Şimali Karolinada yaşayan sumqayıtlı rəqqasə
Bəlkə də çox adam bilmir ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən "Gülnarə" rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.
Deyir ki,- “Mən o məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı versin”- http://www.reqs-mektebi.az-baku.com/history.html
Sadə azərbaycanlı ailəsində böyüyüb boya-başa çatıb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq alır. Məğlubiyyəti xoşlamır. Daim zəfər çalmağa çalışır...
Bakıda dünyaya gəlsə də 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini 1985-ci ildə orada- 15 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt flialının axşam şöbəsinə qəbul olunub. 1991-ci ildə oranı mühəndis-kimyaçı texnoloq kimi bitirib. Eyni zamanda, 1985-ci ildən 1994-cü ilədək Üzvi Kimya Zavodunun layihə şöbəsində çalışıb. 1994-1996-cı illərdə Sintetik Kauçuk Zavodunun yanğından mühafizə xidmətində növbətçi dispeçer vəzifəsində işləyib. Həmin illər Bakıda fəaliyyət göstərən bal rəqsləri məktəbində incəsənətin bu növünün sirlərinə yiyələnib. 1996-1999-cu illərdə Sumqayıtda “SK klubu” adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Sonra bir il "Gülnarə" rəqs məktəbində müəllim işləyib...
...Ömür-gün yoldaşı Ceri Rey avio mütəxəsisdir. İki övladı var- böyük oğlu Daniyar 18, ikinci oğlu Timoti 16 yaşındadırlar...
Gülnarə xanım 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına gələndən sonra bir neçə il “Target” mağazalar şəbəkəsində işləyib. 2006-cı ildən “Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışır. Həmin studiya 1947-ci ildən fəaliyyətdədir. Burada orta yaşlı həvəskarlara bal rəqslərinin sirlərini öyrədirlər. Kollektiv dəfələrlə klublar arası müsabiqələrdə finala çıxaraq, mükafatlara layiq görülüb...
Bütün bunlarla yanaşı, Gülnarə xanım San Fransisko Sağlamlıq Məşqçiləri İnstitutunda online təhsil alır. Bu ilin əvvəlindən “True Healt-Healt coaching” adlı fərdi studiyasını yaradaraq müştərilərə sağlam həyat tərzi ilə əlaqədar dərslər keçir. Qısa müddətdə bu sahədə bir sıra uğura imza da ata bilib...
Dünya rəqslərini məharətlə ifa etməyi bacaran bu xanım, milli rəqslərimizi əcnəbilərə təbliğ etməkdən də çəkinmir. Azərbaycan və onun mədəniyyəti haqqında ağız dolusu danışaraq, ölkəmizi sevdirməyə çalışır...
İdmanla mütamadi məşğul olur. Uzaq məsafələrə yürüş etməyi xoşlayır. Tez-tez 20 km-lik marafonlarda iştirak edir. Həmişə də yarışın ön sırasında yer tutur...
Bəli, ABŞ-ın Şimali Karolina ştatında Gülnarə adında bir azərbaycanlı xanım da yaşayır. “Azərbaycan!” deyiləndə gözlərindən sevinc boylanır...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət