Slimfit
  1. ƏDƏBİYYAT

Süleyman Sani Axundovun xatirələri (II hissə)

Süleyman Sani Axundovun xatirələri (II hissə)
Sakura

Süleyman Sani Axundovun xatirələri (II hissə)

Çərik səfəri


Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik, Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz var idi. Tağı əmi məni bikef gördükdə: Qəm yemə. Biçin qurtarıb xırman başlandıqda, gəlib səni də aparacağam. Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, - deyə mənim könlümü aldı. Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı. Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı burada qalmışdır. Onunkunu da, özününkünü də götür, orada balıq tutarsınız - deyə Tağı əmi tapşırdı. Hazır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq qayırmışdı. Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə verərək, dedi: Al bəhləni gey, qırğını sən aparacaqsan, arabanı mən sürəcəyəm. Mən buna çox şad idim. Şəngül və Axtar məndən də artıq şad idilər. Anam məni ötürdükdə: Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, - deyə tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük. Şəngül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9-10 kilometr yol idi. Çəriyin tarlalarına çatdıqda Axtar ilə Şəngül ovlamağa başladılar. Tağı əminin gözləri tulalarda idi. Axtar ovun izinə düşmüşdür. Qırğını mənə ver, - deyə Tağı əmi arabadan düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğını ovcuna aldı. Axtara yaxınlaşaraq: Axtar, bas, - deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğını gəmşədi. Bildirçin əlli addım qaçmışdı ki, qırğı onu havada caynağına alıb yerə endi. Mənzilə gəlib çatınca Tağı əmi altı bildirçin tutdu. Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də yenicə doğmuşdu. Ləzzətli bulaması var, - deyə Tağı əmi təklif etdi. Mənim gəlməyimə Məmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə məşğul, oynamağa uşaq yox. Balıq yerinə ilan


Bir gün Məmmədağa ilə dəyirmanın aşağısında çinarların kölgəsində oturub, qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın nəticəsində adama barmaq iriliyində iki balıq tutmuşduq. Eh! Indiyə kimi əlimizlə gölmələrdən bundan çox tuta bilərdik, - deyə Məmmədağa şikayətləndi. Doğru deyirsən, dur gedək axtaraq, - deyə mən də onun fikrinə şərik oldum. Dəyirmanı yatırdıqda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxın suyu kəsilərdi. Su ancaq oyuqlarda, çuxurlarda gölmə tutardı. Məmmədağa ilə bu gölmələrdə balıq axtarırdıq. Yenə də ayaqlarımızı soyunub, qollarımızı çirmələyərək balıq axtarmağa başladıq. Bir az vaxtda 7-8 balıq tutduq. Arx aşağı gedərkən bir böyük gölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su gölmədə göbəyimizə kimi çıxırdı. Bir az suyu araşdırmışdıq ki, Məmmədağa səsləndi: Vay, balıq əlimə dəydi! Hanı, hanı? - deyə mən də onun yanında axtarmağa başladım. Bir azdan sonra mənim də əlimə bir uzun şey dəydi. Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, ucları diş-diş bir ilan suyun üzünə çıxdı. İlan! - deyə qışqırdım. Biz cəld sudan çıxdıqda ilan da üstümüzə hücum edərək quruya çıxdı. Lakin gölmənin ətrafı yamac olduğundan sürüşüb, yenə suya düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər. Ilan sudan bir barmaq yuxarıda deşik tapıb başını oraya soxmuşdu. - Adamlar kürək ilə onu öldurüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi: Yaxşı salamat qurtarmısınız. Bu ilan gürzədir. Çox zəhərli ilandır. Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir. Mən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də öldürmüşdüm. Lakin gürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda bilmədim. Buna səbəb Krılovun "Uşaq və ilan" təmsili idi ki, uşaqlığımda əzbərlətmişdilər. Indi də onu yadımda saxlamışam. İstər ikən balıq tuta, ilan tutub bir uşaq, Parçalanıb qorxudan o vaxtında dil-dodaq. Ilan baxıb uşağa aqil ol, deyib, əgər Artsa belə cürətin, çox zərər sənə dəyər. Hifz elədi bu səfər allah səni, şükr qıl, Bundan sonra zarafat etdiyini tanı, bil.

Talesiz quşcuğaz


Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi. Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir gün Məmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam qayıdacaqdılar. Tağı əmi dedi: Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi: Vəzifələrimizi ayıraq. Axtar ilə Şəngül bildirçini izləyib qaldıracaqlar, mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır. Sən də onları bu torbaya dolduracaqsan. Mən Tağı əminin sözünə gülüb dedim: Mənim işim hamısından asandır. Ov üçün uzaq getmək lazım deyil. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin - "bit-billit" səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdıqda: Axtar, tet! Şəngül, tet! Ha burda, ha burda, Şəngül qaldı! - deyə tulaları ovlatmağa başladı. Bu gün Şəngül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir kolun içinə girdi. Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda olacaqdır, - deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola çatdılar. Ikisi də başlarını kolun içinə soxduqdan sonra dal-dalı çəkilməyə başladılar. Bu vaxt biz onlara çatdıq. Tağı əmi, tulalar nə üçün geri çəkildilər, - deyə soruşdum. Yəqin ilan görmüşlər, bu saat bilərik, - deyə Tağı əmi kola diqqətlə baxmağa başladı. - Səhv etməmişəm, ilandır, özü də gürzə. Qıvrılıb yatmışdır. Bu saat onu tutacağam, - deyə Tağı əmi qırğını mənə verdi. Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb, tutardı. Indi də tənbəki çubuğunu cibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. Ilan hərəkətsiz qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi: İlanın zəhərindən başqaları öldüyü halda, ilan özü tənbəkinin qırından zəhərlənib tələf olur. Indi bu ilan şişib kötük kimi olacaqdır. - Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını məndən alıb: Axtar, tet! Şəngül, tet! - deyə tulaları kola girməyə çağırdı. Şəngül ilanın ölüsündən də qorxaraq kola yaxın düşmədi. Axtar isə özünü kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Məlum oldu ki, bildirçin ilan fəqərəsindən istifadə edərək özünü başqa yerə vermişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qüruba enirdi. Torba da getdikcə şişirdi. Daha kifayət edər, - deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki, Şəngül ayağını qaldıraraq, Tağı əminin üzünə baxdı. Bu da Şəngülün xatiri üçün, - deyə Tağı əmi qırğını ovcuna aldı. Şəngül bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı əmi bunu qırğıya vermək istədikdə: Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, - deyə rica etdim.Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim. Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi. Bildirçini cibimdə əlimlə tutmuşdum. Zavallı heyvancığın ürəyi elə döyünürdü ki, deyəsən bu saat partlayıb, çanı çıxacaqdı. Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim. Tağı əmi ilanı göstərərək dedi: Görürsən, necə şişmişdir? Mənim yenə də fikrim cibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı əmi məni fikirli görərək dedi: Görürəm, həm yorulmusan, həm də acmısan, beləmi? Səbir elə, evə yaxınlaşmışıq. Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam. Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin mənə qəmgin və pərişən edən cibimdəki quşcuğaz idi, ona çox acıyırdım. Indi bunu Tağı əmidən almağıma peşman idim. Bu torbada başları kəsilmiş quşlara heç də acımırdım onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşcuğazın ürəyi döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə təsir edirdi. Nə edim? Buraxımmı? Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu yaramaz, - deyə fikrimi dəyişdirmək istədim. Lakin cibimdə ürəyi döyünən heyvancıq mənim də ürəyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi. Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda belə bir hiylə gəldim: bir az Tağı əmidən geriyə qalaraq, əlimi cibimdən çıxarıb: Vay, yıxıldım! - deyə özümü yerə atdım. Bildirçin cibimdən çıxıb pırıltı ilə uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı. Ayaqlarından uzun qayış sallana-sallana bildirçini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı. Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum: Tağı əmi, tox qırğı da ov dalınca gedərmi? Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, deyə Tağı əmi təbəssüm ilə cavab verdi.

Qayıbın iti


Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə dövləti əlindən çıxıb, bir cüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona Qaraqıllı adlı bir çoban iti yadigar qalmışdı. Sonsuz Qayıb kişi bu köpəyi övlad kimi sevirdi. Hərgah bir adam ondan: Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? - deyə sual etsəydi. Əlbəttə arvadımın, - deyə cavab verərdi. Qayıb kişinin bu itə belə məhəbbət bağlaması hamısını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər ki, bir falçı onu inandırıb ki, nə qədər Qaraqıllı sağdır, sən bir zaman; yenə irəliki kimi dövlət sahibi olacaqsan. İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, qüvvətli, cəsur və hünərli bir heyvan idi. Uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan bir qurd Qayıbın sürüsünə yaxın gələ bilməzmiş. "Qayıbın iti" adı ilə ətrafda məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tərif etdikdə: Nə çox tərif edirsən? Qayıbın iti olmayacaqdır ki, - deyə onun sözünü kəsərdilər. Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü görməmişdim. Qayıbın iti hürməzdi. Yol ilə dinc gələn adamlarla isə işi olmazdı. Başqa itlər kimi onların üstünə getməzdi. Lakin, birisi qabağından istər atlı, istər piyada qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı. Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti də yanında idi. Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə dedi: Boz madyanı min, bunları Hümmətgilə apar. Hümmət Tağı əminin xalası oğlu və həm də qaynı idi. Tağı əmi məni ata mindirdikdə dedi: Bax, Qayıbgilin obasının yanından keçərkən atı yavaş sür. Olmaya-olmaya çapasan. Arxayın ol, Tağı əmi, çapmaram, - deyə ona söz verdim. Hümmət əmigil ilə bizim aramız üç kilometrə kimi idi. Gedənbaş obanın yanından salamat keçib getdim. Tapşırığı əmələ gətirib qayıdarkən yenə obanın yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi. Bunun səsini eşitcək başqaları da tökülüb gəldilər. Atı addım-addım sürərkən nəzərim itlərdə idi. Onların içində Qayıbın itini arayırdım. Lakin ona oxşar bir it yox idi. Bu mənə ürək verdi. Bir qədər getdikdən sonra itlərin səsləri kəsilməkdə idi. cürətlənib madyanı tərkimlədim. Bir də baxıb gördüm ki, tozu duman kimi qaldıraraq, bir qara it gəlir. O saat atı saxladım. It mənə çatan kimi atın önündə ayaq üstə qalxdı. Başı atın başı ilə bərabər oldu. Qorxudan nəfəsimi içimə çəkmişdim. Bir az belə durduqdan sonra Qaraqıllı dönüb yavaş-yavaş getməyə başladı. Mən elə qorxmuşdum ki, atı yavaş sürməyə də cürət etmirdim. It xeyli getmişdi ki, mən də atı yürüş ilə sürməyə başladım. It obaya yaxınlaşırdı, mən də mənzilə. Yox, daha gəlməz, - deyə özümə ürək verdim. Tağı əmigil də təpədən mənə tamaşa edirdilər. Bu mənə cürət verdi, madyanı çapmağa başladım. Tağı əmi əlilə mənə nə isə işarə edirdi. Lakin mən nə istədiyini anlamadım. O və başqaları mənim qarşıma tərəf yüyürməyə başladılar. Bundan mən şübhələnib geriyə baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım. İt irəliki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O saat köpək madyanın alt dodağını dartıb parçaladı. It bununla kifayətlənərək obalarına tərəf yola düşdü. Madyanın ağzından qan çeşmə kimi axırdı. İt gözdən itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı əmi hamıdan irəli gəlib çatdı. İt səni yaralamayıb ki? - deyə təşvişlə soruşdu. Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, - deyə cavab verdim. Madyan cəhənnəmə, sən salamat çıxmısan. Min belə madyan sənə qurban, ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR