Rusiyalı ekspert: “Bakı mühüm qlobal məsələlərin həlli üçün platformadır”
“Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov ilə Tod Uoltersin simasında NATO rəhbərliyi arasında Bakıda keçiriləcək növbəti görüş ilk növbədə onu göstərir ki, aparıcı ölkələr Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün danışıqlar platforması olmasına etimad göstərir. Birmənalı etimad çox şeydən, ilk növbədə isə respublikanın neytrallığının tanınmasından və siyasi kursunun sabitliyinə hörmət olunmasından xəbər verir”.
Bunu “Report”a rusiyalı ekspert Yevgeni Mixaylov Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters arasında Bakıda keçiriləcək görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, belə görüşlərin keçirilməsi və Bakıya etimad göstərilməsi məhz Azərbaycanın bitərəfliyi və hər hansı hərbi blokda iştirak etməməsi baxımından Azərbaycanın mövqeyinin nəticəsidir.
“Son illərdə Azərbaycan dünya ictimaiyyətinə öz maraqlarını özünün qoruya bilmə qabiliyyətini sübut edib. Bu, belə səviyyədə görüşlərin təşkilini etimad edən ölkələrin qeyd-şərtsiz hörmətinə səbəb olur”, - Y.Mixaylov bildirib.
Azərbaycan sülhməramlı qüvvələrinin NATO-nun müxtəlif missiyalarında iştirakından danışan ekspert qeyd edib ki, Moskva belə addımları yalnız alqışlayır.
“Bununla Bakı dünyada baş verənlərə görə məsuliyyət yükünün bir hissəsini öz üzərinə götürür və siyasi qərarlar qəbul etməkdə müstəqilliyini göstərir. Belə ölkə ilə bərabərhüquqlu şəkildə danışmaq olar və bu, Rusiyanın ürəyincədir, çünki o, çoxdan çoxqütblü dünyanın tərəfdarıdır”, - ekspert vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət