Tallinndə Azərbaycan poeziya axşamı
Tallinn şəhərinin Rahva Rraaamat kitab şəbəkəsi mağazasında "Nizami" Azərbaycan poeziya axşamı keçirilib. Gecəni Azərbaycan həftəsonu məktəbinin rəhbəri, “Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva təşkil edib.
Azərbaycan poeziya axşamında tamaşaçılar dahi filosof şairlər Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin həyatı və yaradıcılığı ilə tanış oldular.
“Orhan” Azərbaycan həftəsonu məktəbinin müəllim və şagirdlərinin ifasında görkəmli şairlərin şeirləri Azərbaycan, rus və ingilis dillərində səsləndirilib. İfa olunan "Sənsiz" romansı və "Füzuli" kantatası tamaşaçıların böyük rəğbətini qazanıb.
Tallinndə yaşayan və poeziya gecəsində iştirak edən Xalq Şairi Nəbi Xəzrinin nəvəsi Nigar Oktay babasının yaradıcılığı ilə tamaşaçıları tanış edib və onlara görkəmli şairin “Azərbaycan” şeirini oxuyub.
Tamaşaçılar müxtəlif əsrlərdə yaşayıb yaratmış dahi Azərbaycan şairlərinin şeirləri haqqında fikirlərini bölüşüb və tədbir olduqca maraqlı keçib. Poeziya axşamının iki saatdan çox keçməsinə baxmayaraq Azərbaycan poeziyasından həzz almış tamaşaçılar salonu tərk etmək istəməyiblər. Gecənin təşkilatçısı Sənəm Əliyeva baharda yenidən belə bir poeziya gecəsi keçirəcəyini bildirib.
Sonda Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi iştirakçıları Azərbaycan şirniyyatlarına qonaq edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət