1962-ci ildə çəkilmiş filmdə Kvazimodo (Quasimodo) rolunu Oscar mükafatçısı Anthony Hopkins ifa edib
Notre-Dame kilsəsi dünyanın ən simvolik binalarından biridir, bu kilsəni görməyə gələnlərin sayı ildə 13 milyondan çox olub.
Aprelin 15-də yanmış kilsə səkkiz əsrlik tarixi boyu insanları sənət əsərləri yaratmağa ilhamlandırıb.
Ola bilsin ki, bu kilsənin adı çəkilən ən məşhur əsər 1831-ci ildə Viktor Hüqonun (Victor Hugo) yaratdığı "Notrdam kilsəsinin qozbeli" əsəridir. Bu roman fransızlara "Paris, Notre-Dame Kilsəsi" (Notre-Dame de Paris) kimi tanışdır.
Kitabda Notre-Dame kilsəsinin zənglərinə baxan Kvazimodo (Quasimodo) adlı qozbel insandan bəhs edilir.
Sevgi və ağrı
Kitabda 15-ci əsrdə, kral Louis XI-in hökmranlığı dövründə Parisdə baş verən hadisələr haqqında danışılır.
Hadisələr Esmeralda adlı gözəl qadın ətrafında inkişaf edir - onu bir çox kişilər sevir, o cümlədən, Notre-Dame kilsəsinin arxidyakonu Claude Frollo.
Frollo Quasimodo-ya qadını oğurlayıb ona gətirməyi əmr edir.
Lakin kral Louis-in oxatanlar dəstəsinin kapitanı Phoebus de Châteaupers qozbeli tutur.
Quasimodo camaat qarşısında qamçılanır, ona işgəncə verilir, Esmeraldanın isə ona yazığı gəlir.
Kapitan Phoebus da Esmeraldanın vurğunu olur və Frollo onu öldürməyə çalışır - lakin sonda bu cəhddə Esmeralda ittiham olunur.
Quasimodo Esmeraldanı müdafiə etməyə çalışır, çünki o da ona vurulub, lakin son nəticədə, Esmeralda dar ağacından asılır.
Qəzəb və ağrı içində Quasimodo Frollo-nu Notre-Dame qüllələrinin birindən yerə atır.
Kitabın sonunda deyilir ki, Esmeraldanın qəbrində iki skelet aşkar edilib: bir qadın skeleti və onu qucaqlayan qozbel insanın skeleti.
Victor Hugo-nun kitabı əsasında kinofilmlər, teatr tamaşaları, operettalar və hətta 1996-cı ildə Disney studiyasında cizgi filmi də çəkilib.
Quasimodo-nun gerçək prototipi olubmu?
Bəzi tarixçilər hesab edir ki, Quasimodo-nun gerçəkdən prototipi olub.
2010-cu ildə tədqiqatçılar 19-cu əsrdə Notre-Dame kilsəsində çalışmış britaniyalı heykəltəraş Henry Sibson-un əlyazmalarını təhlil edərkən aşkar ediblər ki, onunla yanaşı orada bir qozbel insan da çalışıb.
"Cənab Trajan-la tanış oldum, çox ləyaqətli insandır, - Sibson öz əlyazmalarında qeyd edib. - O, hökumət üçün işləyən heykəltaraşdır və qozbeli var".
Victor Hugo-nun Trajan-dan Quasimodo üçün prototip kimi istifadə etdiyi və ya onu tanıyıb-tanımadığı məlum deyil.
Lakin onun yaratdığı obrazın Notre Dame kilsəsini xilas etdiyi məlumdur.
Tarixçilərə görə, 1163-1345 illər arası tikilən kilsə Hugo-nun kitabı dərc edilən dövrdə təmir olunmaz vəziyyətə düşmüşdü.
Victor Hugo-nun kitabının populyarlığı kilsəyə ictimai marağı xeyli artırmış oldu.
Kitab işıq üzü görəndən 10 il sonra, 1841-ci ildə Fransa Eugène Viollet-le-Duc və Jean-Baptiste Lassus adlı iki memara Notre-Dame kilsəsinin bərpasını tapşırdı.
Görülən işlər siyahısına daş üzlüyüynün təzələnməsi, heykəllərin bərpası, binanın içərisində köməkçi otaqların bərpası, pəncərə şüşələrinin təzələnməsi, binanın arxitekturasına qarqoylların əlavə edilməsi - bütün bu işlərin görülməsinə 23 il vaxt sərf olundu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət