 faizi onların sayəsində baş verir, həşəratlar torpağı yumşaldır və zənginləşdirir, zərərvericilərin çoxalmasının qarşısını alır.
Araşdırmalar göstərir ki, bir çox həşərat növlərinin, məsələn arıların sayı xeyli azalıb. İnkişaf etməkdə olan ölkələrdə bu, daha çox müşahidə edilir.
Əlverişsiz mühit
Yeni təhlil son 13 ildə dərc edilmiş 73 anoloji araşdırmanın nəticələrini əhatə edir. Orda qeyd edilir ki, həşəratlarının üçdə biri yox olmaq təhlükəsiylə üz-üzədir, yaxın onillikdə onların ümumi sayı 40 faiz azala bilər.
Araşdırmanın baş müəllifi, Sidney Universitetinin professoru Fransisko Sançes-Bayonun sözlərinə görə, əsas faktor kənd təsərrüfatı, urbanizasiya və meşələrin qırılmasıdır.
"İkinci səbəb gübrə və pestisidlərdən istifadə, o cümlədən, müxtəlif kimyəvi çirkləndiricilərdən zəhərlənmələrdir.
Üçüncüsü, bu, həm də bioloji faktorlara, məsələn, bəzi həşərat növlərinin və patogen mikroorqanizmlərin ekspansiyasına görə baş verir.
Və nəhayət, qlobal istiləşmə - tropik bölgələrdə onun təsiri xüsusilə hiss olunandır".
Araşdırmada həmçinin qeyd edilir ki, Almaniyada və Puerto-Rico-nun tropik meşələrində qanadlı həşərat növlərinin kəskin azalması qlobal istiləşməylə bağlıdır.
Bəzi ekspertlər bu məlumatları "ayılmaq" üçün siqnal hesab edirlər.
Onurğasızların yox olması təhlükəsinə qarşı mübarizə aparan "Buglife" təşkilatının fəalı Met Şardlou deyir ki, məsələ təkcə arılarda və ya tozlandırmada deyil.
"Söhbət heç ondan da getmir ki, bizim üçün ərzaq tədarükü problemi yarana bilər. Tükənmə təhlükəsi həmçinin heyvan və bitki tullantılarını təkrar "istehsal" edən gübrə böcəklərinə, çəyirtkələrə, çay və gölməçələrdə yaranan digər həşərat növlərinə də aiddir.
Getdikcə daha çox aydın olur ki, planetimizin ekoloji balansı pozulmaqdadır və bu dəhşətli tendensiyanın qarşısını almaq üçün geniş miqyaslı tədbirlər görülməlidir. Həşəratların tədricən yox olmasına imkan vermək rasional seçim olmazdı".
Zərərvericilərin sayı artır
Araşdırma müəllifləri həşəratların yox olmasının bütün yem zəncirinə təsir edəcəyindən narahatdırlar. Quşların çoxu, suda-quruda yaşayanlar və balıqlar məhz həşəratlarla qidalanırlar, ona görə də onların da mövcudluğu risk altındadır.
Hərçənd bəzi həşərat növləri yeni şərtlərə adaptasiya ola biləcəklər.
Araşdırmada iştirak etməmiş professor Deyv Qulson (Sasseka Universiteti) deyir ki, sürətlə çoxalan zərərverici həşəratlar daha isti temperaturda özlərini yaxşı hiss edə bilərlər, çünki onların daha yavaş çoxalan təbii düşmənləri məhv olacaqlar.
"Çox mümkündür ki, nəticə etibarilə dünyada zərərvericilərin sayı daha çox olacaq, bizim xoşumuza gələn gözəl həşəratların - arıların, kəpənəklərin və gübrə böcəklərininsə nəsli tükənəcək".
Bunun qarşısını necə almaq olar?
Professor Qulson əlavə edir ki, bəzi həşərat növləri, məsələn, otaq milçəkləri və tarakanlar antropogen mühitə yaxşı adaptasiya olunurlar və pestisidlərə qarşı dözümlü ola bilərlər.
Həşəratları qorumaq üçün insanlar bəzi üsullara əl ata bilərlər. Məsələn, öz bağçalarında zəhərli kimyəvi maddələrdən istifadə etməməklə onlar üçün münbit şərait yarada və ya ancaq orqanik məhsullar ala bilərlər.
Afrika və Cənubi Amerikada da bu cür araşdırmalara ehtiyac var, çünki araşdırmadakı məlumatların 99 faizə Avropa və Şimali Amerikadan toplanıb.
Həşəratların böyük qismi məhv olsa, onları yeniləri əvəzləyəcək, amma bunun üçün çox böyük vaxt lazım gələcək.
Professor Qulson keçmişdə baş vermiş kütləvi yoxoloma hallarına diqqət çəkir.
"Sağ qala bilmiş növlər evolyusiya prosesindən keçərək yeni növlərə çevriliblər. Ona görə də mən şübhə etmirəm ki, milyon ildən sonra XX-XXI əsrlərdə nəsli tükənən həşəratların yerinə yeniləri gələcək. Ancaq bu bizim uşaqlarımız üçün zəif təsəllidir".
Mənbə: BBC
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət