Sumqayıtda daha bir vəkil bürosu əsaslı təmirdən sonra istifadəyə verilib
Oktyabrın 11-də Sumqayıtda 1 saylı vəkil bürosunun əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, qurumun üzvləri, veteran vəkillər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə büroda yaradılan şəraitlə tanış olublar.
Kollegiyanın sədri A.Bağırov kollektivlə görüşdə bildirib ki, Sumqayıtda keçən əsrin ortalarından fəaliyyət göstərən yeganə hüquq məsləhətxanasının şəhərin 70 illik yubileyi ərəfəsində əsaslı təmirdən sonra istifadəyə verilən yeni ofisi ən müasir avadanlıqla təchiz olunub. Təmir işlərinin vaxtında və keyfiyyətlə başa çatdırıldığını vurğulayan A.Bağırov burada əhaliyə hüquqi xidmətlərin yüksək səviyyədə göstərilməsi və müştəri məmnunluğuna nail olunması üçün hər cür şəraitin yaradıldığın diqqətə çatdırıb. Bir müddət əvvəl Sumqayıt Regional Vəkil Bürosunun yaradıldığını deyən sədr görülən bu işlərin şəhərin 70, Azərbaycan vəkilliyinin isə 100 illiyinə böyük töhfə olduğunu bildirib.
Hazırda Sumqayıtda üç vəkil bürosunun fəaliyyət göstərdiyini deyən A.Bağırov ölkəmizdə vəkillərin iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən veteranlar son dövrdə ölkəmizdə vəkilliyin sürətli inkişafından danışıb, bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət