Slimfit
  1. İQTİSADİYYAT

TANAP Avropaya bağlandı

TANAP Avropaya bağlandı
Sakura

TANAP Avropaya bağlandı

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışıblar.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğuladı. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışıb.

“Bu, həm də bir sülh layihəsidir”, - deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirib. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi olub.

Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir.

Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və indiyədək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR