Seyid Əzim Şirvani - Hacı və molla əhvalatı
Var idi Şahsevəndə bir hacı,
Şahsevənlər təmam möhtaci.
Sahibi-dövlət idi çox ol kəs,
Naqəvü kusfəndü çoxlu fərəs.
Vardı Bozlar adında bir köpəyi,
Qoyunun pasibanı, at köməyi.
Əzqəza, bir gün öldü Bozlari,
Oldu haci onun əzadari.
Edibən qüsl, hazır etdi kəfən,
İzzət ilə götürdü çox yerdən.
Qazıb əhli-qübur içində məzar,
Oldu mədfun qəbr-ara Bozlar.
Verdi Bozlara yeddi gün heyrat,
Istədi həqdən ona həsənat.
Hali olmuş bu halə bir molla,
Çəkdi fəryad, qıldı vaveyla.
Dedi: - Va milləta! Nədir bu xəta,
Zaye oldu şəriəti-qərra.
Dindən çıxdı bu güruhi-əvam,
Bərtərəf oldu hörməti-islam.
İt nədir, dəfnü kəfnü qəbristan,
Getdi əldən şəriətü Quran.
Mindi bi at molla, düşdü yola,
Ta gedir məhşər eyləsin bərpa.
Çatmamışdı hənuz o hiylətgər,
Verdilər haciyə bu halı xəbər-
Ki, filan molla qilü qalə gəlir.
Dedi: - Yox, özgə bir xəyalə gəlir.
Sürüdən tez ayırdı əlli qoyun,
Dedi: - Siz bunları yol üstə qoyun.
Özü çıxdı onun qabağinə,
Mollanın keçdi solü sağinə.
Dedi: - Ey naibi-imami-zəman,
Sənə olsun atam-anam qurban!
Öldü Bozlar, ah, sındı belim,
Kaş gözündən bataydı cümlə elim.
Necə Bozlar, o çapükü huşyar,
Pəncədən şirü yelgədən kaftar.
Canavar ondan eylə qorxardı-
Ki, sədasın eşitcək ağlardı.
Hafizi-xeylü pasibani-rəmə.
Gecə-gündüz olan şəbani-rəmə.
Sahibi-dövlət ilə malım idi,
Baisi-sərvətü cəlalım idi.
Çox idi gərdənimdə həqqi mənim,
Dedi: - Olsun hərirdən kəfənim.
Hər vəsiyyət ki, etdi qıldım əməl,
Bir vəsiyyət sizinçün etmiş əzəl.
Söyləyib siz cənabə əlli qoyun,
Demişəm onları yol üstə qoyun.
Qoyun adın eşitdi çün molla,
Dedi: - Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət