Slimfit
  1. GÜNDƏM

Sultan bəyin məzarı həqiqətənmi Bursadadır? - Açıqlama

Sultan bəyin məzarı həqiqətənmi Bursadadır? - Açıqlama
Sakura

Sultan bəyin məzarı həqiqətənmi Bursadadır? - Açıqlama

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov Bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması barədə təxminlər mövcuddur. Xalq qəhrəmanının məzarının abadlaşdırılması vacib məsələdir, lakin bəzi araşdırmaçılar hesab edirlər ki, Sultan bəyin gerçək məzarı Bursa şəhərindədir. Ona görə də onun məzarının Qarsda olması barədə qəti fikir söyləmək mümkün deyil. Hələ 2016-cı ildə məzarın baxımsız vəziyyətdə olması xəbəri mətbuatda yayılanda millət vəkilləri Mahir Abbaszadə və Qənirə Paşayeva dərhal reaksiya verərək məzarın abadlaşdırılması üçün mühüm addımlar atılacağını bildirmişdilər. Bu yaxınlarda sözügedən mövzu ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədr müavini Samir Adıgözəlli Koçköydə Sultan bəyin abidəsinin ucaldılması üçün deputat Mahir Abbaszadədən addım atmasını gözlədiyini bildirmişdi. Qeyd edək ki, BDM sədri İsmayıl Ağayevin rəhbərliyi ilə 2 il öncə Koçköy kəndində Sultan bəyin ehtimal olunan məzarı önündə tədbir keçirilmiş, məzarın üstünə portreti qoyulmuşdur. Karabakhmedia.az olaraq mövzunun aktuallaığını nəzərə alaraq Xalq qəhrəmanının məzarının yerinin dəqiqləşdirilməsi və həyatının mühacirət dövrünun araşdırılması üçün gələcək planlar barədə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırıcısı Nəsiman Yaqublunun və Laçın rayonundan olan tanınmış ziyalıların fikirlərini öyrəndik. Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik.

Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik. 

N. Yaqublu bizimlə söhbətində bildirdi ki Sultan bəyin məzarını görmədiyi üçün harada olduğunu dəqiq bilmir.

"Düzü, aradan keçən illər ərzində unutmuşam ya Məhəmməd Kəngərli, ya da Cəmil Ünal mənə bu məlumatı demişdi. Belə eşitmişəm ki, Sultan bəy Türkiyəyə gələndə bir sıra yerlərə gedib, daima yaşamaq üçün Bursanı seçib. Dediklərinə görə Bursanı ona görə seçib ki, oranın dağları, meşələri, ümumiyyətlə təbiəti Laçına çox oxşayırmış. Ona görə də eşitdiyimə görə Bursada yaşamağa üstünlük vermişdir. Lakin Sultan bəyin məzarının yeri haqqında məndə informasiya yoxdur və bunu kimlərsə deyirsə onu təsdiq etməlidir. Xosrov bəyin məzarı tapıldı, yeri də bilindi, məzar daşında onun haqqında yetərli məlumat da vardır. Sultan bəyin məzarı haqda isə belə qəti fikir söyləmək çətindir". 

Məhəmməd Kəngərli ilə Cəmil Ünalın Sultan bəylə görüşdüklərini isə tarixçi alim belə cavablandırdı: "Xeyr, onların görüşləri olmayıb, çünki həmin dövrdə onlar heç Türkiyədə olmayıblar. Məlum olduğu kimi Sultan bəy 1942-ci ildə dünyasını dəyişəndə artıq ikinci dünya savaşı başlamışdı. Məhəmməd Kəngərli həmin vaxt Almaniya tərəfdə legionerlərin tərkibində sovetlərə qarşı döyüşdə idi. Cəmil Ünal isə həmin dövrdə azyaşlı uşaq olub. Həmin dövr çox ağır bir dövr idi, müharibənin dəhşətləri hamının başını qatmışdı. Sultan bəylə əlaqəsi olan adamlardan demək olar ki, heç kəs qalmayıb, müharibə gedirdi, bəziləri legionerlərin tərkibində vuruşurdular. Yaşlı nəslin çoxu dünyasını dəyişib, bəyi şəxsən tanıyanların bəziləri isə siyasi baxışlarına görə həmin vaxt Türkiyədən qovulmuşdular. Yəni mənim bundan artıq məlumatım yoxdur".

Mövzu ilə bağlı Laçın rayonunun tanınmış ziyalısı Qəzənfər Hüseynovdan da münasibət öyrəndik: “Bir qeyri hökümət təşkilatı mənsubu Türkiyənin Kars ətrafında Köçköy məzarlığında tapdıqları və ətrafında şəkil çəkdirdikləri məzarın rəhmətlik Sultan bəy Paşabəy oğluna aid olduğunu iddia edirlər. Bu məzarın bəyə məxsus olması dəqiqləşmədiyi üçün həmin iddianı yanlış hesab edirəm. Mənə elə gəlir ki, onları bəyin məzarının həmin kənddə olmasına inandıran bir fakt var ki, aldığım məlumata görə həmin kənddə yaşayan əhalinin soyadları Laçındır. Bu olduqca əsassız bir faktdır, birinci ona görə ki, Sultan bəy sovet höküməti qurularkən Azərbaycandan mühacirətə gedəndə, indiki Laçın rayonu və bu adda şəhər yox idi. Laçın şəhəri 1923-cü ildə şəhər kimi tikilməyə başlamış və bu adı şəhərin üst hissəsində yerləşən Laçın dağından almışdır. Türkiyədə onların getdikləri kənd tərəkəmə camaatı olub, orada bir nəfər də olsun belə Laçın rayonundan gedən əhali yoxdur. Ola bilsin ki, həmin məzar Sultan adlı bir nəfərindir, ancaq Paşabəyin oğlu Sultan bəyə məxsus olması çox tərəfdən təsdiqini tapmalıdır. Düşünürəm ki, bəyin məzarının tapılması elmi tədqiqat işidir, QHT işi deyil. Mən bilmirəm onlar hansı maliyyə mənbəyi ilə Türkiyəyə səfər edib, məzar tapıb, orada şəkillər çəkdirib, Sultan bəyin məzarını guya tapdığınızı iddia etmişlər, ancaq bizim rayondan Milli Məclisə deputat seçilmiş Mahir Abbaszadə və onunla bərabər bizim Laçın rayondan bir qrup ziyalılar onların tapdıqları məzarı daha əvvəl və sonralar da öz şəxsi vəsaitləri hesabına ziyarət etmişlər, ancaq əsaslı faktlarla həmin məzarın Sultan bəy Paşa bəy oğluna məxsus olduğu öz təsdiqini tapmamışdır. Mahir Abbaszadə işçi qrupu yaratmış, bu gün də bəyin məzarının tapılması istiqamətində ciddi iş aparılır. Ona görə də mən bir qrup Laçının tanınmış ziyalıları xahişi ilə onların və öz adımdan Samir Adıgözəllinin newscenter.az adlı saytda gedən yazısına etiraz edir və istədikləri vaxt onlarla bu mövzunu müzakirəyə hazır olduğumuzu bəyan edirəm. Onu da əlavə edim ki, Sultan bəyin bəylik şəcərəsini arxivlərdən İsmayıl Ağayevin tapması haqda saytda gedən məlumatlar da yanlışdır. Sultan bəyin mənsub olduğu şəcərənin bəylik statusu haqda şifahi məlumatlar bizim yaddaşımızda olmaqla bərabər, tarix elmləri doktoru, professor Şikar Qasımovun Sultan bəy haqda elmi kitabında rəsmi sənədlərlə qeyd edilmişdir. Lakin atalar məsəlində deyildiyi kimi "yanlış da bir naxışdır", onların yanlışı bizi həqiqətə doğru aparır. Lap yaxın vaxtlarda Sultan bəyin məzarının yerinin dəqiqləşməsi işləri yekunlaşmaq üzrədir".

"Millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Sultan bəyin qəbrüstü abidəsini ucaltmaq üçün Qarsa yola düşdük".

Sulta bəyin Qarsda iddia olunan məzarının eskiz layihəsini hazırlayan memar Azər Məmmədov da məzarın Sultan bəyə aid olmasına şübhə edir: "Mən eşitmişdim ki, Xalq qəhrəmanı Sultan bəyin məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndində tapılıb və məzarın indiyədək üstü götürülməyib. Hətta məzarın son dövrlərdə çəkilmiş fotoşəklini görəndə çox məyus oldum. Dostlarla olan bu söhbətdən bir müddət sonra işimlə əlaqədar xarici ölkələrdən birinə getmişdim. Xaricdə yaşayan vətənsevər bir iş adamı qohumumla görüş zamanı mən Sultan bəyin qəbrinin Türkiyədə tapıldığını və qəbrin çox baxımsız halda olduğunu ona dedim. Qohumum mənə dedi ki, sən qəbrin üstünün abadlıq eskizini hazırla, qalan işləri mən həll edərəm, yəni qəbrin üstünü abadlaşdıraram. Biz razılaşdıq və mən Azərbaycana qayıdanda məzarüstü abidəyə eskizlər hazırlamağa başladım. Hətta Sultan bəyin gildən heykəlinin maketini hazırladım. Bir abidənin eskizini hazırlamaq üçün memar ilk olaraq abidənin quraşdırılacağı və yaxud tikiləcəyi əraziyə baxmalı, ərazinin ölçülərini götürüb həmən ölçülərə və situasiyaya uyğun eskiz layihəsi hazırlamalıdır. Bu baxımdan əlimdə olan yeğanə material olaraq qəbrin fotosundan istifadə etməli oldum. Adətən qəbristanlıqlarda ətrafda olan qəbirlər ərazinin abadlaşdırılmasını məhdudlaşdırır. Ona görə də mənim mütləq Qarsa getməyim lazım idi. Sonra millət vəkili Mahir Abbaszadə, tanınmış geoloq Azər Şükürov, telejurnalistlər Mircavad Rəhimov, İbrahim Mirzəyev və mən, birgə Qarsa getdik. Azərbaycanın Qarsdakı konsulu Həsən müəllimin qəbulunda olduq. Həsən müəllim gəlişimizin məramına görə bizə təşəkkür edib gecəni Qarsda qalmağı və səhər tezdən Koçköyə getməyimizi məsləhət bildi və dedi ki, Sultan bəyin nəvəs sayılan, Türkiyədə otel, tikinti biznesi ilə məşğul olan Yücel bəy də onun dəvəti ilə Koçköyə gəlib. Biz Koçköyə gəldikdə köydə Yücel bəy və Sultan bəyin qohumları sayılan bir neçə nəfərlə görüşdük. Yücel bəy digər qohumları ilə bizi qəbristanlıqda Sultan bəyin məzarı üstünə gətirdi. Qəbrin yanında təxmınən 2,5 x 1,5 ölçüdə metal çərçivəyə salınmış reklam baner üzərində Sultan bəyin şəkli olan lövhə quraşdırıldığını gördük. Lövhəyə baxanda hiss olunurdu ki, yaxın bir neçə ay içərisində Azətbaycandan gələn bir qeyri hökumət təşkilatı tərəfindən quraşdırılıb. Sultan bəyin qohumlarıyla söhbət zamanı məlum oldu ki, babalarının adı əslində Qürbət olub. Qürbət 1920-ci illərdə bu kəndə gəlib. Sonra yerli bir qadınla ailə qurmuş və ölənə (1935-ci ilə qədər) qədər bu köydə yaşamışdır. Evləndikdən bir müddət sonra qayınatasına bildirib ki o, Azərbaycanın Laçın rayonundan gəlib və əsl adı Sultandır (yəni Sultan bəydir). Təhlükəsizlik baxımından adını dəyişdirmişdir. Qohumları Xosrov bəyi tanıyırmısızmı sualımıza da xeyr, tanımırıq cavabını verdilər. Doğrusunu desək, bu söhbətlərdən sonra məzarın həqiqətən bizim Xalq qəhramanı Sultan bəyə aid olduğuna məndə şübhə yarandı. Sultan bəyin kimlərdənsə qorxub adını dəyişməsi, Türkiyədə yaşayan qardaşı Xosrov bəylə əlaqəsinin olmaması, o dövrlərdə İstiqlal savaşı aparan bir dövlətdə Sultan bəy kimi bir igid insanın bir dağ köyünə çəkilib passiv həyat sürməsi heç bir məntiqə sığmırdı. Yücel bəylə və digər qohumları ilə xudahafizləşib geri dönərkən Mircavad bəy dedi ki, mənə elə gəlir bu qəbir Sultan bəyə aid deyil. Mən də Mircavad bəylə həmfikir olduğumu bildirdikdən sonra bu məsələni ətraflı araşdırıb sonra qəbrüstü abidənin düzəldilməsi qərarına gəldik. Azərbaycana qayıtdıqdan sonra Mahir müəllim 1918-1920-ci illərdə ADR liderlərinin həyatını araşdıran tarixçi alim Nəsiman Yaqublu ilə görüşmüşdü. Söhbət zamanı Nəsiman bəy ona bildirmişdi ki, Sultan bəy Türkiyə İstiqlal savaşında Atatürkün yaxın silahdaşlarından biri olub. Nəsiman bəy Mahir müəllimə bildirmişdi ki, bizimlə Türkiyəyə gedib onun tanıdığı adamlarla Sultan bəy haqqında ətraflı və səhih məlumatlar toplamağa, onun məzarının dəqiq yerini müəyyənləşdirməyə kömək etməyə hazırdır. Lakin işlərinin çox olması səbəbindən bir müddət gözləmək lazımdır. Bu səbəbdən də biz Mahir müəllimlə Nəsiman bəyin birgə səfər üçün münasib vaxt ayırmalarını gözləyirik”.

Müstəqil araşdırmaçı Orxan Cəbrayıl isə Sultan bəy Sultanovun məzarının Bursa şəhərində olması ilə bağlı məlumatların olduğunu deyir: "Belə bir versiya var ki, Sultan bəy Türkiyədə mühacirətdə olduğu dönəmdə Qarsın Koçköy kəndində yaşamış və orada vəfat etmişdir. Lakin həmin məzarın üzərində Sultan bəyə aid olması ilə bağlı heç bir yazı yoxdur. Ümumiyyətlə, Sultan bəyin Qarsda yaşaması, orada vəfat etməsi və məzarı haqqında bilgilər heç bir sənədə, tarixi mənbəyə əsaslanmadan bir fərziyyə olaraq irəli sürülüb. Kənd camaatı məzar sahibinin 1935-ci ildə vəfat etdiyini bildirirlər. Lakin Sultan bəy 1942-ci ildə vəfat edib. Sultan bəyin qohumları olduğunu iddia edən adamlar Xosrov bəy haqqında heç bir məlumata sahib deyillər. Hansı ki, həmin vaxtlar Xosrov bəylə Sultan bəyin əlaqələri olub və təsadüfi deyil ki, Xosrov bəy qardaşının vəfat etməsi ilə bağlı “Cümhuriyyət” qəzetinin 15 aprel 1942-ci il sayında məlumat veribdir. Məlumat üçün bildirim ki, həm Sultan bəy, həm Xosrov bəylə bağlı bütün işlər millət vəkili Mahir Abbaszadənin nəzərindədir. Bir dəfə nümayəndə heyəti göndərib, bir dəfə də bilavasitə özü Qarsda, Koçköy kəndində gedərək, həmin naməlum məzara baş çəkib. Məzarın abadlaşdırılması ilə bağlı yetkililərlə də görüşüb. Mən özüm də məzarın Sultan bəyə aid olması ilə bağlı şübhələrimi ona çatdırmışam. Çünki, həm ora gedən nümayəndə heyyətinin, həm də mənim o kənddən olan insanlarla ünsiyyətim zamanı belə bir qənaətə gəldik ki, həmin məzar Sultan bəyə aid deyil. Sonralar Türkiyə Cümhuriyyəti Dövlət arxivindən Xosrov bəylə bağlı əldə olunan bəzi sənədlərdə onun tez-tez Bursaya səfər etməsi ilə bağlı bilgilər əldə etdik. Bu işlə əlaqədar olaraq mən 1 il əvvəl Bursada oldum, ancaq ciddi bir məlumat əldə edə bilmədim. Amma bu yöndə axtarışlar davam edir. Abidə ucaltmaq, məzarı abadlaşdırılmaq fərziyyələr üzərindən hərəkət etməklə mümkün olacaq bir iş deyil. Düşünürəm ki, bu axtarışların nəticəsi bəlli olduqdan sonra məzarın abadlaşdırılması istiqamətində işlərin görülməsi daha məqsədəuyğun olar. Azərbaycanın istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adları əbədiləşdirilməli, layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir".

Xatırladaq ki, Türkiyədə nəşr edilən "Cümhuriyyet" qəzetinin 15 aprel 1942-ci il sayında Dr.Xosrov Sultanlının adından Sultan bəyin vəfatı ilə bağlı belə bir xəbər gedib:
"Azərbaycanın Qarabağın tanınmış şəxsiyyətlərindən olan qardaşım Sultan Bəy aramızdan əbədiyyən ayrıldığı üçün mərhumun cənazəsi mərasimində iştirak edərək, teleqraf, məktub göndərərək və ziyarət edərək başsağlığı verən dostlarımıza və vətəndaşlarımıza ayrı-ayrılıqda təşəkkür etməyə kədərimiz səbəbilə vaxt tapmadığımız üçün möhtərəm qəzetinizi məsləhət görürük.
Azərbaycanlı Dr.Xosrov Sultanlı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR