Slimfit
  1. ƏDƏBİYYAT

Səadət Hacıyeva - Axadur

Səadət Hacıyeva - Axadur
Sakura

Səadət Hacıyeva - Axadur

Axadur adlı pəhləvan cüssəli, aslan ürəkli bir igid vardı. Dünyada anasından başqa kimsəsi yoxdu. Ay keçir, il dolanır. Axadur anasının təkidi ilə qonşu kənddən bir qız ilə evlənir. Qız təmizkar, səliqəli və çox ağıllı olur. Əvvəl-əvvəl günləri çox xoş keçir. Amma gəlin qaynanasını istəmədiyini hamıdan gizləyir. Qaynanasından qurtulmaq üçün çox asan bir yol seçir. Hər gün Axaduru işə yola saldıqdan sonra qaynanasının əlinə bir çatı verib meşəyə odun gətirməyə göndərir. Meşədən yorğun gələn qaynana yemək istədikdə gəlin deyir: 
– Təndir yansın, çörək yapaq, sonra yeyərsən. 
Çörək bişir, qaynana çörək istəyir.
– Al, bir az da saqqız çeynə, çörək yemək yadından çıxar.
Bir xeyli saqqız çeynəyən qaynana görür ki, yox, lap acından ölür. Gəlinə yalvarıb deyir:
– A bala, acından ölürəm axı. Bir parca çörək versən qiyamət qopmaz ki?
Gəlin bu dəfə cızıq çəkib deyir:
– Bir az da burda oyna. Axşama nə qaldı ki? Axadur gələndə hamımız birlikdə yeyərik.
Odun gətirən, saqqız çeynəyən, cızıqda oynayan qaynana lap taqətdən düşür. Axşam Axadurun yanında bir tikə yeyər-yeməz yuxuya gedir.
Bu minvalla gəlin hər gün qaynananı yavaş-yavaş taqətdən salır. Anasının get-gedə zəiflədiyini görən Axadur anasından soruşur.
– Ay ana, sənin nəyin var? Gündən-günə zəifləyirsən?
Anası deyir:
– Bilmək istəyirsənsə bir gün işə getmə, evdə gizlən, səbəbini bilərsən.
Bunu eşidən Axadur səhər işə getmək adıyla evdən çıxır. Sonra xəlvətdən gəlib yükün dalında gizlənir. Ananın gündəlik işi başlanır. Ana gəlinindən səhər yeməyi istəyir, lakin gəlin çatı (kəndir) verib deyir:
– Yemək qaçmır ki? Get odun gətir, xəmir yoğurmuşam, çörək yapacam, sonra yeyərsən. 
Ana dinməzcə çatını götürüb meşəyə yollanır. Bir vaxtdan sonra bir şələ odunla evə qayıdır. Yenə gəlindən yemək istəyir. Gəlin bir parça saqqız verib deyir:
– Çörək bişənə qədər çeynə, çörək bişəndə yeyərsən.
Ana saqqızı çeynəyir, çeynəyir, çeynəyir, çənəsi yorulur. Yenə gəlindən yemək istəyir. Gəlin bu dəfə yerdə cızıq çəkib deyir:
– Bir az da cızıqda oyna, Axadur işdən gələndə hamımız birlikdə yeyərik.
Ana cızıqda oynaya-oynaya oxumağa başlayır.

Axadur, yük dalından baxadur,
Gündə günüm belədir.
Şəftəlidən şələdir,
Saqqız verib çeynədir,
Cızıq çəkib oynadır.

Gəlin təəccüblənir və soruşur:
– Oxuduğun nədi elə?
Qaynana yenə cızıqda hoppandıqca deyir:

Axadur, yük dalından baxadur,
Gündə günüm belədir.
Şəftəlidən şələdir.
Saqqız verib çeynədir,
Cızıq çəkib oynadır.

Bütün bunları yük dalından görən Axadur ordan çıxır. Arvadını döyüb, söyüb evdən qovur. Ana-bala yenə də əvvəlki kimi mehriban yaşamağa başlayırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR