Slimfit
  1. ƏDƏBİYYAT

Sabir Rüstəmxanlının “Anama məktub” şeiri

Sabir Rüstəmxanlının “Anama məktub” şeiri
Sakura

Sabir Rüstəmxanlının “Anama məktub” şeiri

Əziz ana, nə zaman ki

Mənim işim tərs gələrdi –

Mənə yaman hirslənərdin.

Deyərdin ki, bir qulaq as,

Səndən mənə oğul olmaz.

Düşünərdim: vaxt ötüşər,

Oxuyaram, yaşa dollam.

Anam görər böyüyəndə

Ona necə oğul ollam…

İllər keçib, boy atmışam,

Yekəlmişəm, əziz ana.

Tay-tuşumun arasında

Sözü ötən bir cavanam.

Daha çatmır qulağına

Kiminləsə dalaşmışam.

Filan qızı görüm deyə

Evlərinin ətrafında

Gecəyəcən dolaşmışam.

Kitablara baş qarışıb

İtirmişəm qoyunları.

Daha çatmır qulağına

Gündə yüz cür oyunlarım.

Meşələrdə azıb qaldı

Dəcəlliyin qoşunu da.

Yaman atdım

Kitabların daşını da.

Məndən yenə gileylisən,

Ana, bu gün eşitmişəm.

İndi bildim mən əvvəllər

Necə böyük səhv etmişəm.

Bilməmişəm yaşa dolmaq,

Şair olmaq, alim olmaq

Oğul olmaq deyil hələ.

Böyüklər var bircə gün də

Heç oğulluq etməmişdir

Alimlər var anasının

Dar gününə yetməmişdir.

İndi bildim nə istedad

Nə vəzifə, nə də ki ad

Oğulluğa bəs deyilmiş.

İndi bildim dediklərin

Elə-belə söz deyilmiş.

Xəstəsənmi, yorğunsanmı,

Aydan-aya bilməmişm.

Dar günündə, tək günündə

Köməyinə gəlməmişəm.

Düz demisən sən o sözü,

Düz demisən, iki gözüm!

Eh, görünür, əzəl gündən

Analarda bəxt olmayır.

Qızlar üçün vaxt tapıram,

Sənin üçün vaxt olmayır.

Kinolara, görüşlərə,

Məclislərə, çağırışlara,

Yüz qeybətə, yüz söhbətə

Yad ellərə səyahətə

Vaxt tapıram,

Sənin üçün vaxt olmayır.

Taleyə bax övlad kimi

Xidmət üçün vaxt olmayır.

Eh, görünür, əzəl gündən

Analarda bəxt olmayır.

1965

 

Mənbə: Kult.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR