“Qualcomm”: “5G” şəbəkəsini dəstəkləyən ilk smartfonlar ilin sonunadək buraxılacaq”
“Qualcomm” şirkətinin baş vitse-prezidenti Durqa Prasad Malladi “Economic Times” nəşrinə müsahibədə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonların nə vaxt işıq üzü görəcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, onun sözlərinə görə, bir sıra istehsalçılar “5G” qurğularını cari ilin sonunadək təqdim etmək niyyətindədir. Belə qurğuların buraxılışı, çox güman, 2018-ci ilin sonuna yaxın – beşinci nəsil kommersiya şəbəkələrinin ilk seqmentləri istifadəyə verildikdən sonra baş tutacaq.
“Qualcomm” vitse-prezidenti qeyd edib ki, hazırda ilk “5G” şəbəkələrində məlumatların maksimal ötürmə sürəti ilə bağlı məsələ həll edilir: söhbət 1-4,5 Qbit/saniyə diapazonundan gedir. Böyük ehtimalla seçim 2 və ya 4 Qbit/saniyə göstəricisinin xeyrinə həll olunacaq.
Beləliklə, ilk “5G” şəbəkə abunəçiləri nəzəri baxımdan məlumatları 4 Qbit/saniyə sürətində yükləyə biləcəklər. Lakin praktikada bu göstəricinin ilkin vaxtlarda nisbətən zəif olacağı gözlənilir.
Ötən ilin oktyabrında “Qualcomm” şirkəti tərəfindən “5G” şəbəkəsini dəstəkləyən qabaqcıl “Snapdragon X50” modemi təqdim olunub. Onun vasitəsilə məlumatları 4,5 Qbit/saniyə sürətində ötürmək mümkün olub. “Snapdragon X50” modemindən “ASUS”, “HMD Global”, “HTC”, “LG”, “OPPO”, “Sony Mobile”, “Vivo”, “Xiaomi”, “ZTE” və s. kimi şirkətlər istifadə etmək niyyətindədir.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət