Ramin Quluzadə: "Azərbaycanın bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib"
“Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib”.
"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
"Bu teleqüllə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımını və dayanıqlı mobil rabitəni təmin edir. Quraşdırılmış 2 ədəd rəqəmli verici Bakı Teleqüllə Kompleksində istismar olunan TV vericilərin alternativliyini təmin etməklə, Bakı şəhəri və Abşeron yarımadasını dövlət, ictimai və özəl TV proqramlarının yayımını həyata keçirir. Eyni zamanda, Alternativ Radio Televiziya Yayım Stansiyası (RTYS) yeni quraşdırılmış 2 ədəd FM verici “Respublika” və “İctimai” radioproqramlarının alternativ yayımı, eləcə də, mobil operatorlara məxsus avadanlıqlar vasitəsilə mobil rabitə təmin olunur", - nazir qeyd edib.
O həmçinin xatırladıb ki, keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycanın bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib: “Bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət