Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt

Süni intellekt
Sakura

Süni intellekt

Robotlar haqqında nə bilirsiniz?
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?
Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika (robotics) olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır. Süni intelekt                                         

Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar, mobil robotlar və humanoid robotlar.

  1. Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar vasitəsilə idarə olunur.
  2. Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə olunur.
  3. Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır.

Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdir: mütəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər. Suni intellekt (artificial intelligence) elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər II Dünya müharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif edilmişdir.
Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə kompüter proqramlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul olur. Kompüter üçün çox çətin hesab edilən məsələlərdən bəzisini (məsələn: şahmat oynamağı) proqramlaşdırmaq, əslində, asan oldu, ancaq proqramlaşdırma baxımından asan hesab edilən məsələləri (məsələn: nitqin tanınması və bir dildən başqasına tərcüməni) gerçəkləşdirmək çox çətin problemə çevrilib. Süni intellekt sahəsində praktik həyata keçirilmiş proqramlar içərisində şahmat proqramlarını, eləcə də tibb və başqa sahələrdə istifadə olunan ekspert sistemlərini qeyd etmək olar.
Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir.
1.Biliklərə əsaslanan sistemlər (knowledge-based systems). Bu, süni intellektin əsas tədqiqat istiqamətidir və ekspert sistemlərinin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması, biliklər bazasının yaradılması ilə bağlıdır.
2.Süni intellekt üçün proqram mühəndisliyi (software engineering for AI). Bu istiqamət çərçivəsində intellektual məsələlərin həlli üçün xüsusi proqramlaşdırma dilləri (məsələn: LISP, Prolog) yaradılır. Bundan başqa, intellektual sistemlərin hazırlanmasına yönəlik tətbiqi proqram paketləri və ya süni intellektin proqram alətləri işlənib-hazırlanır. Biliklər bazasmı konkret biliklərlə doldurmaqla müxtəlif tətbiqi sistemlərin hazırlanması üçün nəzərdə tutulmuş "örtüklərin" — boş ekspert sistemlərinin yaradılması da bu istiqamətə aiddir.
3.Təbii dilin emalı (natural language processing). Süni intellektin və hesablama dilçiliyinin bu ümumi istiqaməti danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyi ilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək.
4.Maşın tərcüməsi (machine translation). Mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi üçün kompüterlərdən istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaradılmasından dərhal sonra ABŞ-da irəli sürülüb. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşm tərcüməsinin keyfiyyəti, demək olar ki, qaneedici olmur. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür.
5.Obrazların tanınması (pattern recognition). Obyektlərin kompüterin köməyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud örnəklərlə tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğulardan, məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sistemləri və başqa qurğulardan istifadə olunur.
6.Robototexnika (robotics). Bu istiqamət robotların yaradılması və onların öyrədilməsi ilə bağlıdır.
7.Yeni aparat təminatı platformaları və arxitekturaları (new hardware platforms and architectures). Müasir kompüterlərdə istifadə olunan prosessorlar birinci nəsil kompüterlərdə olduğu kimi, ənənəvi fon Neyman arxitekturasına əsaslanır. Simvollu emal üçün bu arxitektura çox səmərəsizdir.
Ona görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir ki, simvollu və məntiqi verilənlərin emalı üçün nəzərdə tutulmuş aparat arxitekturalarının işlənib-hazırlanması istiqamətində çalışırlar. Uğurlu həllər tapılsa da, baha başa gəlməsinə, proqram təminatının yetərincə olmamasına, ənənəvi kompüterlərlə uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir.
8.Oyunlar və maşm yaradıcılığı (games and computational creativity). Süni intellektin ilk çağlarında oyun tipli (şahmat, dama, qo) intellektual məsələlərin həlli istiqamətində geniş tədqiqatlar aparılırdı. Kompüter tərəfindən musiqi, şeir, nağıl və hətta aforizm yaratmaq bu istiqamətə aid edilir.
9.Maşın təlimi (machine learning). Bu istiqamət süni intellektin sürətlə inkişaf edən sahəsidir. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formalaşdınlmasına yönəlik model, metod və alqoritmləri əhatə edir. Son zamanlar bu istiqamətə sürətlə inkişaf edən «verilənlərin intellektual analizi» (data mining) və «biliklərin aşkarlanması» (knowledge discovery) — verilənlər bazalarında qanunauyğunluqların axtarılması sistemləri çox yaxınlaşır. Süni sistemlərin “intellektuallığını” müəyyənləşdirmək üçün ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) bir smaq təklif etmişdir. Türinq sınağı (Turing test) adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın intellektindən nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.
Həm də imitasiya oyunu (imitation game) adlandırılan Türinq sınağı zamanı sınaqçı iki görünməz respondentə — insana və maşına — onlardan hansının insan, hansının maşın olduğunu müəyyənləşdirməkdən ötrü bir sıra suallar verir. İdeya ondan ibarətdir ki, maşınla əlaqədar olan kimsə onun cavablarını insanın cavablarından fərqləndirə bilməsə, onda maşın intellektual hesab edilə bilər.
Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan keçirilən “intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaqda yerləşdirilir. Onların qarşısında monitor və klaviatura olur. Ekranda o biri iştirakçıların adları göstərilir. Onların hər biri bilir ki, bu adlardan biri kompüterə məxsusdur, ancaq bunun hansı ad olmasını heç kəs bilmir. İştirakçılar klaviaturadan istifadə etməklə bir-birinə istənilən sualı verə bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər: məsələn, “Sizin fikrinizcə, sabah hava necə olacaq?” sualına həmsöhbətinizdən belə bir cavab eşitmək qəribə olardı: “Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12°C olacaq." İnsan, yəqin ki, belə bir cavab verərdi:“Məncə, yağış yağacaq və təxminən 10° istilik olacaq”.

Müəllif:Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: Ümumtəhsil məktəblərinin 11- ci sinfi üçün İnformatika fənni üzrə Dərslik

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR