Slimfit
  1. CƏMİYYƏT

Son 10 ilin paradoksu haqda: “Həqiqəti gizlədirlər”

Son 10 ilin paradoksu haqda: “Həqiqəti gizlədirlər”
Sakura

Son 10 ilin paradoksu haqda: “Həqiqəti gizlədirlər”

Nemət Əliyev: “Fakt odur ki, əhalisinin həyat səviyyəsi aşağı düşüb”

10 il ərzində (2008-2018-ci illər) əhalinin sayı 13% artıb - 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb. Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi, təxminən 10% və 700 mln. kvt-saat azalıb. Nəticədə həmin dövrdə sırf məişətdə istifadə baxımından qaz istehlakının adambaşına illik istehlakı 351 kubdan 308 kuba, elektrik istehlakı isə 847 kvt-saatdan 677 kvt-saata enib. Hər nəfər hesabı ilə götürdükdə istehlakda daha kəskin azalma var - qazda 12%, elektrikdə 20%.

Xəbər verdiyimiz kimi, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat paylaşmışdı. O bildirmişdi ki, əhalinin 13% artdığı bir dövrdə, üstəgəl rəsmi məlumatlara görə ölkədə qazlaşdırmanın 55-60%-dən 90%-ə qədər yüksəldyi bir zaman intervalından söhbət gedir: “Məsələn, qaz istehlakı artıb, elektrikdə azalma olsaydı, bunu əhalinin mənzillərin qızdırılması, isti su tələbatı üçün elektrik enerisindən imtinası ilə əlaqələndirmək olardı.

“Daha bir arqument bu ola bilər ki, mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə mənzillərdə istilik enerjisinin istehlakı artır. Bu, gerçəkdir - 10 ildə bu mənbədən alınan enerjinin həcmi 4 dəfə artıb”, - deyə Ağayev bəzi səbəblərdən bu mənbənin ciddi təsirini də istisna edir.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Nemət Əliyev deyib ki, əgər 2008-2018-ci illərdə Azərbaycan əhalisi həqiqətən artıbsa, onda adambaşına elektrik enerjisi və təbii qaz istehlakı mütənasib şəkildə artmalıdır: “Çünki bu, ölkədə ümumi həyat səviyyəsinin pisləşməsi ilə əlaqəli proseslərin qarşısını almaq üçün vacib şərtdir. Tam şəkildə anlaşılması üçün, əvvəlcə son illərdə adambaşına düşən ümumi enerji istehlakı səviyyəsinin dəyişməsini yaxından nəzərdən keçirməliyik. Qeyd olunan dəyər də əhalinin həyat səviyyəsinin dəyişməsinin dolayı dəlilləridir - nə qədər aşağı olsa, vətəndaşlar bir o qədər pis yaşayırlar”.

“Rəsmi məlumatlar göstərir ki, ölkəmizdə nəinki elektrik enerjisi və təbii qaz istehlakı azalıb, 2005-2018-ci illərdə ümumi enerji istehlakı səviyyəsi də aşağı düşüb. Əgər 2005-ci ildə adambaşına enerji istehlakı 1,7 ton (neft ekvivalenti ilə) idisə, sonrakı illərdə 1,6 tona endi. Yeri gəlmişkən, bu göstərici təbii qaz və elektrik enerjisi də daxil olmaqla enerjinin bütün növlərinin istifadəsini əks etdirir” - deyə müsahibimiz bildirib.

Əliyev, həmçinin son illərdə enerji istehlakının azalmasının təkcə ev təsərrüfatı seqmentində baş vermədiyini qeyd edib: “İstehlak, hətta sənaye və tikinti sahələrində (33%-dən çox), kommersiya və ictimai xidmətlərdə (5%-dən çox) də azalma olub. Bu vəziyyətin əhalinin həyat səviyyəsinin pisləşməsi və iqtisadi aktivliyin zəifləməsi ilə əlaqəli olması istisna deyil. Buna son 10 ildə təbii qaz, elektrik enerjisi və digər enerji daşıyıcılarının qiymət artımı da təsir edir. Qiymət artımı nəticəsində əhalinin alıcılıq qabiliyyəti pisləşdi, bu tendensiya 2014-cü ildən bəri ən açıq şəkildə özünü büruzə verdi. 2014-cü ildən 2018-ci ilə qədər əhalinin gəlirləri 17 milyard dollar və ya 33% azalıb”.

“Nəhayət, eyni dövrdə azərbaycanlıların orta aylıq əmək haqqı 567 dollardan 367 dollara düşdü. Belə şəraitdə enerji istehlakının azalması tamamilə məntiqlidir. Əlbəttə ki, xaricə gedən minlərlə insanın, Bakıda istilik enerjisinin istehsalı və istehlakının artması, reallıqların gizlədilməsi və saxtalaşdırılması kimi amillər siyahısına digər səbəblər də əlavə edilə bilər. Ancaq mənim fikrimcə, ən tutarlı səbəb ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsidir”, - iqtisadçı vurğulayıb.

Qeyd edək ki, "Azəriqaz"ın rəsmi məlumatına görə, ötən il oktyabrın 1-nə ölkədə qaz istifadəçilərinin ümumi sayı 2 milyon 246 min 968 nəfər olub. Bunlardan 2 milyon 215 min 900 abunəçi əhali kateqoriyasına aiddir. İstehlakçılar tərəfindən təbii qaza olan tələbat payız-qış mövsümündə 35-38 milyon kubmetr, yaz-yay mövsümündə gündə 7-8 milyon kubmetr səviyyəsində qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR