Slimfit
  1. TƏHSİL VƏ KARYERA

"Rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir"

"Rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir"
Sakura

"Rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir"

"Son zamanlar Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır".

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, uzun illər postsovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: "Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rusdilli məktəblərə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyillərinə baxmayaraq, Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir".

Sədrin sözlərinə görə, Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır: "Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsini labüd edir".

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur: "Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər. 

Nəticə etibarilə, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir". 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR