Qubanın Küpçal kəndinin sakinləri 3 ildir susuzdur
Quba rayonunun Küpçal kəndinin əhalisi 3 ildir ki, içməli və suvarma suyun olmamasında əziyyət çəkirlər.
Kənd sakinlər "Report"un Şimal bürosuna bildiriblər ki, son 3 ilə qədər 7 il ərzində rayonun Üçgün kəndindən gələn sudan istifadə etsələr də həmin kənddə sonradan su qıtlığı yaranması səbəbindən qonşu kənd sakinləri tərəfindən suyun verilməsi dayandırılıb. Kənd sakinləri bildiriblər ki, kəndə içməli və suvarma suyunun çəkilməsi üçün rayon rəhbərliyinə müraciət etsələr də heç bir fayda verməyib.
Həmçinin, kənd sakinləri əlavə olaraq bildirib ki, kəndin heyvanları da dəfələrlə susuzluqdan tələf olub.
Qeyd edək ki, əhalisi 800 nəfərdən artıq olan Küpçal kəndində 140 fərdi təsərrüfat var.
Küpçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev "Report"un yerli bürosuna bildirib ki, yeni layihə əsasında Uzunmeşə kəndi ərazisindən diametri 160 mm olan boru kəməri vasitəsilə 3 kəndə - Üçgün, Küpçal və Dağlı kəndlərində inşa olunacaq su anbarlarına su çəkiləcək.
"Report"un Şimal bürosunun müxbiri Aydın Adıgözəlovun bu barədə hazırladığı videoreportajı təqdim edirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət