Slimfit
  1. İDMAN

Rekord sayda xarici jurnalist, "Qarabağ"ın qələbə ümidi

Rekord sayda xarici jurnalist, "Qarabağ"ın qələbə ümidi
Sakura

Rekord sayda xarici jurnalist, "Qarabağ"ın qələbə ümidi

"Bura bu gün səhər saatlarında Kiyevdən təyyarə ilə cəmi 4 nəfər gəlmişdi. İndi də axşam vaxtı sizi qarşılayırıq".

Bunu Avropa Liqasının IV turunda Ukrayna "Vorskla"sı ilə keçirəcəyi oyun üçün Poltavaya "Qarabağ"la birgə yollanan "Report"un əməkdaşına Poltava hava limanının işçilərindən biri deyir. Yenidən qurulduqdan sonra ilk dəfə bu il avqustun 18-də beynəlxalq reys qəbul etmiş aeroportda təyyarədən enən sərnişinləri daşımağa şatl (avtobus) belə yox idi. Aeroport əməkdaşları açıq havada düzülərək, "Qarabağ"ı gətirən çarter reysli təyyarəni gözləyirdilər. Hava gəmisindən yerə enənlər bir neçə yüz metr piyada yol qət etməli olurdular. Baqajlar isə texniki vasitə ilə yox, əllə gətirilərək, ayrıca otağa yığılacaqdı. Bütün bunlar isə vaxt tələb edirdi. Bir sözlə, Poltava hava limanındakı ölü sükutu "Qarabağ"ın gəlişi pozmuşdu. Hə, bir də çöldə komandanı gözləyən bir qrup azərbaycanlı azarkeş...

 

 

Onlar heyət üzvlərini qarşılamağa Ukrayna səfirliyinin və Poltava diasporluğunun təşkilatçılığı ilə gəlmişdilər. Yanlarında səfirliyin nümayəndəsi də var idi. Azərbaycan və Ukrayna bayraqları ilə "silahlanmış" azarkeşlər çölə çıxan hər bir futbolçunu alqışlayır, ona mənəvi dəstək olurdular. Hətta fanatlar komanda üzvləri otelə doğru yola düzəldikdən sonra avtobusu polis avtomobili ilə bərabər öndə müşayiət etdilər. Komandanı qarşılayanlar təkcə azarkeşlər deyildilər.

Onlarla yanaşı, yerli telekalların əməkdaşları və hətta "Vorskla"nın mətbuat attaşesi Andrey İvanov da var idi. Həmkarlarımızı qarşılamada iştirak edən fanatlardan əlavə, Poltavaya 21 azərbaycanlı jurnalistin gətirilməsi də yaxşı mənada heyrətləndirmişdi. Onlar ilk dəfə idi ki, bir komanda ilə bu qədər media nümayəndəsinin gəlişini görürdülər, yəni, rekord idi.

 

 

Poltavada bizim üçün gözlənilməzlik isə Bakıdakı yağışlardan fərqli olaraq, axşamlar nisbətən şaxtalı, gündüzlər isə isti hava idi. Buna ertəsi gün səhər saatlarında Poltava vilayətinin mərkəzi şəhərindən təqribən 100 km aralıdakı Kremençuqa yollanarkən də şahidlik etdim. Məqsəd Kremençuq Avtomobil Zavodundan (Avto-KrAZ) reportaj hazırlamaq idi. 1998-ci ildən özəlləşdirilmiş zavodun baş direktoru "Vorskla"nın prezidenti Roman Çernyak, sahibi isə klubun fəxri prezidenti Konstantin Jevaqodur. Ekskursiya zamanı zavodun rəhbər vəzifələrindən birində çalışan əslən azərbaycanlı Yavər Gəncimovla tanış oldum. Gəncimov təkcə zavod barədə deyil, azərbaycanlıların Poltava vilayətindəki rolundan da danışdı. Zavodda gördüklərim məndə inanılmaz təəssüratlar yaratdı və bu barədə, ayrıca reportajım olacaq. Həmyerlilərimizə gəldikdə, vaxtilə Kremençuqun meri və klubun sahibi əslən azərbaycanlı Oleq Babayev olub. 2010-cu ildə bu vəzifəyə seçilmiş Babayevin şəhərin inkişafında böyük xidmətləri olub. O, yeni yollar salıb, nizam-intizam yaradıb. Bu islahatları qəbul etmək istəməyən və qeyri-qanuni yolla varlanmaq niyyətində olan yerli telekanalın rəhbər şəxslərindən biri Babayevin 2014-cü ildə - 49 yaşında ikən qətlə yetirilməsini sifariş edib. İndi mərhumun adına vaxtilə saldırdığı parkların birində abidə ucaldılıb.

Onun adı yalnız Kremençuqda deyil, "Vorskla" klubunda da hörmətlə anılır. Təsadüfi deyil ki, "Vorskla" klubunun ev oyunlarını keçirdiyi Aleksey Butovski adına stadionun tribunalarından birində Babayevin şəkli vurulub. Kremençuq şəhərində SOCAR yanacaqdoldurma məntəqəsinə də rast gəlmək mümkündür. Bu, şəhərin mərkəzi hissələrindən birində yerləşir. Taksi sürücüsü deyir ki, bu şirkətin yanacağı keyfiyyətli, yüksək alıcılıq qabiliyyətinə malikdir.

 

 

Lakin azərbaycanlıların daha çox məskunlaşdığı şəhər Poltavadır. Bu yaxınlarda şəhərdə diaspora təşkilatı da fəaliyyətə başlayıb. Kompakt yaşadıqları əksər yerlərdə olduğu kimi, burada da həmyerlilərimiz ticarətlə məşğuldurlar. Onların arasında restoranları olanlar da var. Elşən Vəliyev isə Poltavadakı fəxri konsuldur. O, "Qarabağ"ın oyunöncəsi məşqini izləməyə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə birgə gəlmişdi. Klub rəhbərliyi hər iki şəxsə "Qarabağ" formaları hədiyyə etdi. Onlar isə öz növbəsində, şəhərdən yarım saatlıq məsafədəki dəbdəbəli restoranda ziyafət təşkil etdilər. Ziyafət zamanı soydaşlarımızın oyuna marağından da bəhs olundu və görüşü kifayət qədər azərbaycanlı azarkeşin izləyəcəyi bildirildi.

Poltava vilayətində də Ukraynanın digər şəhərlərindəki kimi yollar yaxşı vəziyyətdə deyil. Xüsusən, şəhərlərarası yolların durumu xoş təsir bağışlamır. Düzdür, Kremençuqa gedərkən, bəzi hissələrdə təmir işlərinin aparıldığına şahid oldum. Amma ümumi mənzərə Ukrayna kimi böyük dövlət adına başucalığı gətirmir. Bunun bəlkə də əsas səbəbi ölkənin hərbi münaqişə ilə üzləşməsidir. Konflikt nəticəsində Rusiya ilə iqtisadi əlaqələrdə də problemlər yaranıb. Bununla belə, insanlar Rusiyaya qarşı aqressiv münasibətdədirlər, Donets və Luqanskda qondarma "respublika"ların yaradılmasında bu ölkənin rolunu vurğulayırlar. ""Toyuq oğruları"nı gətirib Donetskdə yaratdıqları qondarma qurumun başına özləri qoymuşdular, özləri də öldürdülər. Bizim ordu isə münaqişə bölgəsində mövqelərini xeyli möhkəmləndirib. Artıq Donetskin özündə də belə vəziyyətin yaxşı bir şey vəd etmədiyini anlayırlar. Sadəcə, Rusiya əlini çəkmir ki, torpaqlarımızı da qaytaraq" deyə Kremençuqa gedərkən taksidə oturan digər sərnişinlər bildirdilər.

 

 

Ağır çətinliklər insanların bir hissəsini xaricə üz tutmağa məcbur edib. Buna Ukrayna vətəndaşları üçün Şengen ölkələrinə giriş-çıxışdakı maneələrin aradan qaldırılmasıdır. "Mənim 5 qonşumdan 3-ü ailəsi ilə birgə xaricə köçüb, evləri isə boş qalıb. Biri ilə əlaqə saxlamışdım, deyir ki, Ukraynada qazandığımın iki qatını Polşada verirlər. Hara qayıdıram?". Bunu isə taksi sürücüsü dedi.

"Vorskla" - "Qarabağ" oyununun keçiriləcəyi stadion da köhnədir. 67 yaşlı arenada çoxdandır təmir işləri aparılmır. Bununla belə, ot örtüyü ideal vəziyyətdədir.

Artıq oyuna saatlar qalıb. "Qarabağ" Poltavaya ilk xal, ilk qol dalınca gəlib. Amma ilk qələbəyə də ümidlər böyükdür. Bunu komandanın eyni rəqiblə ikinci görüşündə birincisindən daha yaxşı təsir bağışlamasına dair nümunələr də təsdiqləyir. "Vorskla" isə nəinki asanlıqla təslim olmaq niyyətindədir, hətta növbəti qələbəyə köklənib. Çünki budəfəki qələbə komandanın növbəti mərhələyə vəsiqə şanslarını artıracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR