Spiker Sahibə Qafarova Ərdoğanla görüşəcək – RƏSMİ
Sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.
Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər sentyabrın 12-də başa çatacaq.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət