Səfərbərlik hazırlığı işinin təşkili yüksək səviyyədədir
Ucarda rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan yığıncaqda Dövlət himni səsləndirilib. Rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb. Qeyd edib ki, Ali Baş Komandanın müəyyən etdiyi ordu quruculuğu sahəsində dövlət siyasətinin tələb olunan səviyyədə icrasına uyğun olaraq yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Asif Nemətov şöbənin fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məruzə edib, çıxışlar olub. Qeyd edilib ki, səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin hərbi xidmətə çağırış haqqında verdiyi fərmanlar həmişə vaxtında icra olunub, çağırış tapşırıqlarına artıqlaması ilə əməl edilib.
Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Aprel döyüşləri bunu bir daha nümayiş etdirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət