Slimfit
  1. MEDİA

Rəyasət heyətinin növbəti iclası keçirilib

Rəyasət heyətinin növbəti iclası keçirilib
Sakura

Rəyasət heyətinin növbəti iclası keçirilib

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

İlk olaraq İctimai Elmləri Bölməsinin (İEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb. İEB-ə daxil olan institut və təşkilatlardan, eləcə də kənar elmi müəssisələrdən mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki,  hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyəti dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsasında həyata keçirilib. Alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına dair, "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə­lərinin təsdiq edilməsi haqqında" fərman və sərən­camları, eləcə də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi­nin səmə­rəl­i­liyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Döv­­lət Proqramı", "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" üzrə yerinə yetirilən işlər haqqında məlumat verib.

Mühüm elmi nəticələrə dair statistik məlumatları diqqətə çatdıran N.Axundova vurğulayıb ki, bölmə üzrə 30 problemi əhatə edən 138 mövzuda 384 mərhələdə 322 iş üzrə tədqiqatlar aparılıb, 56 mövzu üzrə 228 mərhələdə 141 iş tamamlanıb. Bölmənin elmi müəssisələri tərəfindən 2-si xaricdə olmaqla 83 kitab, 11-i xaricdə olmaqla 91 monoqrafiya, 334-ü xaricdə olmaqla 1615 məqalə, 85-i xaricdə olmaqla 270 tezis nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 38 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 582-dir.

Kadr hazırlığı haqqında da məlumat verən alim bildirib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 30, elmlər doktorluğu üzrə 6 dis­ser­tasiya işi müdafiə edilib. Hazırda bölmədə 32 doktorant və 221 dissertantın, eləcə də magistratura üzrə isə 2 nəfərin təhsil aldığını diqqətə çatdırıb.

Elmlə təhsilin inteqrasiyasından danışan N.Axundova vurğulayıb ki, hesabat ilində bölmənin bütün elmi müəssisələrində ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçiblər. Eləcə də alimlər bir sıra ali və orta təhsil müəssisələrində elmin müxtəlif sahələrinə uy­ğun məruzələrlə çıxış ediblər, nəşr olunmuş elmi əsərlər elm və təhsil müəssisələrinə göndəril­ib.

Bölmənin akademik-katibi ötən il bütün elmi müəssisələrdə beynəlxalq əlaqələrin daha da genişləndirildiyini söyləyib. Vurğulayıb ki, institut və təşkilatlar ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Polşa, Çexiya, Rusiya, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Qazaxıs­tan, Çin və digər ölkələrin elmi tədqiqat müəssisələri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrini davam etdiriblər. N.Axundova AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Fənlərarası tədqiqatların elmi-nəzəri metodalogiyasının təkmilləşdirilməsi məqsədilə yaradılmış elmi seminarın fəaliyyəti, Avropa proqramlarına qoşulmaq məqsədilə elmin prioritet istiqamətlərini nəzərə alaraq, tərəfdaş təşkilatlarla müştərək layihələrin hazırlanması, elm və təhsilin inteqrasiyası, Azərbaycan tarixinin, arxeologiyasının, iqtisadiyyatının, fəlsəfəsinin elmi problemləri üzrə impakt faktorlu jurnallarda məqalələrin çapı və digər istiqamətlərdə bir sıra tapşırıqlar verilib.

İclasda həmçinin, akademik Nərgiz Axundovaya Azərbaycan  Həmkarlar  İttifaqları Konfederasiyası tərəfindən "AHİK-in 25 illik Yubiley döş nişanı" təqdim olunub.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat da dinlənilib. Çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, he­sa­bat ilində bölmədə ölkə başçısının 21 fər­man və sərən­camı, Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 15 qərar və sərəncamı, Nax­çıvan Muxtar Respublikasının Ali Məc­li­si və Nazirlər Kabinetinin 36 fər­man, sərəncam və qərarı, AMEA-nın 16 sərəncam və qərarı icra edilib.

Mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdıran İ.Hacıyev vurğulayıb ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuda 36 iş 89 mərhələdə ye­rinə yeti­ril­ib. Hesabat ilində bölmə əməkdaşlarının 23 monoqrafiya, 15 ki­tab, 4 kitabça, 3 metodik vəsait, 555 el­mi məqalə, 213 konfrans materialı və 7 tezisi nəşr edilib. 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans ma­terialı və 3 tezis xaricdə işıq üzü görüb. İm­pakt faktorlu jurnallarda dərc olun­an elmi məqa­lə­lərin sayı isə 48-dir.

Akademik bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiq yönümlü işlərdən danışıb. Qeyd edib ki, "Şorsu" pal­çı­ğının kim­yə­­vi tər­kibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma metodikası, tex­niki şərt­­ləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırıla­raq – yaş şəkil­də və quru toz halında istifadəyə verilib. Aparılan tədqiqatlar nəticəsində Nax­çıvan Mux­tar Res­pub­likası ərazi florasında elmi təbabətdə və xalq təbabətində istifadə olunan Farma­kope­ya­ya daxil edilmiş 132 rəsmi dərman bitkisinin olduğu müəyyən edil­ib.

Elmlə təhsilin inteqrasiyasından danışan natiq nəzərə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Nax­çı­van Muxtar Respub­li­ka­sının elm, ali və orta ixtisas təhsili mü­əs­si­sələri ilə ümumtəhsil məktəbləri arasın­da əlaqələrin təşkili haqqın­da" Sərəncamına uyğun ola­raq 53 elmi dərəcəli əməkdaş Muxtar Respub­li­kanın 38 ümum­­­təhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib. Həmçinin 12 əməkdaş in­­teraktiv dər­s tədris edib ki, həmin dərsləri muxtar respublikanın məktəblərində yüzlərlə şagird dinləyib.

Məruzəçi beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fransa­, Türkiyə, Rusiya, Qazaxıs­tan­, İran və digər ölkələrin elm və təh­sil müəssisələri ilə sıx əməkdaşlıq edilib. 2 respub­li­ka səviyyəli qrant la­yi­həsinin icrasının başa çatdığını bildirən natiq 1 beynəlxalq və 1 respublika sə­viyyəli qrant layihəsinin isə icrasının davam etdirildiyini vurğulayıb.

Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm ha­di­sələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin elmi ki­tabxa­na­sında müx­­təlif elm sahələrinə aid 454 kitabın elektron variantı hazırlanıb, on­ların 319 ədədi www.e-kitab.ameanb.nmr.az elektron porta­lı­na, 135 ədə­di isə kitab­xana da­­xili şə­bə­­kə­də yerləşdirilib.

Tədbirdə kadr hazırlığından danışan İ.Hacıyev hazırda böl­mədə 16 nəfər dok­torant, 32 nəfər dissertantın elmi təd­qi­qatlarını da­vam etdirdiyini bildirib.

Təltiflər və mükafatlardan danışan natiq diqqətə çatdırıb ki, bölmə əməkdaşları tərəfindən hazırlanan "Təbii su­ların geokim­yası və Naxçıvan Muxtar Respublikasında yayıl­ma xüsu­siy­­­yət­­ləri" kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına, "Cə­miy­yət və təbiətin qarşılıq­lı əlaqəsində ekologi­ya və ətraf mühit" kitabı isə 31-ci Bey­nəlxalq Kitab Sərgi Yarmarkasında qızıl medala layiq görülüb. Eyni zamanda bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.

Məruzə dinlənidikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Bölməyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında, "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamlarının icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

 

AMEA Rəyasət  Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR