Soyqırımın 28 ili: bu gün Xocalı faciəsinin ildönümüdür
XX yüzilliyin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş növbəti vəhşiliklərin zirvəsi idi. Bu gün həmin soyqırım aktının 28-ci ildönümünüdür.
Faciənin başlanması
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.
Öncə şəhər ağır artilleriya atəşinə tutuldu, qrad, top və digər hərbi texnikalardan intensiv atəş nəticəsində dağıdıldı. Fevralın 25-dən 26-na keçən gecə piyada qoşunları bir neçə istiqamətdən köməksiz vəziyyətdə qalmış şəhərə hücuma keçdilər. Bombardmandan sağ çıxmış dinc əhaliyə amansız əzab, olmazın zülüm verdilər.
Xocalıya üç istiqamətdən hücum efildiyindən əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu.
Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdi.
Erməni silahlıları həmin gün ağır işgəncələrlə 613 nəfər mülki şəxsi qətl etdilər, 421 nəfər ağır xəsarət aldı.
Vəhşi üsullarla həmyerlilərimiz edam olunur, gözləri çıxardılır, bədənlərinin müxtəlif hissələrini kəsilir, hamilə qadınların qarnı yarılaraq bətinlərindəki körpələr çıxarılır, insanlar diri-diri torpağa gömülür və ya yandırılırdılar.
Ens.az xəbər verir ki, faciə nəticəsində 1275 nəfər itkin düşdü və əsir götürüldü, şəhər yerlə yeksan edildi, binalar dağıdıldı və yandırıldı. 68 nəfər qadın və 26 uşaq da daxil olmaqla 150 nəfərin taleyi indyədək məlum deyil. Faciədə mindən çox mülki şəxs müxtəlif dərəcəli ağır güllə yaraları alaraq əlil oldu. Öldürülənlər arasında 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca var. 487 nəfər şikəst oldu, bunların arasında 76 yeniyetmə var.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq - bir valideynini itirdi. 56 nəfər diri-diri yandırıldı.
Hər il Avropa Birliyinin demək olar ki, bütün üzv ölkələrində, eləcə də MDB, Asiya, Cənubi və Şimali Amerikada konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanıyıblar. Xocalı faciəsi 31 ölkənin parlamenti tərəfindən rəsmən bəşəriyyətə qarşı cinayət kimi tanınıb.
Ümid edirik ki, ən yaxın vaxtlarda Xocalıda törədilmiş dəhşətli cinayətin müəllifləri qanuni cəzalarını alacaq və ən əsası... Xocalı şəhəri işğaldan azad ediləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət