Rəsmi Tehran pan-erməni oyunları barədə - Qarşısını alacağıq
Avqustun 6-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində, Xankəndində pan-erməni oyunları təşkil olunacaq. Ermənistan və erməni diasporu tərəfindən iki ildən bir keçirilən idman yarışlarında məqsəd dünyada yaşayan erməniləri idman vasitəsilə bir araya toplamaqdır. Məlumata əsasən, pan-erməni oyunlarında İran da təmsil olunacaq.
İran nümayəndə heyəti oyunlara ən çox idmançı göndərən ölkələrdən biri kimi təqdim edilib. Son günlərə qədər isə iddia olunurdu ki, İran nümayəndə heyəti Azərbaycan və İran arasındakı əlaqələrə xələl gətirməmək üçün bu yarışlarda iştirak etməyəcək.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi yayılan məlumatlara aydınlıq gətirib. Diplomatik nümayəndəlikdən Oxu.Az-a bildirilib ki, səfirlik Azərbaycan Respublikasının işğal olunmuş ərazisində pan-erməni oyunları haqqında etibarlı məlumatlar almayıb:
“İran İslam Respublikasında aidiyyəti orqanlar bu xəbəri təsdiq etməyərək bildirirlər ki, İran dövləti bu addımdan xəbərdar deyil və onu dəstəkləmir. Əgər belə bir hal olsa, bu, qeyri-qanuni bir addımdır və dövlət tərəfindən icazəsi verilməyib. Ola bilsin, bu hal fərdi qaydada baş versin. İki ölkə arasında dostluq əlaqələrini nəzərə alaraq, səfirlik iranlı idmançıların fərdi qaydada olsa belə, bu oyunlarda iştirakının qarşısını almaq üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, oyunlara 5 min erməninin qatılacağı gözlənilir. Onların arasında ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstraliya və İranda yaşayan ermənilər var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət