Səhiyyə Nazirliyi satınalma ilə bağlı qanunvericiliyin tələblərini pozub
Səhiyyə Nazirliyi "Dövlət satınalmaları haqqında" qanunun tələblərini yerinə yetirməyib.
“Report” bu barədə dövlət büdcəsinin dövlət əsasli vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatası tərəfindən həyata keçriilən auditin nəticələrinə istinadən xəbər verir.
Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstəriləməklə verilən razılığa istinad edilərək “Təkliflər sorğusu” və ya “Bir mənbədən satınalma” metodu tətbiq edilməklə 5 obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37 994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.
Satınalma proseduru keçirilmədən 14.04.2017-ci il tarixdə 1 halda 2 906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.
"Dövlət satınalmaları haqqında" qanunun 9-cü maddəsinin tələbinə əsasən satınalan təşkilatla malgöndərənlərin bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar yazılı formada təqdim olunmalı olduğu halda, auditlə əhatə edilən dövrdə Nazirliyin tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusunun iddiaçılara yazılı formada verilməsi və iddiaçılar tərəfindən daxil olan qiymət təklifləri müvafiq qaydada qeydiyyatdan keçirilməyib həmçinin qanunun 5-ci maddəsinin tələbinə əsasən bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməli olduğu halda, 2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.
2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.
Səhiyyə Nazirliyi üzrə 01.01.2018-ci il tarixə 24 obyekt üzrə tikintisi başa çatmamış işlərin dəyəri 121 547,6 min manat təşkil edib, 2016-2017-ci illər üzrə dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından daxil olan vəsaitlərin istifadəsi barədə bir sıra dövlət təşkilatlarına, o cümlədən İqtisadiyyat Nazirliyinə, Statistika Komitəsinə hesabat təqdim edilsə də bu məlumatlarda bəzi uyğunsuzluqlara yol verilib.
Əsaslı vəsait qoyuluşuna 2016-cı ildə 83 463,4 min manat vəsait istifadə olunsa da İqtisadiyyat Nazirliyinə təqdim olunan illik hesabatda 83 217,4 min manat, 246 min manat vəsaitin az istifadə olunması göstərilmiş, bu uyğunsuzluq Dövlət Statistika Komitəsinə təqdim olunan hesabatda da öz əksini tapıb.
Auditin nəticəsi Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunub, qərarın surəti Səhiyyə Nazirliyinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət