Slimfit
  1. MƏDƏNİYYƏT

Lerik tarixi-arxeoloji abidələrlə zəngindir

Lerik tarixi-arxeoloji abidələrlə zəngindir
Sakura

Lerik tarixi-arxeoloji abidələrlə zəngindir

Azərbaycan zəngin maddi mədəniyyətə malik ölkədir. Əsrlərdən bizə miras qalmış tarixi abidələrimiz keçmişimizin qaranlıq qalan səhifələrini izləməyə imkan verir. Cənub bölgəmizin qədim tarixinin zənginliyi də burada müxtəlif dövrlərə aid arxeoloji abidələrin mövcudluğu ilə özünü təsdiqləyir. Buradakı arxeoloji abidələrin tədqiqi qədim zamanlarda bölgədə cərəyan etmiş sosial-iqtisadi prosesləri, demoqrafik vəziyyəti, ərazinin məskunlaşma problemini, insanların təsərrüfat həyatını və mədəni inkişaf səviyyəsini izləmək üçün çox əhəmiyyətlidir. Bu tip tarixi ərazilərdən biri də öz füsunkar təbiəti, əzəmətli dağları, tarixi qalaları, zəngin flora və faunası ilə zəngin olan Lerik rayonudur. 

Rayon ərazisində insanlığın ilk məskunlaşdığı dövr olan qədim Daş dövrünə məxsus əmək alətləri tapılmışdır. Buradakı Buzeyir mağarası isə cənub bölgəsinin Paleolit dövrünə aid ən qədim insan məskənlərindən biridir. Mağara paleolitşünas alim, tarix elmləri doktoru Əsədulla Cəfərov tərəfindən 1985-ci ildə qeydə alınmış və 1990-cı ildə abidədə ilkin arxeoloji qazıntılar aparılmışdır. Alimin qənaətincə, Cənubi Qafqazda Azıx mağarasından sonra ən qədim tapıntı olan Buzeyir mağarası Paleolit dövrünün Mustye mərhələsinə aid olub 120.000 illik qədim tarixə malikdir. Rayon ərazisində Ə.Cəfərov tərəfindən 2007-ci ildə Zuvandçay ərazisində də eyni adlı Paleolit dövrü abidəsi qeydə alınmış və bu abidədə 2011, 2012 və 2015-ci illərdə əsaslı arxeoloji qazıntılar aparılmışdır. Zuvandçay abidəsi, ilkin ehtimala görə, Üst paleolit və Mustye dövrünə aiddir. Həm Buzeyir, həm də Zuvandçay abidələri Paleolit dövrü mağara-düşərgələri kimi ibtidai insanların yaşayışı üçün əlverişli yer olmuşdur. 
Ümumiyyətlə, cənub bölgəsinin arxeoloji abidələrinin öyrənilməsinə hələ XIX əsrin 90-cı illərindən başlanılmışdı. Ovaxtkı qazıntılar Fransanın Sen-Jermen muzeyinin əməkdaşı olmuş Jak de Morqanın adı ilə bağlıdır. O, Lerik rayonu ərazisində bir çox abidələri qazmış və əldə etdiyi maddi mədəniyyət qalıqlarını Fransanın Sen-Jermen muzeyinə göndərmişdi. Onun qazıntılarının səciyyəsi və çox qədim qiymətli əşyalar əldə etmək məqsədi tədqiqatçılar tərəfindən dəfələrlə qeyd edilmişdir. Hətta sonralar Rusiya İmperator Arxeoloji Cəmiyyəti Morqana Rusiya imperiyası hüdudlarında qazıntılar aparmağı qadağan etmişdi.
Morqanın qazıntılarından sonra bu ərazidə uzun müddət heç bir genişmiqyaslı arxeoloji tədqiqat işləri aparılmamışdır. Bölgənin arxeoloji irsi içərisində ən zəngini Son tunc-İlk dəmir dövrünə məxsus abididələr təşkil edir ki, bunlar da əsasən kurqanlar və daş qutu qəbirlərdir. Bu dəfn abidələri bölgənin qədim sakinlərinə mənsub olub Son tunc-İlk dəmir dövrü tayfalarının sosial-iqtisadi, mədəni və mənəvi inkişaf tarixinin öyrənilməsi baxımından xüsusi elmi əhəmiyyətə malikdir. XX əsrin 60-70-ci illərində Fərman Mahmudovun və 80-90-cı illərində Qoşqar Qoşqarlının rəhbərliyi altında bölgədə bu dövrə aid abidələrdə aparılmış arxeoloji kəşfiyyat işləri gələcək tədqiqatlar üçün başlanğıc rolunu oynamışdır. 
Cənubi Qafqazda Son tunc-İlk dəmir dövründə cəmiyyətin inkişaf səviyyəsini əks etdirən əsas arxeoloji mədəniyyətlərdən biri də məhz Muğan mədəniyyəti olmuşdur. Bu mədəniyyət Muğan düzü, Lənkəran düzənliyi və Talış dağlarını əhatə edir. Muğan mədəniyyətinin öyrənilməsinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Son tunc-İlk dəmir dövrünə aid edilən abidələr miladdan əvvəl II-I minilliklərdə təsərrüfatın başlıca sahələrinin inkişaf istiqamətlərini və bu prosesin necə getdiyini göstərir. Belə ki, əgər miladdan əvvəl III minillikdə təsərrüfatda əsasən əkinçilik üstünlüyə malik idisə, artıq miladdan əvvəl II minillikdə yarımköçəri və köçəri maldarlıq təsərrüfatı başlıca sahəyə çevrilmişdir. Məhz bu baxımdan da son illərdə bəzi elmi problemlərin daha əhatəli öyrənilməsi üçün arxeoloji tədqiqatlara başlanılmış və Lerik rayonu ərazisindəki Son tunc-İlk dəmir dövrü qəbir abidələri və dəfn adətlərinin də araşdırılması qarşıya məqsəd qoyulmuşdur.
Daş qutu qəbirlərdə dəfnetmə adəti ilk dəfə Erkən tunc dövründən meydana gəlir. Sonrakı Orta və Son tunc dövrlərində, daha sonra Dəmir və Antik dövrdə onlar bütün Qafqazda aparıcı dəfn tiplərindən birinə çevrilir. Bu qəbir tipi xüsusən dağlıq Talışda və Muğan düzündə, Azərbaycanın Son tunc-İlk dəmir dövrünün Xocalı-Gədəbəy arxeoloji mədəniyyətində, elə həmin dövrün Dağıstandakı Qayakənd-Xoroçoyevsk mədəniyyətində, Şimali Qafqazın Koban mədəniyyətində qəbirlərin əsas tipi hesab edilir. Tədqiq olunan daş qutu qəbirlərin bölgədə yaxın analogiyaları da çoxdur. Jak de Morqan İran ərazisində də (1888-1891-ci illər) qazıntılar apararaq çoxlu sayda daş qutu qəbirləri qeydə almış və müqayisəli şəkildə onları miladdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid etmişdir. 
Son tunc-İlk dəmir dövrünə məxsus daş qutu qəbirlərin əksəriyyətində skeleti olmayan qəbirlərə rast gəlinir. Jak de Morqan Lerik rayonu ərazisindəki Keraveladi nekropolunda qazıntısını apardığı qəbirlərin heç birində skeletə rast gəlinmədiyini yazır və onları qarət edilmiş qəbirlər adlandırır. Skeletsiz qəbirlərin meydana çıxma səbəbləri barədə elmi ədəbiyyatda müxtəlif fikirlər irəli sürülmüş, onların uzaqda həlak olmuş tayfa üzvlərinə və ya naməlum şəraitdə ölmüş və meyiti tapılmamış şəxslərə aid olması və s. kimi mülahizələr irəli sürülmüşdür. Azərbaycan ərazisində Son tunc-İlk dəmir dövründə bəzi qəbirlərdə dəfn prosesinin skeletsiz həyata keçirilməsi ilə bağlı elmi ədəbiyyatlarda irəli sürülən mülahizələrin, demək olar ki, əksəriyyəti vahid fikirlərin formalaşmasına gətirib çıxarmışdır. Tədqiqatlar zamanı məlum olmuşdur ki, bu dəfn adətləri yaylaq-qışlaq maldarlığı ilə məşğul olan tayfaların mənəvi mədəniyyətinin göstəricilərindən biridir. 
Lerik rayonunda üzə çıxarılmış arxeoloji artefaktlar özlərinə ən dəqiq paralelləri Talışın düzən hissəsi və Muğan ərazisindəki Uzuntəpə abidələri kompleksində tapır. Uzuntəpə abidəsindən əldə olunmuş materiallarda Qarabağdakı Xocalı-Gədəbəy, Naxçıvandakı Qızılburun və şimal-qərb bölgəsindəki Yaloylutəpə arxeoloji mədəniyyətlərinin təsirinin açıq-aydın olduğunu göstərir və bu arxeoloji materialların Muğan mədəniyyətinə aid olması söylənilməklə bərabər, onun izlərinin Cənubi Qafqazın bir çox yerlərində, Talışda və İranın qərb rayonlarında tapıldığı bildirilir. Aparılmış təhlillərdən belə nəticəyə gəlinmişdir ki, bu regionda mövcud olan çoxsaylı abidələr yerli ənənənin dayanıqlığından və qədim Azərbaycan xalqının bir çox nəsilləri tərəfindən yaradılan maddi və mənəvi mədəniyyətin irsiliyindən xəbər verir. 
Arxeoloji abidələrlə zəngin olan Lerik rayonu ümumilikdə cənub regionunun qədim dövr maddi mədəniyyətinin öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir. İstisna deyil ki, bu abidələri yaradan qədim dövr tayfaları müəyyən lokal ərazilərə sahib olmuş və gözəl sənət əsərləri hazırlamışlar. Xüsusilə də abidələrin tapıntıları arasında mühüm yer tutan silahlar, saxsı qablar, müxtəlif bəzək əşyalarından ibarət zəngin maddi mədəniyyət nümunələri qeyd olunanlara əyani sübutdur. Gələcəkdə burada aparılacaq sistemli arxeoloji qazıntılar nəticəsində zəngin maddi mədəniyyət nümunələrinin aşkarlanacağı şübhəsizdir. Eyni zamanda bu abidələrin tədqiqatları zamanı qədim dövr sakinlərinin təsərrüfat həyatı, məişəti, maddi mənəvi mədəniyyəti haqqında dolğun məlumat əldə etmək mümkün olacaqdır.

Anar AĞALARZADƏ,
tarix üzrə fəlsəfə doktoru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR