Seyid Əzim Şirvani - Mir Cəfərə xitab (Ey oğul, bil ki, feyzi-rəbbani)
Ey oğul, bil ki, feyzi-rəbbani
Neçə əqsam edibdi dünyani.
Bu qədər bil ki, xəlqi-xəft iqlim
Rubi-məskunda kim, olubla müqim
Lövndə, təbdə deyil yeksan,
Mühtəlifdir təbayeyi-insan.
Məsələn, mülki-Zəngibarü Həbəş
Harrdır, xəlqi həm olur sərkəş.
Təlxgöftar olulla, tündmizac,
Qılmağa şərh bu deyil möhtac.
Təbdə sərddir çü mülki-şimal,
Xəlqinə tünd olur dəxi əhval.
Oların baisi hərarətdir,
Bulara vasitə bürudətdir.
Etidalə qəribdir İran,
Məsələn, İsfəhan, həm Tehran.
Bu yerin xəlqi cümlə zirək olur,
Xoşzəban, xoşmizacü göyçək olur.
Kim ki, bir yerdə etsə nəşvü nüma,
Tərbiyət eylər ani abü həva.
Necə kim, xaki-xitteyi-Kaşan
Yetirir əhlini məxufu cəban.
Necə kim, var şüyui Bağdadın,
Əhli tənbəl olur o bərbadın.
Necə abü havadə var təsir,
Həm səbəbdir bu əmrə nütfəvü şir.
Ey xoş ol nütfeyi-bülənd-iqbal
Ola bir pak sülbdən inzal,
Edə bir bəççədani-paki məqərr,
Verə surət ona xudayi-süvər,
Onu gördün dəmi-viladətdə.
Doğa bir mötədil vilayətdə,
Şiri-xalis, səfalı abü həva,
Verə ol tifli-pakə nəşvü nüma,
Hiç şək yox, o əhli-hal olur,
Təbi xoş, sahibi-kəmal olur.
Bavücudi ki, yoxdu bunda sözüm,
Leyk bu əmrə qailəm mən özüm –
Ki, nə qədr olsa şəxs naqabil,
Tərbiyətlə yenə olur kamil.
Nə o kamil ki, əkməliyyəti var,
Cüzünün küllə mədxəliyyəti var.
Cəhd qıl bəs sütudə-əxlaq ol,
Əhli-zövq ol, məlihi-afaq ol,
Xoşzəban ol, oğul, gülər üzlü,
Milh göftarlı, şəkər sözlü.
Cəhd qıl ta ki, ey nəticəyi-nur,
Verəsən qəlbi-mömininə sürur.
Olma dilbəstə, ol cəbini güşad,
Səni gördükdə mömin olsun şad.
Olma dünyada qəmtəriri əbus –
Ki, görənlər üzün ola məyus.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət