Slimfit
  1. BİOQRAFİYA

Seyid Cəfər Pişəvəri

Seyid Cəfər Pişəvəri
Sakura

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri - İran və Azərbaycan-sovet siyasətçisi, publisisti, jurnalisti İran…

Uşaqlıq illəri

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər ayının 13-də) Cənubi Azərbaycanda, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində dünyaya göz açmışdır. O zaman Zeyvə kəndinin sakinləri əsasən seyidlərdən ibarət olduğundan bu kəndə xalq arasında “Seyidlər Zeyvəsi” deyilir. Həm də Xalxaldakı digər Zeyvə kəndindən onu fərqləndirmək üçün bu kənd “Seyidlər Zeyvəsi” adlandırılmış və hal-hazırda kənd bu adı daşımaqdadır. Seyidlər Zeyvəsi Ərdəbil tərəfdən Təbrizin 334, Miyana tərəfdən 271, Xalxalın isə 30 km. də yerləşir və hazırda Ərdəbil əyalətinə daxildir.

Pişəvərinin doğulduğu Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir. ata babası Kəlbəlayi Mir Yəhya və onun oğlu (Pişəvərinin atası) Mir Cavad ağa mahalda yaxşı tanınan Seyid Mir Əzizli tayfasındandır ki, bu tayfanın bir qolu da Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi - məşhur Təbatəbailər nəsli ilə əlaqələnir. Pişəvərinin atası Mir Cavad Kəlbəlayi Mir Yəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər. Kəlbəlayi Mir Yəhya ağa ortabab kəndli olmuş, onun bağı, əkin sahəsi, mülkü və bir miqdar mal-heyvanı olmuşdur. O, dünyasını dəyişdikdən sonra qardaşları Mir Cavad ağanın vərəsəlik payına da insafsızcasına sahib çıxdıqları üçün Mir Cavad qardaşlarından incik düşmüş və bu inciklik Mir Cavadın ailəliklə Azərbaycan SSR-nin paytaxtına - Bakıya köçməsinə səbəblərdən biri kimi göstərilir. Mir Cavad 20 yaşında olarkən qonşu Kivi kənddən, Seyid nəslindən olan Seyid Səkinə xanımla ailə qurur. Doğularkən tələf olmuş iki uşağı nəzərə almasaq, Seyid Səkinədən üç oğlan: Mir Cəfəri, Mir Xəlil, Mir Səlim və iki qız: Seyid Cavahir (Rüsxarə), Seyid Suğra dünyaya gəlmişdir. 101 yaşında vəfat etmiş Suğra xanım ailələri haqqında xatirələrdə söyləyir:

Seyid Cəfər ailədəki beş uşaqdan ikincisi idi. Səfər ayının 13-də doğulmuşdu. Kəndin baŞbiləni (“münəccim”i) Mirdaməd (guya onun hər şeyi qabaqcadan görmək qabiliyyəti var imiş) atama demişdi ki, bu uşaq çox ağır gündə dünyaya gəlib. Uşağı qada-baladan uzaq eləmək üçün yeddi il onun özü ağırlığında sədəqə paylanmalıdı. Gələcəkdə onun başına nələr gələcəyini təkcə Allah bilirdi. Təzə doğulmuş övlad haqda bu sözləri eşidən atamla anam çox mütəəssir olmuşdular. Yeddi yaşına qədər hər il onu tərəzinin bir gözünə çıxarır, o biri gözünə isə özü ağırlığında düyü, buğda və s. qoyurdular. Beş yaşında artıq yazıb oxumağı bacarırdı. Mütaliə etməyi çox sevirdi. Bəzən onu oynamağa çağıranda mənə deyirdi ki, get özün tək oyna, mənə qarışma. Əlinə nə kitab düşürdüsə, hamısını oxuyurdu. Çox güclü hafizəsi vardı. Molla atama onun Bağdadda təhsil almağını məsləhət görmüşdü. Ata tərəfi Xalxalda məşhur olan Təbatəbai seyidlərindən idi. Atam çox zəhmətkeş idi. Kənddə hamı ona hörmətlə yanaşırdı. Zeyvə kəndində kənd əhlisi qaçaq-quldur əlindən cana gəlmişdi. Hər payız yığılan məhsulu talan edib aparırdılar. Elə olurdu ki, kəndliyə əkmək üçün toxumluq belə qalmırdı.

Cavadzadələr ailəsinin Azərbaycan SSR-nə köçməsinin səbəbi təkcə ata mirası üstündə qardaşlar arasında olan mübarizə deyildi. Nəsrəddin şahın ölümündən sonra yerinə keçmiş xəstə oğlu Müzəfərəddin şahın dövründə dərəbəylik və soyğunçuluq xeyli yayılmışdı. Bu dövrü Seyid Cəfər Pişəvəri xatirələrində belə qeyd edir:

Bəlkə də siz qarət və çal-çap haqqında müəyyən sözlər eşitmiş və ya oxumuşsunuz. Mən isə bu hadisələri dəfələrlə öz gözümlə görmüş və onun ağır nəticələrini öz şəxsi həyatımda hiss etmişəm. Bəslədiyim arzu nəhayət həyata keçdi. Xalam oğlu məni öz kəndlərinə apardı. Tam iki həftə müddətində orada qaldım. Bizim kəndin adamları onlara nisbət daha düşüncəli idilər. Xaricə səfər etdikləri üçün göz-qulaqları açılmışdı. Kənddə özlərinin mollası, mərsiyəxanı, hətta, müəllimi və həkimi var idi, lakin qonaq olduğum kəndin sakinləri çox pis yaşayırdılar. Hamısı əvam və savadsız idi. Evləri bizim evlərdən daha qaranlıq və daha kəsif (çirkli) idi. Qoyun və inəklərlə bir yerdə yaşayırdılar. Mülkədarların hərəkətləri məni təəccübləndirirdi. Xırmanlar tam bir ay qabaq döyülüb hazır olmasına baxmayaraq mübaşir (mülkədar və dövlət vəkili) mülkədarın payını müəyyən etməyə, hazır məhsulu yığışdırmağa icazə vermək istəmirdi. Mülkədarların çoxlu silahlı dəstələri var idi. Onlar ətraf kəndləri talayır və açıqcasına öz aralarında bölüşdürürdülər. Xalam oğlu gecələrin birində məni yavaşca oyatdı, geyindirdi və səssiz-səmirsiz yola düşdük. O gecə çox qaranlıq idi. Dörd ailə, arvad-uşaq, böyük-kiçik üzvlər köhnə paltarlarını, qabqacaq, yaşayış vasitələrini yığışdırıb çapqınçıların əlindən kəndi tərk etməli oldular. Onlar xırmandakı məhsuldan belə göz örtmüşdülər. Qadınlar böyük həsrət və təəssüflə arxaya baxıb ah çəkirdilər. Bizə göstəriş vermişdilər ki, yolda bir kəlmə do danışmayaq. Hətta tapşırmışdılar ki, öskürməyək. Dayanmaq istədikdə əlimizdəki ağaclarla bir-birimizə xəbər verməliydik. “Karvanımız” səssiz-səmirsiz hədsiz qorxu və dəhşətlə yol gedirdi. Ən kiçik səslər belə az qala ürəyimizi partladırdı. Mülkədarların atlılarından, yol kəsənlərdən, habelə sayır ehtimallı maneə və çətinliklərdən qorxurduq. Analar körpələrini döşlərinə basır və onların səs çıxmalarına imkan vermirdilər. Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq səhər tezdən Qarasoranlar, gün çıxandan sonra isə Surxay Xaciəbəyli atlıları bizi çapıb-taladılar. Bütün şeylərimizi aldılar. Yazıq qaçqınlar tam çılpaq şəkildə özlərini qəsəbəyə çatdırdılar. Beləliklə küçə dilənçilərinin sayı daha da artdı. İran Cəmiyyətinin əksəriyyətini təşkil edən kəndlilərin məişət və vəziyyətindən kiçik məlumat istəyən bir adam labüdən kəndə getməli və öz ömrünün müəyyən vaxtını orada keçirməlidir. Hələ bu heç də kifayət deyil. Ona görə ki, kəndlərin, hətta vilayətlərin vəziyyəti eyni deyil. Buna görə də adam həmin tədbirlərlə belə düzgün məlumat əldə edə bilməz. Bu cəhətdən də mən ələ düşmüş fürsətdən istifadə edərək gördüklərimi yazıb nəzərə çatdırmaq əzmindəyəm.

Bu vəziyyət minlərlə güneyli ailələr kimi Cavadzadə ailəsini də 1905-ci ilin martında anadan olduğu kəndi tərk edib Bakıya köçmək məcburiyyətində qoymuşdur. Mir Cavad Bakıya köçüb gələrkən onun Xalxalda qalan Rüxsarə qızı ailəli və xəstə olduğundan Arazın bu tayına gələ bilməmiş və bir müddət sonra o vaxt amansız sayılan, malareya (qızdırma) xəstəliyindən əvvəl özü, sonra isə ailə üzvləri bir-bir dünyalarını dəyişmişdir.

XX əsrin başlanğıcında İran Azərbaycanında baş vermiş xalq çıxışlarına, xüsusən Səttarxanın başçılıq etdiyi Məşrutə inqilabına İran Azərbaycanının hər yerində olduğu kimi Xalxal mahalında da böyük rəğbət var idi. Seyid Cəfər Pişəvərinin atası Mir Cavad Məşrutə mücahidlərinə dəfələrlə öz mənzilində yer vermiş və özü də bu hərəkatın başlanğıcında ona qoşulmuşdur. Bunu S.C.Pişəvərinin bacısı Suğra xanımın xatirələrində də görmək olar:

...Əslində atamın Seyid Cəfərə təsiri çox olmuşdur. Atam Səttarxan mücahidlərindən idi. Hələ o vaxt atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbət olurdu. 12- 13 yaşlı Seyid Cəfərdə həmişə onlara qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda ona gülüb deyərdi: “Sən belə şeyləri bilmək üçün çox kiçiksən.

Mir Cavad ailəsi ilə birlikdə Bakıya köçməmişdən əvvəl o,bu şəhərlə tanış idi. Zeyvədə əkin-biçin qurtaran vaxt ailəsini dolandırmaq xatirinə işləmək üçün Bakıya gəlmişdi. Bu mənada Bakı onun üçün əvvəldən tanış idi. Ümumiyyətlə İranşünas alim İvanovun verdiyi məlumata görə, XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı neft mədənlərinə və Qafqaz şəhərlərinə Arazın o tayından gələnlərin sayı orta hesabla 200 min nəfərə çatmışdı.Pişəvəri öz məqalələrinin birində Arazın bu tayına gələn həmvətənlərinin acı taleyindən bəhs edərək yazırdı:

Dünyanın hər yerindən gələn fəhlə, usta və mütəxəssisləri özünə cəlb edən Bakıda İranlı fəhlələr hamıdan ucuz, hamıdan işlək və iş sahibi üçün daha çox xeyir verən insanlar idi. Quldur-qaçaqçıların onların başına açdıqları oyundan bura qaçıb gələnlər burada da bir gün görmürdülər. İrandan gələnlər çox vətənpərəst insanlar idilər. Onlar hər an vətənə qayıtmaq arzusu ilə yaşayırdılar. Vətəni azad və xoşbəxt görmək istəyirdilər. Qüdrətli və demokratik bir dövlət istəyirdilər ki, heç olmasa onların sadə yaşayışı üçün bir iş görsün. İşçi üçün elə məvacib versin ki, o, enerji və biliyini vətəndə işə sala bilsin.

İrandan baş götürüb Azərbaycan SSR-nə üz tutanlardan biri də Mir Cavad Mir Yəhya oğlu Cavadzadənin ailəsi idi. Bu ailə Bakıya 1905-ci ilin Novruz bayramı ərəfəsində daxil olmuşdu. Onlar əvvəl Bakının ətrafında yerləşən Bülbülə kəndində bir həmyerlisinin evində qalsalar da, sonradan Sabunçu qəsəbəsinə köçüb və burada məskunlaşmışdılar.

Gənclik illəri

S.C.Pişəvəri 5 yaşında ikən atası onu kənddə molla Mir İbrahimin Quranı və Şəriəti tədris edən mədrəsəsinə verir. iti hafizəyə və tez qavrama qabiliyyətinə malik olduğundan Mir Cəfər qısa müddətdə quranı bitirir və çox zaman zəif yoldaşlarına köməklik də edirmiş. Ailəsi ilə Bakıya gəldikdən sonra S.C.Pişəvəri bir müddət Bülbülədə, sonra isə Sabunçuda təhsilini davam etdirir. Özünün hazırcavablığı və dərsdə verilmiş tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirməsi məktəbin müəllim kollektivinin diqqətini çəkir və onların razılığına səbəb olur. Atasının aldığı əməkhaqqı altı nəfərdən idarət ailəni dolandırmağa, üstəlik uşaqlar üçün pal-paltar, məktəb ləvazimatı, ev kirayəsi və s. üçün heç cür kifayət etmirdi. Bu məsələ həddi-buluğa çatmaq üzrə olan məktəbli Seyid Cəfəri valideynləri ilə bərabər narahat edirdi. Bir gün o, məktəb müdirinə ona məktəbdə hər hansı bir iş verməsini xahiş edir. Müəllim kollektivinin həmişə razılıq etdiyi və ailəsinin maddi vəziyyəti ağır olan şagirdin xahişi məktəb müdiri tərəfındən qəbul olunur. Bu haqda məktəb müdirinə yaxın olan Pişəvərinin həmyerlisi Əhmədzadə də məktəb müdirindən xahiş etmişdi. S.C.Pişəvəri oxuduğu məktəbdə əmək fəaliyyətinə başlayır. Sonralar o, “Ajir” qəzetində “Mənim həyatım” adlı xatirələrində yazır:

Ailəmizin maddi çətinlikləri məni erkən yaşlardan əmək fəaliyyətinə başlamağa məcbur etdi... Mən oxuduğum məktəbin xadimə işlərini görür, zəngi çalır, klasları (sinif otaqları) təmizləyir və çox vaxt əlimdə dəsmal pəncərələri də silirdim. Bu işlərə əncam vermək məni dərslərimdən ayırmırdı, gec yatmaq, çox oxumalı olurdum. Həyət-bacada oynayan həmyaşıdlarıma həsəd aparsam da işimdən və təhsilimdən razı idim.

Suğra xanım Pişəvərinin o dövründəki əmək və təhsil fəaliyyətini qiymətləndirərək deyir:

Seyid Cəfər oxuduğu məktəbdə həm də işləyirdi - zəngi çalır, təsərrüfat işlərini görürdü. 13-14 yaşlı bu oğlana müəllimlər hərdən dərsdə onları əvəz etməyi də etibar edirdilər.

Məktəbin ibtidai sinfini əla və və yaxşı qiymətlərlə başa vurduqdan sonra S.C.Pişəvəri Bakıdakı “İttihad” (birlik) məktəbinə, sonra isə «Darul-müəllimin» (Pedaqoji məktəb) mədrəsəsinə daxil olur və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsi ilə vaxtı ilə özünün oxuduğu, “İttihad” məktəbinə müəllim təyin olunur. “ittihad” məktəbi ilə yanaşı Bakı bələdiyyəsinə məxsus olan 9 №-li məktəbdə də ərəb, fars və islamiyyət fənlərindən dərs deyir.


Xırdalan kəndində müəllimlik fəaliyyətinə başlar-başlamaz kirayədə qaldığı evin bir otağını savad almaq həvəsində olan həmyerlilərinin uşaqları və yaşlılar üçün dərs otağına çevirir. O zaman Xırdalan kəndində Güneydən gələn xeyli ailə yaşadığından S.C.Pişəvəriyə şagird toplamaq çətin olmur. S.C.Pişəvərinin maarifçilik fəaliyyəti haqda onun bacısı Suğra xanımın xatirələrində yazır:

... qazanıb yığdığı pullarla o, Xırdalanda iki otaq kirayə etmişdi. İranlı fəhlə ailələrinin yaşadıqları yerlərdə elanlar yapışdırıb, onları pulsuz təhsil almağa dəvət edirdi. Şagirdlərin çoxluğu ilə bağlı elə olurdu ki, onlara 2-3 növbədə dərs deyirdi. Atam onu danlayıb deyirdi ki, çox çətin işlərdən yapışırsan, buraxmazsan. O isə atama qulaq asmırdı. Beləcə o, Xırdalanda İranlı uşaqlara üç il müəllimlik etdi.

S.C.Pişəvərinin gənclik illəri hər cəhətdən, elmi-mədəni, maarifçilik, siyasiiqtisadi və s. cəhətdən Bakının intibahlı qaynar dövrünə təsadüf etdiyindən bu qaynar mühit S.C.Pişəvərinin şəxsi həyatında, təfəkkür və mübarizəsində təsirsiz qala bilməzdi. Oxumağa, öyrənməyə böyük maraq və həvəs göstərən, millətinin çıxış yolunu erkən yaşlardan arayıb-axtaran bu gənc bir çıxış yolunu da elmin əsaslarını öyrənməkdə və savadlı olmaqda görürdü. O, özü bu haqda sonralar yazırdı:

Məktəbi bitirdikdən sonra müəllim oldum. Bütün boş vaxtlarımı kitabxanalarda keçirirdim. Tarix, ədəbiyyat və fəlsəfə sahəsinə aid kitablara daha çox meyil göstərirdim. Belə bir mövqedə Birinci Dünya Müharibəsi baş verdi və onun ardınca Rusiyada inqilab oldu...

Mətbuat sahəsindəki fəaliyyətlər

S.C.Pişəvərinin müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. S.C.Pişəvərinin yeniyetmə və gənclik illərində Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən “İrĢad”, “Həyat”, “Təkamül”, “Dəvət” “Qoç”, “YoldaŞ”, “ittifaq”, “Tərəqqi”, “Həqiqət”, “Sədaye Bakı”, “Sədaye vətən”, “Sədaye Qafqaz”, “Açıq söz”, Güney Azərbaycanda çap edilən “Fəryad”, “Şuraye İran” “Mükafat”, “Naleye millət”, “Şəms” qəzetləri, eləcə də “Molla Nəsrəddin”, “Füyuzat”, “Zənbur”, “Tuti”, “Məktəb”, İrəvanda çap olan “Leylək” və s. müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan S.C.Pişəvərinin ədəbi-siyasi cəhətdən formalaşmasında və inkişafında, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında müstəsna rol oynamışlar. Rusiyada fevral 1917-ci il və ondan az sonra baş vermiş dövlət çevrilişləri çar Rusiyası ərazisində, o cümlədən Cənubi Qafqaz bölgəsində siyasi ab-havanı dəyişdi. V.İ.Leninin verdiyi dekretlər, Rusiyanın və şərqin müsəlman xalqlarına ünvanlanmış şirin vədlər və müraciətlər bir çox azərbaycanlı ziyalılar kimi S.C.Pişəvəriyə də təsirsiz ötüşməmişdi. Bu təsir onu maarifçiliklə demokratlıqdan kommunistliyə doğru meyilləşdirmişdi. Bu işdə S.C.Pişəvərinin yaxın münasibətdə olduğu Nəriman Nərimanovun, Süleyman Mirzə İskəndərinin, Heydər Əmoğlunun, Əsədulla Qafqazzadənin, Mir Bəğir Qasımovun, İranın nicatını və azadlığını kommunist məsləkinin qələbəsində görən digər şəxsiyyətlərin gənc Pişəvəriyə təsiri danılmazdır.Oktyabr inqilabına qədər S.C.Pişəvəri bir növ ideoloji xətt, məram axtarışında olmuşdur. O müxtəlif təşkilatlarda, cəmiyyətlərdə və dərnəklərdə iştirak edir, düşüncələrini və fikirlərini kağız üzərinə gətirir və qəzetlərdə çap etdirir. Biz bu dövrdə S.C.Pişəvərinin ilk məqaləsini Məhəmmədəmin Rəsulzadənin redaktor olduğu “Açıq söz” qəzetində çap etdirdiyini görürük. Mərkəzi Təbrizdə olan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Demokrat firqəsinin Bakıdakı təşkilatı və onun üzvləri ilə əlaqə saxladığını S.C.Pişəvəri özü etiraf edir. 1917-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradılır. 1917-ci ilin aprelində partiyanın orqanı “Təcəddö” qəzeti çap olur. Arazın bu tayında olan İran təbəələri həmin təĢkilatın Bakı şöbəsini təşkil edirlər. Bu şöbə Təbrizdə yerləşən MK ilə sıx əlaqə saxlayır, onun göstəriş və tapşırıqlarını yerinə yetirir. Güneydən gələn işçi qüvvəsi və ziyalılar Xiyabani məsləkinə köklənir və bir çoxu bu məsləkin yolçusu olurlar. Sonralar S.C.Pişəvəri “Ajir”də çap etdirdiyi xatirələrdə yazırdı:

“Bakıdakı Demokrat Firqəsi yüzdəyüz Azərbaycan Əyalət Komitəsinə tabe idi. O göstərişləri birbaşa Təbrizdən alırdı və öz işlərini bu əsasda qururdu.

1918-ci ilin yanvar ayında İran Demokrat Firqəsinin Bakı təşkilatının orqanı olan “Azərbaycan cüze layəntək İran” qəzetində əvvəl ədəbi işçi, sonra redaktor vəzifəsində işləyən S.C.PiŞəvəri vətənin o tayında, Güney Azərbaycanda xüsusən Təbrizdə gedən mübarizəni və hadisələri addımbaaddım izləyir. İngilislərlə gizli sövdaləŞməyə girmiĢ Vüsuq-dövlə hökuməti əleyhinə Xiyabaninin rəhbərliyi altında genişlənən xalq hərəkatı və onun fəalları ilə əlaqə saxlamağa çalıŞırdı. 1918-ci ilin payızında Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Təbrizdə keçirilən izdihamlı mitinq və mitinq iştirakçıları adından Tehran hökumətinə göndərilmiş teleqramın məzmunu S.C.Pişəvərini daha artıq mübarizə meydanın mərkəzinə çəkib gətirdi. O, bunu xatirələrində də qeyd etmişdi. Təbrizdəki mitinq iştirakçılarının teleqramında deyilirdi ki, Azərbaycanlılar öz müqəddəratını mübhüm (şübhəli) siyasətə təslim etmiyəcəklər. Vüsuq-dövlələr, QəvamüSəltənələr, Əmin ol-məliklər kimi şübhəli adamlar millət başçısı olmamalıdırlar. Tehranda tam sədaqətli və inanılmış bir dövlət təşkil edilməyincə Azərbaycan xalqı mərkəzə tabe olmayacaqdır.

Siyasi mübarizə meydanına əvvəl maarifəçiliklə başlayan S.C.Pişəvəri sonra bu mübarizəni müxtəlif mətbuat əhatələrində getdikcə kəskinləşən və püxtələşən jurnalist yazılarında davam etdirmişdi. Onun ilk məqaləsi 1917-ci ilin fevral ayında Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzetində çap edilir. Sonra o, bu qəzetdə əməkdaşlıqdan uzaqlaşır. Özünün məqalələrini, şeir və felyetonlarını “Azərbaycan cüze layənfək İran”, “Ədalət”, “Əkinçi” (2-ci dövrə) “Ən-cümən” “Həqiqət” və s. qəzet və dərgilərdə çap etdirir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, S.C.Pişəvəri öz məqalələrini, felyeton və şeirlərini vahid imzada verməmişdi. Bu da siyasi mühitdə onun təqib və izlənməsi, digər tərəfdən bir qəzetdə iki, bəzən daha çox məqalə çap etdirməsi ilə bağlı olmuşdur. 1919-1946 arasında onun yazılarında bizim rastlaşdığımız imzalar əsasən bunlar olmuşdur: M.C.Cavadzadə, M.C.Xalxali, Cavadzadə Xalxali, M.C.Seyid, M.C.Nadi, Əcul, Ə.C., Pərviz, Simrux, Səməndər, C.P., P və s. Bu imzaların S.C.Pişəvəriyə aid olduğu müəyyən edilsə də “Rağeb”, “Sərgərdan”, “Kəndli” imzaların da ona aid olması ehtimal edilir. Bir də nəzərə almaq lazımdır ki, S.C.Pişəvərinin 1945-ci ilə qədər yazılarının çoxu fars dilində olmuşdur. Bu bir tərəfdən onun farsca yaxşı bilməsi ilə bağlıdırsa, digər səbəb İranda o zaman yeridilən fars şovinizmi siyasəti nəticəsində oxucu auditoriyasının əsasən fars dillilərdən ibarət olması idi.


S.C.Pişəvəri kütləni oyatmaq və öz haqqını tələb etməsi üçün ən əvvəl onun maariflənməsi, elmə yiyələnməsini vacib sayırdı. O, 1905-1911-ci illərdəki Məşrutə hərəkatının qələbəsi nəticəsində əldə edilmiş nisbi azadlıq və hüquqların aradan qaldırılmasını millətin hələ də cəhalətdə olmasında, xürafata uymasında, həqiqəti çətin dərk etməsində görürdü:

... Millətimiz elmsiz olduğundan hürriyyətdən və hüquqlarından yetərincə faydalana bilmədi... hərgah maarifimiz olsaydı cavan məşrutəmiz xainlərin əlində dəstavüz olmazdı... Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir. Daha oturub özgəyə ümid bağlamaq olmaz. Şəri cəhətdən də elm bizə vacibdir.

S.C.Pişəvərinin jurnalistlik fəaliyyətində onun Bakıda çıxan (10 fevral 1918) “Azərbaycan cüze layənfək İran” qəzet (fars və türk dilində çıxardı) səhifələrində çap olmuş məqalə, şeir və felyetonlarının xüsusi yeri vardır.İran Demokrat təşkilatının orqanı olan “Azərbaycan cüze layənfək İran” qəzetində Pişəvərinin yazıları müxtəlif imzalarla, əsasən Cavadzadə, M.C.Xalxali, Mir Cəfər Cavadzadə və b. imzalarla çap edilmişdi. Onun çoxsaylı məqalələrinin birində millətə müraciət edilərək deyilir:

“...gedək çalışaq elm və maarifi yüksəldək. Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi parladaq... maarifimiz, ədəbiyyatımız toz-torpaq içində qalmış bir cəvahirə bənzəyir.

Cəngəlilər hərəkatı məğlub olduqdan sonra Seyid Cəfər Pişəvəri Tehrana gəldi. S.C.Pişəvəri Tehranda köhnə dostu Seyid Məhəmməd Dehqanla əlaqə yaradır və “Həqiqət” adda qəzetin nəşrində əməkdaşlıq edirlər. Qəzetin təsisçisi S.M.Dehqan, baş redaktoru isə S.C.Pişəvəri olmuşdur. Qəzetdə çap olunmuş baş məqalələrin və səhifələrdək yazıların çoxu S.C.Pişəvərinin qələmindən çıxmışdır. “Həqiqət”in təsisçisi Məhəmməd Dehqan əsrin əvvəlində Pişəvəri kimi Bakıda M.Ə.Tərbiyətin, Ə.Talıbovun, H.Z.Tağıyevin maddi yardımı ilə təhsil almış və dövrünün savadlı ziyalılarından olmuşdur. O, həmkarlar hərəkatına 1918-ci ildən qoşulmuş və 1919-cu ildə həmkarlar təşkilatına sədr seçilmişdi. 1920-ci ildə İranda ilk dəfə olaraq mətbəə işçilərinin həmkarlar təşkilatını yaratmış və ona rəhbərlik etmişdir. İran zəhmətkeşlərinin orqanı olan “Həqiqət” qəzeti1922-ci ilin yanvarından 1922-ci ilin iyun ayınadək ayınadək Tehranda çap olunmuşdur. Bu müddət ərzində “Həqiqət”in 106 nömrəsi işıq üzü görmüşdü. Qəzetin səhifələrində çap edilən məqalələrdə İran zəhmətkeşlərinin amansız istismarından, onların tapdalanmış hüququndan və tələblərindən danışılır, durumdakı haqsızlıqlar ifşa və tənqid edilirdi. Qəzet az müddətdə öz ətrafına açıq fikirli ziyalılarla yanaşı, kommunist məsləkinə meyilli olan Salamulla Cavid, Kərim Nikbin, Bəhmən Şeydani və s. kəsərli qələm sahiblərini də toplaya bilmişdi. S.C.Pişəvərinin “Həqiqət”də çap olunmuş, siyasi cəhətdən kəsərli məqalələrindən “İqtisadi əsarət”, “Dünya fəhlələrinin inqilabı”, “İranda ideoloji inqilab”, “Səfalət haradandır”, “Vahid cəbhə”, “Əsaslı çarə gərəkdir”, “Paris kommunası”, “Məclisdəki siyasi firqələr”, “Azadlığı qorumaq millətin vəzifəsidir” və s. başlıq altında yazdığı silsilə məqalələri misal göstərmək olar. “Həqiqət” o zamankı İran reallıqlarını öz səhifəsində yazmaq S.C.Pişəvəri 1920-ci illərdə dan və yaymaqdan çəkinmirdi. Buna görə də, “Həqiqət” öz oxucularının sayını günbəgün artırırdı. Həmin dövrün tədqiqatçısı tarixçi alim Rəhim Rəisniya özünün “Azadlıq səngəri” (Səngər Azadı) kitabında belə bir müqayisə aparır. Əgər “Həqiqət” gündə orta hesabla 950 nüsxə satılırdısa, “Stareye İran” qəzeti gündə vur-tut 300 nüsxə, “Mihən” 60 nüsxə, “İttihad” 36 nüsxə,”Qanun” 7 ədəd satılırmış və həm də “Həqiqət”in oxucularının sayı durmadan artırmış.

S.C.Pişəvərinin qəzetin 106-cı (son) nömrəsində yazdığı “İki qat irtica” məqaləsi qəzetin həmişəlik bağlanması üçün dövləti əlində bəhanə olur. Adı çəkilən məqalədə S.C.Pişəvəri yazırdı:

“Ölkənin bərbad vəziyyəti hamıya məlumdur... irticai hökumət başçıları ölkənin qanunlannı yaddan çıxarıb istebdad və mütləqiyyət dövrünü yenidən dirçəltmişlər. Hərbi hökumət hər yerdə özbaşınalıq edir... bugünkü vəziyyət heç də beş il bundan əvvəlki vəziyyətə oxşamır. Bu gün bıçaq sümüyə dirənmişdi” . Adı çəkilən bu məqalədə... Məqsəd və arzumuz ölkəni inkişaf və tərəqqi etdirməkdən, xalqı azadlığa çıxarmaqdan ibarətdi. Siz də mövcud prinsiplərinizdən kənara çıxıb, xalqın və ölkənin tərəqqisi naminə çalışmadığınız əks təqdirdə sairələri kimi bizdə sizin əleyhinizə mübarizə aparacayıq.

Siyasi fəaliyyəti

Seyid Cəfər Pişəvəri və İran Ədalət partiyası

Rusiyada 1917-ci il fevral, sonra Oktyabr dövlət çevrilişləri, bolşeviklərin hakimiyyətə gəlməsi və onların kommunist ideologiyası istər-istəməz Rusiya ərazisinə daxil olan əyalət bölgələrinə də öz təsirini göstərmiş oldu.Bolşevik məfkurəsini əyalətlərə və qonşu ölkələrə “ixrac” etmək sahəsində aparılan iş öz nəticəsini göstərdi. Əyalətlərdə, o cümlədən Bakıda kommunist ideyasına meyillənən və sonra bu məfkurəyə köklənənlər meydana çıxdı. S.C.PiĢəvəri də bu cəbhəyə meyil göstərənlər sırasında göründü və fəaliyyət göstərənlərdən oldu. Zəhmətkeş inqilabçı ziyalılarla qabaqcıl fəhlələr 1917-ci ilin may ayında İranın ilk proletar partiyasını təşkil etdilər. Onları bu partiyanı İran Ədalət partiyası adlandırdılar. Ədalət partiyasının mərkəzi Bakının Sabunçu qəsəbəsində, İranlılara məxsus “Təməddün” məktəbində yerləşmişdi. S.C.Pişəvərinin adına ilk Mərkəzi Komitə üzvləri sırasında rast gəlinmir. Partiyaya əslən Ərdəbildən olan Əsədulla Qafarzadə başçılıq etmişdi. 1917-ci ilin axırı 1918-ci ilin əvvəllərində İran Ədalət partiyasının Azərbaycan rayonlarında, Dağıstanda, Həştərxanda, Tiflisdə, Batumda, İrəvanda və başqa bölgələrdə təşkilatları yaradılmışdı.Bu partiya yerlərdə və xüsusən Bakıda üzvlərinin bir hissəsini silahlandırmağa müvəffəq olmuş, Rusiyadakı olayları İrana keçirmək fikrində idi. Ədalətçilərin fəallarından bir dəstə belə düŞünürdülər ki, onların vətəninin imperialistlərin pəncəsindən xilas olması, irtica rejiminin yerində zəhmətkeş xalqın istək və arzusunu gerçəkləşdirə bilən qüvvə Rusiyadakı inqilabın İransayağı təkrarı ola bilər. O vaxt S.C.Pişəvəri məhz belə düşünən və fəaliyyətini bu istiqamətə yönəldənlərdən olmuşdur. O, sonralar bu haqda yazırdı:

Rusiya millətlərinin azadlıq mübarizəsində iştirak edən gənc iranlılardan, biri də mən idim... Mənim xalqımın, vətənimin nicatı və səadəti

Rusiya inqilabçılarının istədikləri rejimin bərqərar edilməsindədir. Rusiyada Leninin iftixarlı zəfər bayrağından başqa ayrı bir bayraq dalğalanarsa İranın istiqlalı və azadlığı həmişə təhlükə qarşısında qalacaqdı.

S.C.Pişəvəri Ədalət Firqəsi yaranandan az sonra partiyanın orqanı olan “Ədalət” qəzetinə işə dəvət olunur və sonra bu qəzetin baş redaktoru vəzifəsində çalışır. Partiyanın digər orqanı “Bəyrəge Ədalət” dərgisinə isə Ə.Qafarzadə özü başçılıq etsə də, onun səhifələrində S.C.Pişəvərinin məqalələri çap olunur.

Tarixçi Rəhim Rəisniyanın yazdığına görə S.C.Pişəvərinin 1298-ci (1919-cu) ildə ədalət firqəsinə üzv olduğu ehtimal edilir. Lakin başqa tarixçimiz T.İbrahimov (Şahin) S.C.Pişəvərinin 1919-cu ildə “İran Ədalət partiyasının MK-nın üzvü seçildiyini” yazır. Az sonra S.C.Pişəvəri partiyanın 5 nəfərdən ibarət belə adlanan “Xarici büro”ya Dadaş Bünyadzadə, Kamran Ağayevlə bərabər dəvət edilir.

Ədalətçilərlə Demokratlar bir neçə dəfə birləşməyə səy etsələr də ideoloji məsələlərdə razılığa gələ bilməmişdilər. Son hesabda Ədalətçilər “Hümmət” qrupu, RK (B) P-nin Bakı təşkilatı ilə birləşərək 1920-ci il fevralın 12-də Azərbaycan Kommunist partiyasını təşkil etmiş oldular. “Hümmət” qrupunun və “Ədalət”in Komitələri ləğv edilmiş oldu.

S.C.Pişəvəri Ədalət Firqəsi sırasında fəaliyyət göstərərkən onun firqənin orqanı “Hürriyyət” qəzeti səhifələrində çap etdirdiyi siyasi-publisistik məqalələr və felyetonlar İrandakı rejimin eybəcərliklərini ifşa etməkdə o dövr üçün çox böyük önəm kəsb etmişdir. S.C.Pişəvəri özünün jurnalistlik fəaliyyətindən danışarkən “Hürriyyət” səhifəsində çap etdiyi bir məqalədə yazır:

... Məqsədimiz ədəbi müsabiqə deyil, xalqı başa salmaq, ona həqiqəti aşkar bir surətdə anlatmaqdır.

Baş redaktoru S.C.Pişəvəri olan “Hürriyyət” qəzeti 1919-cu ilin iyun ayından 1920-ci ilin may ayınadək Bakıda nəşr edilmişdi. Onda nəşr olunan məqalələrin əksəriyyəti türk dilində olmuşdur. Ədalət Firqəsinin orqanı olan bu qəzetin ömrü qısa (12 ay) olsa da o az müddətdə öz ətrafına güclü jurnalistləri (Ağababa Yusifzadə, Əli Heydər Qarayev, Məmməd Səid Ordubadi, Ruhulla Axundov və s.) toplaya bilmişdi. Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bağlı olaraq “vahid proletar partiyası” şüarının ortaya atılması Ədalət Firqəsini Hümmət qrupu ilə birlikdə yeni yaradılmış Azərbaycan Kommunist bolşeviklər partiyasına daxil etdi. Nəticədə 1920-ci il mayın 2-də “Hürriyyət” də öz nəşrini dayandırmalı olmuşdur.

Seyid Cəfər Pişəvəri və Gilandakı Cəngəlilər hərəkatı

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdikdən sonra öz işğalçılıq meyillərini Azərbaycanla həmsərhəd olan ölkələrə, o cümlədən İranda reallaşdırmağa çalışdılar. Bu zaman İranın şimalında - Gilanəyalətində Mirzə Kiçik xanın başçılığı altında Cəngəlilər (meşə adamları) hərəkatı gündən-günə genişlənməkdə idi. Rusiyada, sonra isə ucqar bölgələrdə sovet rejiminin qələbəsi, V.İ.Lenin və digər sovet rəhbərlərinin şərqin müsəlman xalqlarına verdikləri şirin vədlər və zahirən azadlıq hərəkatlarından tərəfdarlıq etmələri şimali İranda Gilan əyalətində antirejim qüvvələri ruhlandırdı, hərəkatın miqyası durmadan genişləndi.S.C.Pişəvəri bu haqda yazırdı:

İranın o vaxtkı vəziyyətindən az-çox xəbərdar olan adamlar yaxşı bilirlər ki, beynəlmiləl müharibənin axırlarında bir iddə (dəstə) Gilan meşələrində “İttihad İslam” (İslam birliyi) adı altında üsyan edərək müttəfiq qoŞunları ilə (Antanta) inadlı mübarizəyə giriŞib, hər qiymətə olursa olsun onların irəliləməsinin qarŞısını almağa çalışırdılar”


Mirzə Kiçik xanın başçılığı altında rejimdən və imperialist dövlətlərin müdaxiləsindən narazı qüvvələrin meşəyə toplanması və öz mübarizələrinə buradan başlaması I Dünya müharibəsinin ilk illərindən - 1915-ci ildən başlanmışdır. Hərəkata başçılıq edən Mirzə Kiçik xan Tehranda din və islamşünaslıq üzrə təhsil almış, gənc yaşlarında Səttarxan hərəkatında (Məşrutə) (1905-1911) iştirak etmişdir. Mirzə Kiçik hələ Tehranda olarkən Həsənbəy Rövşəni tərəfindən yaradılmış “İslam Birliyi Təşkilatı”na üzv olur və sonra Rəştə gəlir, “Cəngəldə” (meşədə) öz həmfikirləri ilə birgə “İslam Birliyi Komtəsi”ni yaratmağa müvəffəq olur. Başqa azadlıq mücahidi Ehsanulla xan və onun tərəfdarları əvvəlcə bu komitəyə üzv olurlar və mübarizəni bu komitənin göstərişi əsasında icra edirlər. Komitənin şüarları: Ölkə istiqlaliyyətinin qorunması; xaricilərin İrana müdaxiləsinə son qoyulması; Feodal zülmünün və haqsızlığın aradan götürülməsindən ibarət olmuşdur.

Gilanda başlanan Cəngəlilər adı altında genişlənən xalq hərəkatını dəstəkləmək, onun ideya istiqamətini səlisləşdirmək və ona kömək məqsədi ilə Sovetlərin təklifi ilə İran Ədalət Firqəsinin başçısı Əsədulla Qafarzadənibir neçə nəfərlə birlikdə 1918-ci ilin yazında Gilana - Rəştə yola saldılar. Əslən Ərdəbildən olan fars dilini yaxşı bilən və Sovet rəhbərliyinin inandığı Ə.Qafarzadə Rəştə çatarçatmaz rejim tərəfdarları tərəfindən qətlə yetirilir. Ə.Qafarzadənin, Firqə rəhbərlərinin bu cür ehtiyatsızcasına Rəştə göndərilməsini S.C.Pişəvəri yanlış addım hesab edərək, bu təyinatı böyük bir səhvə yol vermək kimi qiymətləndirmişdi.

20-ci illərin əvvəllərində Gilandakı “Cəngəlilər”in hərəkatı xeyli genişlənir və qüvvətlənir. Həm də Ehsanulla xanın “Mücazat komitəsi” (Cəzalandırma Komitəsi) Tehranda bir neçə terror əməliyyatını uğursuz həyata keçirdiyi üçün qaçıb Rəştə gəlməsi, dövlət qoşunundan, polisdən, hətta Kazak dəstələrindən Cəngəlilərə qoşulanlar hərəkatı xeyli qüvvətləndirir. Yaranmış fürsətdən istifadə edən “Cəngəllər” mübarizə mərkəzini şəhərə - Rəştə köçürməyə müvəffəq olurlar.

Əssalam, Talış, Xalxal, Astara - yolları Cəngəl qüvvələrinin nəzarətinə keçir. Hərəkatda irəliləyişin yarandığı bir vaxtda parçalanma əmələ gəlir: iki mövqe, “sağ” və “sol” mövqe yaranmış olur. Mötədil mübarizə yolunu seçən Mirzə Kiçik xan dəstəsi ilə sərtlik və bir qədər də “bolşevikçilik” mövqeyinə meyillənən Ehsanulla xanın dəstəsi (Onlar xüsusi mülkiyyətin ləğvini, mülkədar və burjuaziyanın bir sinif kimi ləğvini, dinin dövlətdən ayrılmasını, hicabın (baş örtüyünün) ləğvini və s. istəyirdilər) arasında qütbləşmə dərinləşir. Bu qütbləşməni aradan götürüb vahid strategiya ilə hərəkatı yoluna qoymaq, Mirzə Kuçik xanla Ehsanullanı ortaq məxrəcə gətirmək məqsədi ilə hərəkata kömək üçün Ədalət rəhbərliyindən S.C.Pişəvəri 30 nəfərlik bir nümayəndəliklə 23 may 1920-ci ildə Rəştə gəlir. S.C.Pişəvəri ilə Mirzə Kiçik və Ehsanulla xan arasında gedən danışıqlarda birgə fəaliyyət haqda razılıq əldə olduğundan S.C.Pişəvəri Rəştdə qalır. O, kütlə qarşısında çıxışlar edir, Cəngəl silahlıları arasında izahat işləri aparır və Cəngəl qəzetinin nəşrinə kömək edir və s.


S.C.Pişəvəri sonralar Cəngəlilər hərəkatı ilə bağlı öz xatirələrində yazırdı:

Cəngəlilər hərəkatı başqa iranlılar kimi məni də cəlb etdi... kəndlərdə, şəhərlərdə top güllələri altında belə irəli gedirdik, iş görürdük... Bizim ruhumuzun qidası iman və əqidə idi. Azadlıq uğrunda mübarizə aparan böyük şəxsiyyətlərin sırasında cəmiyyətin ağır və məsuliyyətli işlərini yerinə yetirməklə məşğul olsaq da, heç vaxt özümü böyük saymamışam...

1920-ci il iyunun 4-də Gilanda Cəngəlilər hərəkatı qalib gəldi. Rəştdə və onun ətrafinda ordu və kazak kazarmaları, dövlət təsisatları, polis, poçt-teleqraf Cəngəli qüvvələrin əlinə keçdi. Gilan solçu qüvvələrin güclü təzyiqi altında və Rusiyadan gəlmiş komissarların istəyi ilə Gilan Şura Sosialist Respublikası elan edildi. Bu Sovetlərdəki sosializmin açıq-aydın başqa müsəlman bir ölkəyə ilk ixracı idi. Bu məsələ Mirzə Kiçik xanı, onunla həmfikirdə olanları çox narahat etsə də, Serqo Orconikidze kimi bolşevik emissarların, ona qoşulan Ehsanulla xanın və radikal solçu olan bəzi iranlı kommunistlərin təkidi mümkün olmuşdur. Qələbəyə qovuşmuş, Gilanı və ətraf bölgələri ələ keçirmiş Cəngəl qüvvələri 1920-ci ilin iyun ayının 9-da Gilan Respublikasının ilk hökumətini təşkil etdilər. Gilan hökuməti tərkibi belə idi: Mirzə Kiçik xan - baş komissar və hərbi nazir; Seyid Cəfər Pişəvəri - Xarici İşlər naziri; Mirzə Məhəmmədəli Pirbazari - maliyyə naziri; Seyid Mahmudağa - Məhkəmə naziri; Hacı Məhəmmədcəfər - Poçt və teleqraf naziri; Nəsrulla Fəttahi - maarif naziri; Mirzə Məhəmmədəli Xumami - ümumi işlər üzrə nazir;

Göründüyü kimi nə Ehsanulla xan, nə Xali Qurban və nə də Mirzə Kiçikdən narazı olanlar ilk hökumət kabinəsinə daxil olmuşlar. Bu özü-özlüyündə hərəkat rəhbərliyi arasında həmrəyliyin olmamasına və çəkişmələrin olduğunu göstərir ki, bu işdə xaricdən olan diktələr və buyruqlarla bağlı ideoloji ixtilaflar, taktika və strategiyadakı fərqli cəhətlər parçalanmanı daha da dərinləşdirmiĢdi. Onun daxildə bəzi xırda-para işləri (abadlaşdırma, bazar qiymətlərinin aşağı salınması, möhtəkirliklə mübarizə və s.) nəzərə alınmazsa nə daxili və nə də xarici siyasətdə gözə çarpan iş görülməmişdi. S.C.Pişəvərinin bu hökumətdə xarici işlər naziri olub, olmadığını Əli Muradi özünün “Rzaxan zindanından Azərbaycan Demokrat Firqəsinin sədrliyinədək” kitabında şübhə altına alır. O, yazır:

Bu yazılarda nəzərə çarpan yanlışlıq ondan ibarətdir ki, Seyid Cəfər Cavadzadə (Pişəvəri) inqilabi hökumətdə Xarici İşlər naziri kimi qeyd olunur. Halbuki Pişəvəri təkcə Ehsanulla xanın başçılığı ilə iki aydan sonra qurulmuş Kudəta (Çevriliş) dövlətində nə daxili və nə də xarici işlər naziri yox, Poçt-teleqraf naziri olmuşdur...Mirzə Kiçik xan dövlətində isə xarici İşlər naziri bəlkə Seyid Cəfər Möhsün Sümesərayiolmuşdur.[29]

Bu yanlışlığın adlarla bağlı olduğunu qeyd edən müəllif S.C.Pişəvərinin nə Xarici və nə də Daxili işlər üzrə nazir olmadığı fikrində israrlıdır. Lakin bu yanlışlığı sübut edən heç bir mənbə göstərmədiyindən “ehtimal” əsasında deyilən bu fikir tam doğru olaraq qəbul edilmir.

Yuxarıda Ehsanulla xanın başçılığı altında poçt teleqraf naziri S.C.Cavadzadə (Pişəvəri) yox, Sərdar Möhsün (Bu adam 1905-1911-ci illər inqilabının iştirakçısı, sosial-demokrat firqəsinin fəallarından olmuşdur) olduğu göstərilir.

Sənədlərdən məlum olur ki, İKP-nın I qurultayı 1920-ci il iyun ayında Rəştdə keçirilmiş beş gün davam etmişdi. İran Kommunist partiyasının yeni seçilmiş MK-nın 15 nəfər üzvündən biri də S.C.Pişəvəri olmuşdur. Qurultay Cəngəlilər hərəkatındakı çoxşaxəliyi, ideya və məram fərqlərini bir məcraya yönəldə bilməmişdi. Üstəlik yeni yaranmış MK-nın özündə də birlik olmadığından, sonra seçilmiş MK-nın əvvəlki MK-nı tanımaması bütün bunlar Gilandakı xalq hərəkatına ağır zərbələr oldu. Onu istədiyi hədəfə çatmaq işini mümkünsüz etdi.

İrticanın əli ilə daxildə təxribat və xaricdən olan xəyanət, hərəkat rəhbərliyindəki çəkişmə və pozuculuğun artması 1919-1920-ci illərdə Gilandakı hərəkatı məğlubiyyətə uğratdı. 1921-ci ilin astanasında Gilandakı hərəkat yatırılmaq ərəfəsində Ehsanulla xan dəstəsinin Tehrana vaxtsız, məsləhətsiz və yersiz hücumu Tehran qoşunu tərəfindən darmadağın edildikdən sonra Ehsanulla xan sovetlərə qaçmaq məcburiyyətində qaldı. Mirzə Kiçik xanın meşədəki “iqamətinə” məşvərətə çağrılmış Heydər Əmioğlunun yatdığı otaq gecə ikən müəmmalı şəkildə yandırıldı. Öz dəstəsi ilə Talış dağlarına çəkilən Mirzə Kiçik xan sərt çovğun və şaxtaya düşüb dondu. Onun donmuş cəsədindəki başı kəsib Rza xana töhfə aparan dönük və xəyanətkar Kürd Xalı Qurban əvəzində Rza xandan polkovnik rütbəsi almağa müvəffəq oldu. Hərəkat fəalları təqiblərə, həbs və edamlara məhkum oldular. Cəngəlilərdən tərəfdarlıq edən və onun təəssübünü saxlayanların əmlakı müsadirə edildi, özləri ağır cəzalara məruz qaldılar və s.

Cəngəli hərəkatındakı qarmaqarışıq mövqelər, rəhbərlikdə vahid taktika və strategiya planının olmaması, yersiz çəkişmə və ixtilaflar hərəkata köməyə gəlmiş 28 yaşlı gənc S.C.Pişəvərini məyus etmişdi. O, bu haqda öz mülahizə və fikirlərini “Ajir” qəzeti səhifəsində (15 Azər 1322-ci il tarixdə (6 dekabr 1943) ətraflı söyləmişdi. O, Cəngəlilər hərəkatındakı anarxizmi, çox məramlılığı və vahid mərkəzin olmadığını görüb Rəşti tərk edərək mübarizəsini davam etdirmək üçün qeyri-leqal vəziyyətdə əvvəl İsfahana, sonra Tehrana getmişdir.

SSRİ-yə münasibəti

S.C.PiĢəvəri 1924-cü ildə İranı tərk etmək məcburiyyətində qalır. O, Bakıda yaĢayan ailəsinin yanına gəlir (Bu zaman S.C.PiĢəvərinin həyat yoldaĢı Məsumə xanım Bakı tibb məktəbində təhsil alırdı. 1925-ci ildə oğlu DaryuĢ dünyaya gəlmiĢdi). Bu gəliĢdə S.C.PiĢəvərinin məqsədi özü yazdığı kimi təkcə ailəsini görmək deyil, həm də Moskvadakı “yoldaĢların” Ġrandakı “solçu” hərəkata münasibətdə iki baĢlı oyunun mahiyyətini öyrənmək idi.

O, Bakı bolşeviklərinin rəhbəri Nəriman Nərimanovun “Şərqin Lenini”, “Bakı füqərasının böyük müəllimi” adlandırır. Pişəvəri Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra redaktoru olduğu “Hürriyyət” qəzetinin demək olar ki, elə bir nömrəsi yoxdur ki, orada sovet rejiminə, Moskvaya ümid və inam ifadə etməsin. O, İranın və Şərqin məzlum xalqlarının nicatını Sovet Rusiyasında, hakimiyyətə gəlmiş Kommunist üsul-idarəsində görürdü. Bu cəhətdən S.C.Pişəvəri ilə Nəriman Nərimanovun düşüncə və yanaşma tərzində fərqli cəhət tapmaq çətindir.

1920-1921-ci illərdə Gilandakı xalq hərəkatına sovetlərin açıq-aydın xəyanətini gördükdən sonra belə S.C.Pişəvəri Rusiyada və Azərbaycandakı sovet çevrilişlərinə inamını itirmir. Hətta o, 1921-ci ilin fevralında Moskvada İranla Sovetlər arasında belə adlanan Dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə müsbət yanaşır və onun İranın ingilislərin əsarətindən çıxmasında və istiqlaliyyətə malik olmasında önəmli iş kimi qiymətləndirir. Məsələn o, “Azərbaycan Füqərası” qəzetinin 18 may 1921-ci il tarixli nömrəsində çap olunmuş məqaləsində ehyam vurur ki, İran rejimi İran inqilabçılarının köməyini kəsmək üçün bu mühadinaməni bağlamağa məcbur olmuşdur. Hər halda bu bir müzəfəriyyətdir.

1921-ci il Sovet-İran müqaviləsini müsbət qarşılayan S.C.Pişəvərinin “respublikaçılıq” şüarı ilə xalqı aldadan Rza xana da əvvəllər münasibəti bir qədər loyal olmuşdur. Bunu S.C.Pişəvərinin “Yeni fikir” qəzetində “İranda Cümhuriyyət” adı altında çap etdirdiyi silsilə məqalələrinin ümumi məzmunundan görmək mümkündür. Ölkəyə, millətə münasibətdə S.C.Pişəvəri Əhməd şahla Rza xanı müqayisə edir və üstünlüyü Rza xana verir.

Əgər Rza xan milli olmasaydı heç bir qəzet cürət edib şahın əleyhinə yazı yazmazdı... gələcəkdə Rza xan yaxşımı olacaq, yaxud onunla da mübarizə başlanıb, ya başlanmayacağı başqa bir məsələdir. Ancaq burada Cümhuriyyətçi tələblər Rza xanın bu məqsədindən böyük istifadə edə bilər

İrandakı vəziyyət Moskva rəhbərliyinə çatdırmaq və onların mövqeyini öyrənmək üçün Moskvaya yollanır. Çoxları ilə görüşsə də istədiyi cavabı ala bilmir. Moskva rəhbərliyinə ümidlərini itirmiş halda geriyə - Bakıya dönür.

S.C.Pişəvəri növbəti dəfə Bakıya dönərkən o təhsilini davam etdirmək istəyir. Özünün etiraf etdiyi kimi qəbul imtahanından (rus dilindən) yetərincə qiymət ala bilmədiyi üçün universitetin tələbəsi ola bilmir. Bakıda orta məktəblərdə müəllimlik edir, dövrü mətbuatda müxtəlif imzalarla məqalə və felyetonlarını çap etdirir. 1927-ci ilin payızında ailəsi ilə birlikdə, Xorasan yolu ilə İrana - Tehrana gəlir.

Həbsi

1927-ci ildə Tehrana gəldikdən sonra bir müddət işsiz qalır. Sonra Tehranın “Refahi” xiyabanında yerləĢən amerikalı bir şəxsdən 600 tümənə onun kitab mağazasını alır. İki köməkçidən əlavə Əli Şərqi adlı əvvəldən yaxşı tanıdığı şəxsi özünə satıcı qəbul edir. İki il həmin kitab mağazasını işlədir. Mağazanın gəliri yetərincə olmadığı üçün 1929-cu ildə onu Mirzə Hüseyn xan adlı şəxsə satır. Həmin ilin avqust ayında (125 tümən aylıq maaşla) Tehrandakı Sovet məktəbinə müəllim qəbul olunur. O, rus dilli siniflərə riyaziyyat, tarix, coğrafiya və fars dilini tədris edir. S.C.Pişəvəri harada işləməyindən asılı olmayaraq Rza şahın xəfiyyəsi onu gözdən qoymur. Addım-baaddım onu izləyirlər, onu həbsə almaq üçün bəhanə axtarılır. Nəhayət 1929-cu ilin dekabrın son günlərində polisin əlinə belə bir bəhanə düşdü. S.C.Pişəvəri ilə vaxtilə kitab mağazasında işləyən Əli Şərqi dövlət əleyhinə siyasi fəaliyyətdə suçlanaraq həbsə alınır. Onun sənədləri arasında S.C.Pişəvəridən və doktor Salamulla Caviddən borc aldığı pulun qəbzi (çeki) tapılır. Bu S.C.Pişəvəri ilə Əli Şərqinin əlaqəsinin olduğuna “dəlil-sübut” kimi qəbul edilir. Beləcə S.C.Pişəvəri də həbsə atılır.

Seyid Cəfər Pişəvərinin İkinci Dünya müharibəsi zamanı fəaliyyəti

İkinci dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edir. Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir. 1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da, İran irticası onun deputatlığını rədd edir. Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaratmışdır.

1945-ci ilin 3 sentyabrda Azərbaycan Demokrat Firqəsi yarandı. S.C.Pişəvəri tərəfindən Azərbaycan Demokrat Firqəsini yaratmışdır. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənni sədri seçmişdir. ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər.

 

Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranda müstəmləkəçilik siyasəti yürütmək arzusunda olan Böyük Britaniyanı narahat edirdi. Onlar birləşərək Azərbaycan milli hökumətinə siyasi blokada qurdular. 1946-cı ilin dekabr ayından mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi.

Vəfatı

1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində birinci Fəxri Xiyabandadır.

Pişəvərinin ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd olmaq, onu ictimai, dövlət xadimi kimi tanımaq üçün 1945-1946-cı illərdə Təbriz şəhərində nəşr olunan "Azərbaycan", "Azad millət", "Yeni Şərq" qəzetlərini, 1944-cü ildə Tehranda nəşr olunan "Acer" qəzetini, 1946-cı ildə Təbrizdə nəşr olunan "Qızıl səhifələr", "12 Şəhrivər", 60-cı illərdə mühacirətdə nəşr olunan "21 Azər" və "Seçilmiş əsərləri"ni oxuyub öyrənmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR