Respublika Günü münasibətilə Qırğızıstanda rəsmi qəbul keçirilib
Mayın 27-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, xarici işlər nazirinin birinci müavini Nuran Niyazaliyev, Prezident Aparatının rəsmiləri, hökumət rəsmiləri, digər yüksək vəzifəli şəxslər, Joqorku Keneşin (Parlamentin) deputatları, Qırğızstanda akkreditasiya edilmiş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, ziyalılar, diaspora nümayəndələri, KİV rəhbərləri və əməkdaşları iştirak edib.
İlk olaraq Azərbaycanın və Qırğızstanın dövlət himnləri səsləndirilib. Tədbir iştirakçılarını salamlayan Fövqəladə və Səlahiyyətli səfir Hidayət Orucov 28 May - Respublika Günü müqəddəs Ramazan ayına təsadüf etdiyini vurğuladı və bu münasiətlə onları təbrik etdi.
Səfir müsəlman dünyasının ilk demokratik parlamentli respublikası olan AXC-nin Azərbaycan xalqının və bütün müsəlman dünyasının salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Diplomat, AXC-nin – bizim milli sərvətimiz, Cümhuriyyətin yaranması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin və azadlıq mücadiləsinin nəticəsi olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, AXC-nin siyasi sisteminə, həyata keçirildiyi islahatlara, demokratik dövlət quruluşuna, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmırdı.
Qeyd edib ki, Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə oldu və hətta bu baxımdan bir sıra Avropa və Amerikanın ənənəvi demokratik dövlətlərini qabağlamışdır.
Səfir müstəqil Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi olduğunun və 101 il əvvəl olduğu kimi, torpaqlarımızın erməni təcavüzü ilə üzləşdiyi barədə ətraflı məlumat verib. Azərbaycan müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində ərazimizin 20% işğal edildiyini və 1 milyon insanın öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü ifadə etdi, işğala son qoyılması, zəbt edilmiş torpaqların qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qısa fasilələrlə dörd qətnaməni qəbul etdiyini diqqətə çatdırıb. Bundan əlavə, BMT Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələri mövcud olduğunu qeyd edib:
"Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan milli və dini dözümlülük nümunəsi olub. Multikulturalizm hal-hazırda müstəqil Azərbaycanın dövlət siyasətidir. Azərbaycan multikulturalizm modelinin dövlət siyasəti olaraq qurucusu Ulu Öndər Heydər Əliyev olub. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qlobal miqyasda həyata keçirilir. Azərbaycan multikulturalizm modelin dünya miqyasında tanınır".
Diplomat çağdaş Azərbaycanın tərəqqisindən, qitələrarası layihələrin həyata keçirilməsində iştrakından, dünya birliyində yerindən və mövqeyindən söz açıb. Ölkəmizin Qırğızstanla əlaqələrindən danışaraq bildirib ki, bizim xalqlarımız etnik və tarixi əlaqələr, mədəniyyət, adət-ənənələr və dil ilə bağlıdırlar, bu da öz növbəsində yaxın və effektiv əməkdaşlıq üçün böyük imkanlar verir. Əməkdaşlığın, iş birliyinin genişləndirilməsi və dərinləşdirilməsi Azərbaycan Respublikası Prezidenti Zati-Alileri cənab İlham Əliyev və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun siyasətinin prioritet istiqamətlərindəndir.
Səfir ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb:
"Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycanın Qırğızıstanda və bu ölkənin isə Azərbaycanda daha yaxından tanıdılması üçün müvafiq işlər aparılıb. Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri bütün sahələri əhatə etməkdədir. Son illər ərzində iqtisadiyyat və ticarət sahəsində Azərbaycan və Qırğızıstan arasında əlaqələrin genişlənməsinə baxmayaraq, əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməmiş böyük potensial var və bundan istifadə olunması vacibdir."
Xarici işlər nazirinin birinci müavini Nuran Niyazaliyev müstəqil Azərbaycan ilə Qırğızıstanın əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb.
N.Niyazaliyev ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da möhkəmləyəcəyinə əminliyini bildirərək, Azərbaycan və qırğız xalqları qardaş xalqlar olduğunu vurğulayıb. Nazir müavini iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin aktiv fəaliyyətini yüksək qiymətləndirib.
Tədbir geniş konsert proqramı ilə davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət